Ermənistan İsraildəki səfirini dəyişdi. Əvvəlki səfir Armen Melkonyanı başqa bir Armen əvəzlədi, budəfəki Smbatyandır. Təhsilinə fortepianodan başlayan Smbatyan uzun müddət İrəvanın Rusiyada təmsil edir, son illərdə Ermənistan prezidentinin məsləhətçisi işləyib.
Göründüyü kimi, İrəvan Təl-Əvivlə münasibətlərə olduqca ciddi önəm verir və buraya sıradan bir diplomatı səfir yollamır. 2007-ci ildə həmkarı Polad Bülbüloğlu ilə birgə Bakı-Şuşa-İrəvan marşrutu üzrə səfər edən Smbatyan diplomatiya, münaqişə məsələlərində də kifayət qədər “bişmiş” birisidir.
Bu arada qeyd edək ki, Sərkisyan ölkəsi üçün vazkeçilməz müttəfiq olan Fransadakı səfiri də əvəzləyib. Bu ölkəyə Hasmik Dolmacyan göndərilib. Serj Sərkisyan həm də prezidentliyinin son həftəsində öz kadrlarını səfirliklərdə yerləşdirməklə məşğuldur, sonra lazım olar deyə. Ancaq təkcə budurmu məqsəd?
İsraildəki səfir məhz aprel döyüşlərinin ildönümü ərəfəsində əvəzləndi. Hakimiyyətinin ən böyük uğursuzluğu və məğlubiyyəti olan Serj Sərkisyan həmin döyüşləri ölənədək unutmayacaq. İşğalçı ölkə həmin döyüşlərdən sonra absurda gedərək, hətta Təl-Əvivə nota da vermişdi, Azərbaycanın İsrail istehsalı olan dronlardan istifadəsinə görə… Ermənistan aprel savaşında İsrail mütəxəssislərinin iştirakı iddiasını irəli sürdü, Təl-Əvivdən Azərbaycana silah satmamağı tələb etdi. Bütün cəhdlər boşa çıxdı. Azərbaycanı strateji müttəfiq kimi olduqca yüksək qiymətləndirən İsrail dövləti daha müasir silahların real alıcısı ilə əməkdaşlığa üstünlük verdiyini nümayiş etdirdi, işğalçı, ac-yalavac, ianə hesabına yaşayan rus köləsinə deyil.
Erməni deputat Qaqik Minasyan Təl-Əviv səfərindən sonra etiraf etmişdi ki, istədiklərini ala bilməyiblər. İsrailin müdafiə naziri Liberman açıq şəkildə “biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və erməni ordusunun Dağlıq Qarabağı işğal etməsinə qarşıyıq” deyib onu pərt eləmişdi. Ardınca İsrail parlamenti saxta “erməni soyqırımı”nı tanımaqdan imtina etdi.
Hətta Azərbaycanın qardaş Türkiyə ilə eyni mövqedən çıxış etməsinə, Şərqi Qüdsü Fələstin paytaxtı kimi tanımasına rəğmən, İsrail Bakının bölgədəki rolunu yüksək qiymətləndirib də, onunla əlaqələrə xələl gətirəcək addım atmadı.
Lakin göründüyü kimi, Ermənistan yeni cəhdlər göstərməkdədir və münasibətlərdə revanş əldə etməyə çalışır. Eyni zamanda son təyinatı keçmiş səfirin cəzalandırılması kimi də qiymətləndirmək olar. Baş nazir olmaq istəyən Sərkisyan həm də demək istəyir ki, apreldə başlarına od yağdıran “yaşıl əjdaha”ların Bakıya satılmasına görə “suç keçisi” keçmiş səfirdir…
Ümumilikdə düşmən uğursuzluqlarına rəğmən İsraillə əlaqələrə xüsusi önəm verir. Bu isə yenidən Azərbaycanın İsraillə əlaqələrini gündəmə gətirir. Bakı və Təl-Əviv münasibətlərindən danışarkən səfirlik məsələsi istər-istəməz yada düşür.
Aprelin 9-da Azərbaycan və İsrail arasındakı diplomatik əlaqələrin 26-cı ildönümü tamam olacaq. İsrail müstəqilliyimizi elan etdiyimizdən iki ay sonra – 1991-ci ilin 25 dekabrında bizi müstəqil dövlət olaraq tanıyıb! İndi bu ölkədə səfirliyimizin olmaması istər-istəməz suallar yaradır. Dostluq qrupunun rəhbəri Yevda Abramov özü də etiraf edir ki, vaxtaşırı ortaya çətinliklər çıxır, səfirin olmaması səbəbindən. Bu mənada İsraildə səfirliyin açılması artıq zərurətə çevrilib.
Ola bilsin bəziləri yeni mərhələyə adlamış Azərbaycan-İran münasibətlərini xatırladıb “indi yeri deyil” desin. Necə ki, illər boyu İsraildə səfirlik aça bilməməyimizə əsas əngəl kimi İran amili göstərilib. Ancaq gərək İran Ermənistana qapılarını çoxdan bağlayaydı. Di gəl, Tehran bir dəfə də olsun ermənilərə “İsraildə niyə səfiriniz var” iradını tutmayıb. Biz İsrail ordusunu Qarabağa çağırmırıq ki, səfirlik açırıq da.
Odur ki, “bu gün tezdirsə, sabah gec ola bilər” prinsipi ilə hərəkət etməyimiz zəruridir. İranla normal münasibətlərin olduğunu Həsən Ruhaninin Bakı səfərində də görürük. Ermənistan iki müsəlman qonşunun münasibətlərini poza bilmədi. Üstəlik, Bakı İrana yarım milyard kredit ayırdı. Deməli, Tehranla yüksək əməkdaşlıq şəraitində İsraillə də yarımçıq qalmış işlərimizi başa çatdırmaq üçün unikal imkan yaranıb. İran bunu anlayışla və reallıq olaraq qarşılayacaq. Tehranın bəhanələrini kəsmək üçünsə…İran vətəndaşlarının Azərbaycana vizasız gəlişi barədə qərar vermək, balans yaratmaq olar.