Gözlənilən idi. Türkiyənin Suriyada terrorçulara qarşı əməliyyatlarda uğurları artdıqca antitürk çevrələri yasa batır. Kimin kim olduğu indi apaydın ortadadır. Maskalar yırtılıb, “buynuzlar”ı daha gizləmək olmur.
“Avropa ölkələri YPG-yə kömək etməlidir, yoxsa Türkiyə bölgədə qüdrətini artıracaq”. Fransanın nüfuzlu nəşri “Le Fiqaro”nun iki gün öncəki məqaləsindəndir bu sitat. “Şərqdəki dostlarına (oxu: kürd terrorçularına – Z.S.) xəyanət edən Qərb” başlıqlı həmin yazıda Türkiyənin qarşısının alınmasının vacibliyi vurğulanır və “Avropa ölkələri artıq nəsə etməlidir, çünki Türkiyə getdikcə güclənir” çağırışı yer alır.
Beləcə, “qoca qitə” yüz illərdir Türkiyə kabusundan qurtula bilmir. 60 ilə yaxındır qardaş ölkənin Avropa Birliyinin qapısı ağzında gözlədilməsinin tək səbəbi də elə bu – qüdrətli, “ipə-sapa yatmayan” Türkiyə. Halbuki, iqtisadi, demokratik göstəriciləri ondan qat-qat aşağı olan Şərqi Avropa ölkələri (Bolqarıstan, Macarıstan, Rumıniya və s.) çoxdan Birliyin üzvüdür.
Türkiyəni isə bu müddətdə ha çalışdılar “əl dövləti”nə çevirib quruma qəbul eləsinlər, alınmadı. Bu, mümkün də deyildi. Çünki aslandan ev heyvanı çıxmaz. Əksinə, Türkiyə 60 il öncəkindən də qüdrətlidir. Demək, Avropa Birliyinə üzvlük Ankara üçün daha əlçatmaz olacaq.
Lakin səni arzulamayan yerə getməyə, üzvlük üçün qapıda gözləməyə, xahiş-minnətə, alçalmağa dəyərmi? Ümumiyyətlə, Türkiyəyə onun üzvlüyündən xoşhal olmayan bir qurum lazımdırmı, əgər onun özü faktiki, Avropa Birliyi kimi indi bir güc mərkəzidirsə?
O gün nüfuzlu əcnəbi geosiyasət uzmanlarından biri müsahibəsində demişdi ki, 2030-cu il üçün dünyada 5-6 supergüc mövcud olacaq ki, onlardan biri də Türkiyə olacaq. Proses başlayıb. Üstəlik, bu müddətdə qardaş ölkənin nüvə dövlətinə çevrilmə ehtimalı var. Bu il inşasına başlanacaq Akkuyu AES-i məhz qarşıdakı 10 il üçün nəzərdə tutulub. Bir neçə gün qabaq isə Türkiyə özünün uzaq mənzilli ballistik raketlərini uğurla sınaqdan çıxardı…
Türkiyənin bölgədə regional gücdən qlobal supergücə çevrilməsi bizim üçün əlbəttə ki, fəxarətdir, erməniyə göz dağıdır. Türkiyənin gücü Azərbaycanın gücüdür şəksiz ki. Türkiyə bizim bənzərsiz qürur yerimiz, vuran əlimizdir. Qardaş ölkənin uğurları sözsüz ki, həm də Azərbaycanın aktivinə yazılır, bizim əlimizi gücləndirir, Qarabağı bizə yaxınlaşdırır, özünə inamımızı, işğalçı üzərində qələbəyə inamımızı artırır. Eyni dərəcədə işğalçı erməniləri ruhdan salır, ümidsiz edir. Həm də o səbəbdən ki, güclü və qüdrətli Türkiyənin Ermənistanın ağası Rusiyaya təsir imkanları artır.
Demək, “Türkiyəni durdurun” söyləyənlər Azərbaycanın dostu, simsarı, tərəfdaşı ola bilməz! “Qoymayın, Türkiyə qüdrətlənir” deyə aləmə car çəkənlər, təlaş keçirənlər Azərbaycanın da qüdrətlənməsini istəməyənlərdir! Türkiyəni sevməyən Azərbaycanı sevməz və Qarabağ məsələsində ədalətli, qərəzsiz vasitəçi ola bilməz! Necə ki, işğalçı Ermənistanı “kiçik bacı” sayan Fransa ola bilmir. Əks məntiq də doğru: işğalçı Ermənistanın dostu Azərbaycanın da dostu ola bilməz.
Söz düşmüşkən, İran prezidenti Həsən Ruhani dünən Bakıda bəyan elədi ki, “Azərbaycanın təhlükəsizliyi və suverenliyi bizim təhlükəsizliyimiz və suverenliyimizdir”. Xub. Ancaq bu sözlərin səmimiliyinə axıra kimi inana bilmirsən – İran-Ermənistan dostluğu qoymur.
Amma eyni sözləri Türkiyə rəsmiləri deyəndə, “Qarabağ dərdi Türkiyənin də dərdidir” söyləyəndə zərrəcə şəkk eləmirik. Ona görə yox ki, bir millət-iki dövlətik. O səbəbə ki, Türkiyə öz sözünün ağasıdır – Ermənistanla sərhədini, qapılarını 30 ildir bağlı saxlayır, ta ki, Qarabağ ixtilafı ədalətli həllini tapanacan.
Keşkə, ondansa Ruhani Bakıda “Ermənistan işğalçıdır” söyləydi. Söyləyə biləydi. Bu, bizim üçün kifayət idi…
Sözümüzün canı odur ki, siyasət də dini inanc kimidir: əsas əməldir. “Dostunu göstər, deyim kimsən”. Bu məsəl qonşuluq münasibətlərindəki səmimiyyəti ölçmək üçün də qüsursuz lakmus sayıla bilər…