Загрузка...

İstənilən seçkidə diqqət cəlb etmək, elektoratdan səs almaq üçün seçicilərə gərək yaxşı-yaxşı, orijinal-orijinal vədlər verəsən.

Vəd verməyənə, səs verməzlər – qayda budur.

Çox vəd verəndən də quşqulanırlar, elə bilirlər, yalançıdır.

Heç vəd verməyəni namizəd yerinə saymırlar, deyirlər, bunun ağzı qatıq kəsmir, desin də, desin, görək fikri nədir, gəlib nə edəcək.

Fantastik vəd verən namizədə inanmırlar, deyirlər, havayı söhbətdir. Məsələn, namizədin biri çıxıb desə ki, mandat alsa atom bombası qayıracaq, yaxud kosmosa öz kosmik gəmimizi buraxdıracaq, ona inanmazlar.

Amma namizəd desə ki, hər doğulan körpənin adına bank hesabı açılacaq və dərhal ora 10 min manat pul qoyulacaq, camaat bunu ciddiyə alar və türkün sözü, həmən çalışmalara başlayar. Vallahi, seçilən yeni prezidentin hakimiyyətinin bir ili tamam olmamış ölkədə demoqrafik partlayış olar.

Çünki bu real vəddir, güc çatan şeydir. Yoxsa milli kosmik raketimiz göyə buraxılsın, ya buraxılmasın, təyyarədaşıyan esminetslər alacağıq, ya almayacağıq, bundan kimə nə.

Qoy bu barədə yekə ölkələrin prezidentliyə namizədləri danışsın. Belə vədlər orda keçərli olar. Sən bizə dükan-bazardan danış, hər kəsə müftə-müsəlləm 10, 20, 50 min manat pul bağışlamaqdan danış, al səsini.

O vaxt (müsəlmanın o vaxtı – 25 il qabaq) Nizami Süleymanov susüzən aparatlar icad etdiyini və onları xaricə sataraq qazandığı pulla hər doğulan uşağın bank hesabına pul qoyacağını, hər yeni evlənən cütlüyə ev, mebel bağışlayacağını vəd etmişdi, getdi, 33 faiz səs aldı.

Düzdür, bəzən özü və tərəfdarları, ən çox da Elçibəyin əleyhdarları deyirdilər ki, guya Nizami müəllim 65 faiz səs alıb, amma onlar yalan deyir, mən özüm bir məntəqədə onun aldığı səsləri oturub bircə-bircə saymışam, 350 səs almışdı, bu da 33 faiz edirdi. Sonradan respublika üzrə də eyni göstərici çıxdı.

Əslində bu, böyük göstəriciydi. Prinsipcə, o, bizim, hər evdə 3-4 ali təhsilli adam olan, hər şeyə skeptikcəsinə baxan, “quş” buraxanlara eyzən lağlağı edən kəndimizdən bu qədər səs almamalıydı. Hiss olunurdu ki, mərhum akademikin verdiyi böyük, konkret və şirin vədlər öz rolunu oynayıb.

Bəli, vədlər konkret olmalıdır. Ərşdən-gürşdən danışmaq lazım deyil. Konkret olaraq deməlisən ki, seçilsən, xalqın cibinə 5 manat girəcək, yoxsa yox. “Xalq yüksək rifah içində yaşayacaq” deyirsənsə, üz çevirəcəklər. Rifah-filan boş söhbətdir. Konkret danış, pul, iş, alver olacaqmı? Dükan-bazarda bolluq və ucuzluq təşkil edəcəksənmi?

Bax, budur, prezidentliyə namizədlərdən biri yarımkonkret vəd verib, deyib ki, o hakimiyyətə gəlsə, Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınların problemini həll edəcək.

Düzdür, burada konkretlik məsələsi yarıbayarıdır, amma biz stəkana dolu tərəfindən baxaq. Buna da şükür.

Namizəd demək istəyir ki, elə bir model tətbiq edəcək ki, ərsiz xanım qalmayacaq. Bu, əlbəttə, həm savab işdir, həm də, açığı, o qədər də, oxumuş adamların sözü olmasın, irreal məsələ deyil.

Söhbət yəqin ki, çoxarvadlılığın qanuniləşdirilməsindən gedir. Namizədimizin dediyi islam modeli yalnız bu ola bilər.

Buna isə, bildiyimiz kimi, Şərq-müsəlman ölkəsi olan Azərbaycanda tərəfdar çıxanlar çox olacaq. Yəni namizədə təkcə ailə qurmamış xanımlar yox, çoxlu sayda ikinci, üçüncü dəfə ailə qurmaq istəyən, bundan ötrü lazımi qanununun qüvvəyə minməsini arzulayan kişilər də səs verə bilər. Həm də kütləvi şəkildə.

İntəhası, bu məsələnin minus tərəfi də var. Çoxarvadlılıq tərəfdarı olan kişilərin arvadları bu ideyaya qarşı çıxacaq, belə bir vəd verən namizədə qarşı əks-təbliğata başlayacaqlar. Bu isə balans yaradacaq. Yəni namizədin ideyası tərəfdar topladığı qədər də əleyhdar kütləsi ilə üzləşəcək.

Bəlkə də indi bir az tezdir, təşəbbüs qəfil oldu deyə çox populyar olmadı, amma and içərəm ki, növbəti seçkidə hansı namizəd belə bir vəd versə, ən azı seçki ikinciliyini özü üçün təmin edəcək.

39-42 paralellərdə ta qədimdən bəri “eşqdir mehrabı uca göylərin” məsələsi çox aktualdır, hətta düzünə qalsa, “eşqsiz, ey dünya nədir dəyərin” sualı da ritorikdir.

İrəli, qardaşlar, 16-cı əsrə doğru inamla irəli.