“Bir dəfə Ernest Rezerford radium elementinin parçalanmasını tələbələrə nümayiş etdirir. Ekran gah qaralır, gah işıqlanır. Rezerford deyir: ”İndi siz görürsünüz ki, heç nə görünmür. Bəs niyə heç nə görünmür, indi siz bunu görəcəksiniz”.
(“Fiziklər zarafat edir” kitabından)
2003-cü ildə fizika üzrə Nobel ödülünü alan üç nəfərdən biri görkəmli alim Vitali Ginzburq olmuşdu. Ona bu ödülü çox aşağı temperaturda yüksək elektrik keçiriciliyi sahəsində araşdırmalarına görə vermişdilər. (Mənfi 200 neçəsə dərəcədə maye heliumun içindən keçən elektronlara heç zad mane ola bilmirmiş – nəsə bu temada bir elmdir. Doğrusu, bundan bir zad qanmadığımı yazıqcasına etiraf eləməliyəm, çünki mənim aləmimdə fiziklər dünyanın Tanrısı, fizikanı oxumayanlar isə bədbəxt insanlardır). Ginzburq Nobel nitqində belə zarafat eləmişdi ki, onun fizikanın bu sahəsinə marağının kökündə həyat şəraiti durubdur: “1943-cü ildə Kazanda laboratoriyamız olduqca soyuq olurdu, donurduq, mən də mənfi temperaturda keçiriciliyi araşdırmaq qərarına gəldim”.
Bu yaxında, 2018-ci ilin 14 martında ölən başqa dünya şöhrətli alim, fizik, kosmoloq Stiven Hokinq də yüksək yumor hissi ilə tanınırdı. Baxmayaraq düçar olduğu əlacsız xəstəlik – yan amiotrofik skleroz – üzündən yalnız bir barmağının ucunu tərpədə bilirdi, hətta danışmaq qabiliyyətini də itirmişdi. Sözgəlişi, Hokinq-in həyatı insana Qərbdə və Şərqdə qoyulan hörmətin fərqini də göstərir. Təsəvvür edin, Hokinq hardasa bizim tərəflərdə doğulaydı və elə bir xəstəliyə tutulaydı. Ona nəinki kreslo tapılacaqdı, elmi araşdırmalarına şərait qurulacaqdı, əksinə, kimsəyə lazım olmayan yataq xəstəsinə çevriləcəkdi. Ən yaxşı halda hansısa dələduzlar onun şəklini “Seyid Stiven ağa” adıyla kütləvi çap edib, avtobus şoferlərinə sırıyacaqdılar, onlar da böyründən “Allah qorusun”, ya da “Arxamca baxma, vəfasız” şüarını yapışdıracaqdılar. Uzun sözün qısası, Hokinqin yumor hissi haqda çoxlu əhvalatlar danışırlar. Deyirlər bir dəfə o, alim Kip Torn-la qara dəliklər temasında hansısa elmi mərcə giriblər, udana isə… “Penthauz” erotik jurnalının illik abunəsi hədiyyə olunacaqmış.
Albert Eynşteynin 72 yaşında çəkdirdiyi, dünyanın ən məşhur fotolarından birinə çevrilmiş fotonu – dilini çıxardan alimi yəqin görməyən insan tapılmaz. İsaak Nyutonu zor-xoş Britaniya parlamentinə deputat qoyublarmış, o isə cəmi bir dəfə sədrdən söz alıb, deyib: “Pəncərəni bağlayın, yaman soyuq yel əsir”. Nils Bor, Ernest Rezerford və başqaları haqda da belə məzəli əhvalatlar vardır.
Bunları niyə yazıram? Sadəcə, son günlər bir alimi-biəməlimizin adının gündəmə təhqir temasında gəlməsi məni düşündürdü ki, görəsən bizim alimlərin niyə yumor hissi zəifdir?
Niyə onları cırnatmaq, özündən çıxartmaq bu qədər asandır? Örnək üçün, nə qədər fikirləşdimsə, Azad Mirzəcanzadə və Ziya Bünyadovdan başqa yumordan anlayan alimimiz yadıma düşmədi. Azad müəllimin yumor hissindən bir əhvalat: deyir, bir gün Sərdar Cəlaloğlu yazdığı kitabı aparır Azad müəllimə. Azad müəllim kitabın istifadə edilən ədəbiyyat siyahısına baxıb, deyir, doğrudanmı bunun hamısını oxumusan. Sərdar bəy təsdiqləyir. Bu zaman Azad müəllim deyir ki, sənə birbaşa elmlər doktoru adı düşür, namizədsiz-zadsız. Sonrakı gün Sərdar bəy elmi adının ardıyca Ali Attestasiya İdarəsinə gedəndə (Azad müəllim oranın şefi idi və elmi ad üçün daraşan iqtidar parazitlərinin qabağını xeyli illər almışdı) deyir: “Bilirsən, hökumətdən dedilər ki, əgər Sərdar bəyə doktor adı versən, gərək bizdən də bir neçə adama doktor adı verəsən. Sən də yəqin istəməzsən mən belə çirkin işə qol qoyum”.
Ziya Bünyadovun parlamentin spikeri ilə məzələnməsi də yaxın tariximizin məlum faktlarındandır.
Məncə səbəb indiki alimlərimizin uydurma alimlər olmasıdır. Həqiqi alim adamda intellektual səviyyə də yüksəlir, intellekti yüksək olan adamın isə adətən güclü yumor hissi olur. Həm özünə, həm başqalarına ironik yanaşmaqdan çəkinmir, maddi dünya maraqları, “birdən bunu eləsəm, mənə gülərlər” kimi düşüncələr ona vız gəlir.
Eynşteyn dilini çıxarıb foto çəkdirirdi, bizim alimlər isə dillərini yaltaqlanmaq üçün çıxarırlar.