Загрузка...

Lənkəranda minik və yük avtomobilləri toqquşub, dəhşətli qəzada 6 nəfər ölüb.

Hadisə Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin ərazidə “Shacman” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik maşını toqquşub. Nəticədə üçü qadın və üçü kişi olmaqla 6 nəfər Ləj kənd sakinləri ölüb. Bir azyaşlı oğlan və yük maşınının sürücüsü isə xəsarət alıb.

Ölən və yaralananların şəxsiyyətləri də müəyyənləşdirilib. Ölənlər Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanovadır. Onlar bir ailənin üzvləri və yaxın qohumlardır. Ölənlərin hamısı minik maşınının sərnişinləridir. Yaralılar və ölən şəxslərin meyitləri Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Yük maşınının sürücüsü, Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Natiq Cəfərov və 7 yaşlı Ülvi Aslanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ölümlə nəticələnən digər yol qəzasi isə Şəmkir şəhərində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Liba Niftəliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.