Qızın olsa adını qoy Güləş, sponsoru MOK olsun
Uşaqlara qoyulan adlar teması çoxdandır ortaya atılmırdı, dünən təzələndi, sevindik. Deyir, dövlət tərəfindən uşağa qoyulmasına icazə verilən adlar siyahısına Güləş, Gürzəbəyim, Xəyalət, Halik kimi gözəlliklər əlavə edilmişdir. Məncə, qıza Güləş adı qoyulmasına yaşıl işıq yanıbsa, oğlana da Sambo, Cüdo, Yunan-roma güləşi (əgər üçəm doğum baş versə) adlarının qoyulması məqsədəuyğun sayılmalıdır. O cümlədən Gürzəbəyim qız adı olacaqsa, gender bərabərliyi tələb edir ki, Pitonqulu, Atakonda, İlan oğlan adlarımıza da icazə verilsin. Bəlkə axırıncı yekəlib İlon Mask kimi işlər görəcəkdir? Sözgəlişi, srağagün ürəyimiz dağa dönmüşdü, soydaşımız olan səydəş bir qadın ABŞ-da “Yutub”un ofisini gülləbaran edib dünya şöhrətimizi bir qədər artırmışdı. Doğrudur, Güney Azərbaycan ləhcəsində danışırdı, ancaq nə dəxli, əsas odur bizim qan bacımızdır. Biz indi gərək bütün dünyada nə qədər azərbaycanlı varsa onları tapıb birləşək, Azərbaycan həqiqətlərini yayaq, lobbi düzəldək, ermənilərin ağzını cıraq. Hələ ki Kim Kardaşyan məsələsində ermənilərə uduzuruq, ümidvaram tezliklə bu sferada da nəsə bir nəticə ortaya qoyarıq. Sponsorlarımız zəif işləyirlər.
Əlbəttə, üç-dörd gündən sonra seçkilərin olması qətiyyən bizi düşündürmür. Biz ictimai həyata, dövlət siyasətinə, hakimiyyət temasına hardasa televeriliş kimi baxırıq. Serial kimi. Bu gün siyasətçi aktyorlar bir-birini necə söydülər, kim daha yaxşı soyunur, kimin mitinqi balaca, kimin MDB reytinqi (bu bizdə İMDb kino reytinqinin siyasi-geopolitik alternatividir, Putinin adamı nə cür qəbul eləməsini göstərir) yüksəkdir, hansı aktyor-deputatın qonorarı nə qədərdir – biz bunları müzakirə edirik. Öz aramızda. Orda-burda, dükan-bazarda, çayxana və avtobuslarda, yasxana və toyxanalarda, quşxana və xaşxanalarda “Azərbaycanda həyat” serialının növbəti bölümünü danışıb dağılışırıq. Qətiyyən fikirləşmirik ki, bu söyüşən aktyorlar, bu deyişən siyasətçilər, bu irişən aparıcılar əslində bizim həyatımızı, nəinki bizim, gələcək nəsillərimizin də həyatını məhv eləməklə məşğuldurlar.
Haşiyə çıxaraq, “gələcək nəsillər” ifadəsindəki zırıltı pafosa görə hörmətli oxuculardan üzr istəyirəm. Əslində belə ifadələrdən zəhləm gedir. Adətən insanları insan kimi yaşamağa qoymayan rejimlər “gələcək nəsil”, “ulu babalarımız”, “ana südü”, nə bilim, “dağ çiçəyi” kimi söhbətlərin arxasında gizlənirlər. Gözəl afyorizmlərdən birində deyilən kimi: “Əgər ölkəyə səndən nəsə lazımdırsa, o özünü Vətən adlandırır, yox, sən ondan nəsə umsan, dövlətə çevrilir”. Bunun başqa variantı var, o da xüsusən indiki aprel ayında aktualdır: “Dövlət vətəndaşlarını öldürməyə başlayanda, həmişə özünü Vətən adlandırır”.
Bayıl yamacında sürüşməni ölçən aparat quraşdırılır, camaat aparatı oğurlayır. Görəsən, onu oğurlayıb nə eləmək mümkündür? Özəl sürüşmə sektorumuz da varmı? Ya metal qırıntısı kimi satacaqlar? Hərçənd oğrudan oğruya halaldır prinsipi də bizim milli devizlərimizdən biridir. O alimlər, icra hakimiyyəti, Nazirlər Kabineti də xalqdan oğurlayıb aparatı almışdılar. Hamının oğru olduğu, bir-birindən kəsdiyi, bir-biri qarşısında gözükölgəli və günahkar olduğu ölkəni fırlatmaq çox ASAN olmalıdır. Bayraq dirəyi ucaldılır, ancaq onun üstündə bayrağı heç 5 gün ardıcıl görmək uca millətə müyəssər olmur. Baş nazirin müavini Alabala müəllim açıqlayır: “Bəlkə də dirək qoyulanda nəsə səhvə yol verilib”. Bah. Elə dirəyi qoyanın biri sən deyildinmi? Dəmir yolunun müdiri danışır, bu da deyir, qatarları məndən qabaq pis günə qoyublar. Hələ yaxşıdır AXC-Müsavat cütlüyünün üzərinə atmır. Bəlkə də atır – davamlı izləmirəm. Serial sevmirəm.
Heç olmazsa bu arada Beynəlxalq Avtovağzalın bir yeni funksiyası ortaya çıxdı. Millət oradan özünü atmağın əsasını qoymuşdur. Təzə intihar obyektimiz var, daha nə lazımdır? Avtovağzal kimi yarımadıq, intihar vağzalı kimi yarıyarıq. Qız qalasını şüşəbəndə, Koroğlu körpüsünü polis bəndinə salın, biz də yeni bir şey fikirləşərik. Köhnə bir telepersonajın dediyi kimi, çətini ölənəcəndir, sonra hər şey yağ kimi gedir.