Загрузка...

Belə situasiyalarda ağrımasan olmur. Günlərdir deyimmi, deməyimmi deyə düşünürəm. Məncə, söyülüb, təhqir olunası olsa belə, kimsə desin artıq.

Həmkarım Aida Eyvazlının aprel şəhidlərindən bəhs edən kitabının təqdimat mərasimində idim. Bir qədər yubandığımdan arxa sıralarda oturdum ki, önə keçmək üçün kimsəni narahat etməyim. Az sonra ASAN könüllüləri qara geyinmiş bir qadını yanımda əyləşdirdilər. Qara geyimindən, ağ saçından bəlli idi şəhid anası olduğu. Titrəyirdi. Əlini tutdum, o da sakitcə qarşılıq verib susdu. Şəhidlər haqda video çarx göstəriləndə, adları çəkiləndə, sakitcə, hıçqıra-hıçqıra ağlayırdı. Mən də ona qoşulmuşdum. Birdən qayıtdı ki, su, su istəyirəm! Vəziyyəti yaxşı deyildi. Nəzarətçilər plastik stəkanda su gətirdilər. İçdi, sakitləşdi. Necə axı, necə kömək eləyim deyə düşünə-düşünə baxıram hərdən yanımdakı şəhid anasına. Əlindən qabı aldım. Həmin tədbirin sonuna qədər qurtum-qurtum su içdi o qadın. Yavaşca soruşdum ki, kimin anasısınız? Dedi Elmidarın, neftçalalı Elmidarın.

Hə, vəziyyət belədir. Onlar şəhid oldular. Ata-analarını bütün ölkəyə tanıtdılar. Dövlət ailələrinə kompensasiya verdi. Çünki çoxu həm də ailəsini dolandıran əsgər və zabitlər idi. Amma adam bilmir bu ailələrə daha necə təsəlli versin. Hara fırlansa onlar həm də atəşkəs şəhididirlər!.. Bu həmin o atəşkəsdir ki, daha ciddi “müharibələr” var hər günündə…

… Bəzi şəhid ailələrinin davranışını görəndə qalırsan ki, nə deyəsən axı?! İstəyirsən bərkdən hayqırıb deyəsən ki, olmaz, vallah, billah, bizi yaradana, o şəhidin axan qanına and olsun, olmaz!.. Amma olur! Eləyirər! Sən də məcbur olursan yazasan. Çünki adamlar bu məsələlərə çox həssasdır!..

Bir neçə gündür sosial şəbəklərdə aprel savaşlarında Zərdabdan şəhid düşən Nurlan Abdullazadənin valideynlərindən yazırlar. Daha doğrusu, ailənin Zərdabın icra başçısı ilə beş yüz manatlıq davasından. Pul, pul, pul!.. Hər şeyin yerinə qoyulanda, hər şeyi bitirən şeydir o həm də…

Nurlan haqqında ən az yazılan şəhid idi. Həmyerlisi və jurnalist olduğum üçün bu mənə toxunurdu. Niyə mən yazmayım axı?!.. Ailəsində oldum, nənəsi, əmisi, əmisinin ailəsi, ana-atası ilə söhbət etdim. Reportaj hazırladım. Bir şəhid haqqında nə düşünürdüm, nə müşahidə eləmişdimsə hamısını yazdım. Hətta anasının səhhəti problemli olduğu üçün onun xidməti çantasını açmamışdılar. Gedib onu da açdım əllərimlə. İstədim bilim, bir kəşfiyyatçı nə qədər səliqəlidir. Axı belə deyirlər, ən dəqiq və ən səliqəli xidmət adamlarıdır kəşfiyyatçılar. Baxdım, qeydlərini oxudum, ağladım. O oğlanın kimliyi, tərbiyəsi və səliqəsi əşyalarının çantadakı yığılışından bəlli idi. Bir daha əmin olursan ki, şəhidlər fərqli, seçilmiş olurlar…

…Uzaqlaşmayaq, atəşkəs dövrünün ən təhlükəli “bombası” puldan danışırdıq. Nurlanın sadəlövh ata-anasının qohumlarına gəlməzdən öncə Zərdabın icra başçısından deyim sizə, Lütvəli müəllimdən. Göydən zənbillə düşən başçılarından deyil. Ümumiyyətlə, Azərbaycanda belə icra başçısı yoxdur. Ovuc içi boyda Zərdabda gördüyüm, anladığım və “belə olmaya da bilər” deyə düşündüyüm məsələlər son dərəcə çoxdur. Bütün digər bölgələrdə olduğu kimi. Nə isə bu ayrı məsələdir. Amma dəqiq bildiyim bir şey var. Demək olar ki, rayona gələn hər rəsmi adam o şəhidin ailəsinə baş çəkib.

Qaldı məlum pul məsələsinə. Bu ailənin yox, qohumların yerli dövlət qurumları və bir-biri ilə davasıdır. Şəhid adı və ailəsi sadəcə vasitədir. Artıq məqam o məqamdır ki, narazılığın səbəbini bir balaca izah edək. Çünki məlumatı oxuyan sıravi vətəndaşlar onsuz da ağır yaşantılarına bir də belə bir probem əlavə etməsinlər. Məsələ bu ki, ailədə sadə dillə desək şəhidin qanpulu ilə bağlı anlaşılmazlıq var. Ata-ana sakit, səssiz, bir az da qətiyyəti olmayan adamlardır. Ata qohumları deyir, Nurlanın yarımçıq evini tikək, ana qohumları deyir, yox, ayrı iş görək. Bir də qanunidir, ya yox, fərq eləməz, yerli dövlət qurumlarından nə gəldi tələb eləmək, hədələmək məsələləri də var işin içində. Xüsusən ana qohumları tərəfindən. Məntiqlə ata qohumları haqsız deyil. Çünki yarımçıq qalan ev şəhidin arzusudur. Özü başlayıb, amma tikib bitirə bilmədiyi yarımtikili də var həyətdə. Həm da valideynlər rahat yaşaya bilər, daha yaxşı şəraitləri olar. Amma olmur, anlaşa bilmirlər, başçıı ilə davaya çıxırlar hər şeyin üstündə. Yəni anlayacağınız durum budur: söy ki, söyəsən, urvatsız elə ki, eləyəsən. Hə, bir də nə qədər bacarırsan, istifadə elə.

Bu çox xırda bir işarədir. Detallı yazı deyil. O detallarda çoxlu xoş olmayan məqamlar var. Adam şəhidin adı ilə bir sırada çəkməyə utanır. O üzdən əzizlər, belə şeyləri rəsmi adamların, dövlətin ayağına yazıb da mediaya çıxmaq, insanların duyğularıyla oynamaq olmaz. Bu o şəhidə hörmətsizlikdir. Bu nəhəng bir ayıbdır, balaya qarşı. Bu sui-istifadədir sənə verilən toxunulmazlıq hüququndan. Əminəm ki, sözügedən kompenasiyalarla bağlı bu birinci olay da deyil. Amma heç olmasa onlar bu qədərini edib ictimailəşdirmirlər məsələni.

O oğul canını qurban verib, sizin üçün nəsə qazanıb. Ailənizə nufuz, cibinizə pul gətirib. Siz də qarşılıq verin, özünüzə dur deməyi bacarın. Nəfsinizə lənət oxuyun. Sadəlövh adamlardan yararlanmayın. Nəyin üstündə nə istədiyinizə diqqət edin, lütfən. Heç olmasa topaq olan o şəhidin xatırinə…

…Qaldı o qadına, şəhid Elmidarın anasına, su gətirilən plastik stəkana. Orda elə bildim zibil qutusuna atsam şəhid oğlu küsər. Əl çantama qoyub evə gətirdim. Yerə qoysam Elmidarın ruhu narahat olar deyə düşündüm. Hələ də durur. Demək istədiyim odur ki, bəlkə boyu böyüdüyü evin tavanından uca olan şəhidimin, Nurlanın da ruhu bu yazıdan narahat olacaq.

Üzr üstəyirəm, həm də dönə-dönə. Bunu kimsə deməli idi, Nurlan, mütləq deməli idi ki, bəlkə sənin ruhun da rahatlıq tapa artıq…