Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman açıq sözlü, cürətli, eyni zamanda diplomatiya-filan bilməyən adamdır. O, vəliəhd elan olunduğu, fövqəladə səlahiyyətlər qazandığı gündən bu günə qədər verdiyi qərarlarda, açıqlamalarda belə bir adam olduğunu təkrar-təkrar göstərib.
Əvvəlcə əmisi uşaqlarını kütləvi şəkildə damlatdıran vəliəhd-şahzadə onları milyardlarına görə incitdiyini gizlətmədi, pullarını aldı, buraxdı.
Daha sonra o, illərdən bəri öz aralarında örtülü-örtülü qazan qaynadan Səudiyyə Ərəbistanı və Türkiyənin gerçək münasibətlərinin nədən ibarət olduğunu açıqladı, Türkiyəni düşmən elan etdi.
Ardınca gündən-günə sərtləşən şəriət rejiminin yumşaldılacağına dəlalət edən addımlar atdı, qadınlara bəzi hüquqlar tanınmasına dair yeniliklər etdi.
Dünyada müxtəsər şəkildə MbS adlandırılan bu adam Amerika Birləşmiş Ştatlarının yanında olduğunu, regionda İranı və Türkiyəni öz dövlətinə rəqib, hətta düşmən saydığını gizlətmir.
Vəliəhdin gizlətmədiyi daha başqa mətləblər var.
Onlardan biri də Səudiyyə Ərəbistanının rəsmi dövlət din-məzhəbi olan sələfiliyin, daha konkret desək, vəhhabiliyin ABŞ-ın tələbi ilə Sovet İttifaqında, hazırkı postsovet məkanında yayılmasıdır.
MBS bunu “Vaşinqton Post”a müsahibəsində deyib və böyük etirafdır.
Vəhhabiliyi postsovet məkanında, xüsusilə də ölkəmizdə kimin yaydığı bizə sirr deyildi. Bu, lap əvvəldən bəlliydi. Siyasətdə, din-məzhəb aləmində təsadüfi şeylər olmur.
Tısbağa işıq dirəyinin başındadırsa, “bu ora necə çıxıb” deyə uzun-uzun düşünmək əbləhlikdir. Ona ora bir qoyan var, əl-əlbət.
Biz də hələ 20 il öncədən ölkəmizdə şiddətlə yayılan vəhhabizmin hansı dövlətlər tərəfindən həm maliyyə baxımından, həm də ideoloji kadrlar sarıdan dəstəkləndiyini bilirdik, yazırdıq.
Amma məşhur atalar məsəli var: “Tutulmayan oğru, xandan, bəydən doğru”.
Bir halda ki, vəliəhd-şahzadə özü də etiraf etdi, demək, məsələyə tam aydınlıq gəlib.
Bəli, lap əvvəlində vəhhabilik bir ingilis layihəsi olaraq Türkiyəyə qarşı düşünülmüşdüsə, Osmanlı imperiyasının süqutuna səbəb olmuşdusa, eyni kartdan daha bir böyük dövlətə – Rusiyaya qarşı istifadə edilməsi anlaşılandır.
Düzdür, SSRİ-nin dağılmasında bu təriqətin yayılmasının elə bir rolu olmadı, amma Rusiyanın başına sarınan kələf əngəli çox böyük və dolaşıq idi.
Məsələn, Çeçenistandakı milli-azadlıq hərəkatı qısa müddətdən sonra dini ekstremistlərin nəzarətinə keçmişdi, mücahidlər vəhhabilik müstəvisində birləşərək cihad etdiklərini düşünürdülər. Eyni proses Dağıstanda da başlamışdı, yarımçıq qaldı.
Ölkəmizə ən ciddi dini ekstemizm sızıntısı da elə şimal sərhədlərimizdən olmuşdu. Ən güclü vəhhabilik ocaqları şimal rayonlarımızda idi.
Bundan başqa, bu, döyüşkən təriqət Orta Asiya respublikalarında da geniş arealda təşkilatlana bilib.
İndi məlum olur ki, bütün bu proseslər heç də öz-özünə, yaxud da hansısa bir qeyri-hökumət təşkilatının, ekstremist qruplaşmanın təşəbbüsü və dəstəyi ilə getmirmiş, bu prosesin arxasında dünyanən ən varlı ölkələrindən ikisi dayanırmış – ABŞ və Səudiyyə Ərəbistanı.
Şiə məzhəbinə tapınanların əhalinin böyük əksəriyyətini təşkil etdiyi ölkədə vəhhabiliyin birdən-birə bu qədər çiçəklənməsi, yayılması böyük maliyyə resursları olmadan baş tuta bilməzdi.
Bu heç də əhalinin təbii şəkildə, aram-aram “dinə, imana gəlməsi” ilə deyildi, bu məsələyə böyük pullar qarışmasa, dini baxımdan ölkəmizdə bugünkü vəziyyət yaranmazdı.
Əslində şiəliyi hakim məzhəb statusuna qaldırmaq istəyən dövlət də dinc durmurdu, o da ölkəmizdəki tərəfdarlar və təəssübkeşlər korpusunu gücləndirirdi.
Anlaşılan budur ki, illərlə ölkəmizdə Səudiyyə Ərəbistanı və İranın gizli savaşı gedib. Hər dövlət özünə sadiq olan qüvvələri təşkilatlandırıb və maliyyələşdirib.
Durumun necə təhlükəli olduğu göz önündədir. Əgər o iki dövlət öz aralarında hansısa savaşa girişsəydilər (məsələn, Yəməndəki kimi), belə çıxır ki, onlara rəğbət bəsləyən vətəndaşlarımız da burda bir-birilə savaşmağa başlayacaqdılar.
Yaxşı ki, dövlət bu məsələni zamanında öz nəzarəti altına götürə bildi. Ancaq bu, tam olaraq deyil, problemlər qalır və nə qədər ki, ərəb və fars millətçiliyini din pərdəsi altında yaymaq istəyən qüdrətli dövlətlər var və bu siyasi xətti davam etdirməkdə israrlıdırlar, problem həll olunmuş sayılmaz.
Elə vəliəhd şahzadə də deyir ki, indi vəhhabiliyin yayılması Səudiyyə hökuməti tərəfindən deyil, ona tabe olan vəqflər tərəfindən maliyyələşdirilir.
Nə fərqi var ki? Pulu verən musiqini sifariş edir.
Demək, ehtiyatı əldən vermək olmaz.