O gün bir tədbirdə kimsə dedi, yadımda qaldı. İfadə beləydi ki, bu ölkədə yalnız jurnalistlər, onların adlarını batıran həmkarlarını pisləyir, qalan heç bir peşə sahibi belə şey eləmir.
Çox doğrudur. Şəxsən mən görməmişəm ki, həkimlər bir-birini pisləsinlər, qınasınlar, “bu ölkədə normal səhiyyə yoxdur” desinlər. Məsələn, olur ki, hansısa həkimin əlindən xəta çıxır, səhlənkarlıq edir, pasiyent ya ölür, ya da şikəst olur, xəstə yiyələri hay-küy salır, həkimin təqsirkar olduğunu iddia edirlər. Ancaq heç bir həkim ortaya çıxıb öz həmkarını savadsızlıqda, tamahkarlıqda, səriştəsizlikdə günahlandırmır, əksinə, müdafiəsinə qalxır, onun “əslində yaxşı adam, savadlı mütəxəssis olduğunu” bildirir.
Olur ki, polisin əlindən xəta çıxır, hətta elə bir xəta ki, adamı sistemdən qovurlar, yenə onun heç bir həmkarı nəinki mediada, heç ictimaiyyət arasında da öz həmkarını qınamır. Yenə əksinə, xeyirdə-şərdə həmin adamdan və hadisədən söhbət düşəndə deyirlər ki, “pis oğlan deyildi, işə düşdü”.
İdmançılar da elədir. Olub ki, bir gənc idmançıya layiq olmayan hərəkətlər edib, məsələn, sağlamlıq üçün parkda qaçan bir qadını izləyib, əlverişli yerdə kolluğa çəkib zorlayıb, öldürüb, tutulub, amma yenə onun həmkarları ağır cinayət törətmiş şəxsi qınamayıb, yerdən-yerə vurmayıblar. Tam tərsi olub. Günü bu gün də onu müdafiə edənlər, “pis oğlan deyildi” deyənlər, hətta günahı zorlanıb-öldürülən qadında axtaranlar var: “Namuslu qadın gecə vaxtı qaçışa çıxmaz”-filan. Hələ “düyə-kələ” münasibətlərinə dair atalar sözünü işlədən yüzlərlə başqalarını demirəm.
Müəllimlər də bir-birini əsasən müdafiə edirlər. Hətta müəllimlər haqqında ümumiləşdirilmiş fikir yazan birinə müəllimlərlə yanaşı, onların övladları da cavab verirlər. Elə çıxır ki, ölkədə bütün müəllimlər yaxşıdır, savadsız və tamahkar müəllim yoxdur.
Taksi və “KamAZ” sürücülərinin bir-birini müdafiə etməsini Allah göstərməsin. Onların belə hallarda “adə, bizimkiləri döyürlər” deyə “atvyorka” və “lom”a (bu sözlərin düzgün yazılışlarını bilirəm: otvertka və ling) qaçdıqları olur.
Məmurlar bir-birinə çıxsalar da, heç vaxt məmuriyyətə söz dedirtməzlər, elə qələmə verərlər ki, onlar olmasa millət idarəolunmaz hala gələr, camaat başsız qalar. Heç hansısa məmurun əlində rüşvət tutulan başqa bir məmuru pislədiyini, “vurduğu”nu gördünüzmü? Mən görmüşəm, belə şeylər yalnız yuxarılardan sifariş və tələb olanda baş verir, başqa vaxt – olmaz. Əksinə, məmurların bir-birinə işləri düşəndə məsələni daha az pulla həll edərlər – həmkarlıq, həmrəylik, həmrənglik başqa şeydir.
Ticarətçilər bir-birindən alver edərkən hansı sözlərdən istifadə etdiklərini bilirsinizmi? Mən çox görmüşəm. Belə deyirlər: “Biz də bazar adamıyıq, bir az ucuz elə”; “Hamıya 100 manata, mənə də? Özüm də bazarda işləyirəm, 80 verəcəm”; “Vallah, bunu hamıya 50 manatdan satmışam, görürəm, bazar adamısan, sən 40-dan götür” və s. və i.a. Yəni onlar “bazar adamı” olmayanların hamısına nəyisə baha sırıya bilərlər, amma özlərinə bunu etməzlər. Bu da həmkarlığın bazar etüdləridir.
Daha kimləri deyim? Bir sözlə, hamı eyni cürdür: heç kim öz çalışdığı sferanın zəhmətkeşlərini pisləmir, qınamır, üzünə durmur, ictimai müzakirəyə çıxarmır.
Yalnız jurnalistlərdir ki, bir-birinin səhvlərini, bir-birinin əskik işlərini, qəbahətlərini, başlarına gələn pis işləri yazır, yayır, dilə-dişə salır, ictimai müzakirəyə çıxarırlar. Reketlər məsələsi də o xanədəndir. Deyək ki, onlar əslində jurnalist adından sui-istifadə edənlərdir, peşəmizin ad-sanına xələl gətirilər. Bəs reket olmayanların ictimai dava-şavasının, savaşının, şivəninin adı nədir?
Üç aydan sonra 255 jurnalistə ev verilməsinin ili tamam olacaq, həkimlər, müəllimlər, ticarətçilər, ictimaiyyət nümayəndələri ev alanları söyüb-yamanlayıb, qınayıb qurtarıblar, amma jurnalistlər “o məşum hadisə”ni unudulmağa qoymurlar.
Bir bu deyil, o gün bir akademik jurnalistləri təhqir edib, bir xeyli jurnalist məqalə və status yazıb ki, akademik düz eləyib.
Bəli, bizim başqa peşə sahiblərindən fərqimiz budur.
Bu sözləri yazmaqla həmkarlarımızı qınamıram, əslində belə də olmalıdır, yersiz həmkarlıq həmrəyliyi səfeh şeydir, sadəcə, barıtı az eləmək lazımdır ki, alov əlimizi-qolumuzu, qaşımızı-başımızı qarsmasın.