Загрузка...

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ərəfəsində BBC-nin İrəvan müxbiri Aleksey Manvelyanın Ermənistan paytaxtında azərbaycanlı axtarışına çıxması heç də təsadüfə oxşamadı. Niyə məhz indi və niyə azərbaycanlılar?..

Müsəlman qonşumuzun işğalçı Ermənistana verdiyi dəstək, bu ölkə üçün “nəfəslik” rolunu oynaması acı bir reallıqdır. Bu, nəhəng ölkədə yaşayan farslar, ermənilərlə yanaşı, milli şüuru inkişaf etməyən bəzi soydaşlarımızın da Qarabağı illərdir tapdaq altında saxlayan düşmən ölkəyə səfərlər etməsi təəccüb doğurmur. Amma Gəncə ermənisi Manvelyanın öz reportajını azərbaycanlılar üzərində qurması həm də məkrin nümayişi idi. Özü də o azərbaycanlılar efirə deyirlər ki, “bilsələr azərbaycanlıyıq, qibləmizi aşırarlar”. Ehtiyat edən heç danışmazdı…

İranda yaşayan milyonlarla soydaşımız içərisində də hələ erməni məkrindən və işğalından, hətta 100 il əvvəl erməni daşnaklarının elə Güneydə on minlərlə azərbaycanlını soyqırıma məruz qoymasından bixəbərlər var. Belələri üçün Ermənistan ucuz əyləncə yerindən başqa bir şey deyil. Amma o da istisna deyil ki, bəzi azərbaycanlılar İrəvana həm də İrəvan xanlığının mərkəzi olaraq səfər edir, bu torpağı öz dədə-baba yurdu sayır. Ancaq onlar Ermənistana səfər etməklə işğalçı ölkəyə yatırım qoyduqlarının fərqində olmurlar, bu, pis haldır.

Bu da var ki, İrandakı bəzi dairələr vətəndaşları Ermənistana səfərlər etməyə yönəldirlər, təbliğat aparırlar. Azərbaycanın düşmənləri hər zaman iş başındadırlar. Vaxtaşırı rəsmi mediada azərbaycanlıları təhqir etmirlərmi? Elə bizim ölkəmizdən xaricə sığınıb, sonra ermənilərin “havasına oynayan”lar yoxdurmu? Güneydə də var və olacaq. Belələri erməni ilə qucaqlaşırsa, onlar 35 milyonun səsi deyil.

Xüsusilə də hazırda İran-Azərbaycan münasibətlərində çox mühüm bir mərhələ yaşanır. Astara-Astara dəmiryolu xəttinin açılış mərasimi keçirilir, həmçinin Astara-Rəşt dəmir yolu xəttinin çəkilməsi üçün yeni sənəd imzalanır. Bu işlərə kənardan baxan erməninin “İrəvandakı azərbaycanlılar” araşdırması həm də bu məkrə xidmət edir.

Novruz tətilində hər addımda güneyli bacı-qardaşlarımıza rast gəldik. İçərişəhərdə söhbətləşdiyim satıcılar deyirdilər ki, bu dəfə İrandan gələn turistlər dəfələrlə çoxdur. Baxmayaraq ki, dünyanın sərt sanksiyaları ilə illərdir üz-üzə qalan soydaşlarımız üçün Azərbaycandakı qiymətlər heç də münasib deyil. Bu sayda azərbaycanlı İrəvana getsə, ermənilər ayaq altında qalardı.

Ermənilər havadarlarının köməyi ilə imkan düşdükcə Azərbaycana dost olan dövlətlərlə də bizim aramızda təfriqə salmağa çalışıblar. İndi də “azərbaycanlı-azərbaycanlı konflikti” salmaq, Quzeyi Güneydən incik düşürmək istəyirlər. Düşmən anlayır ki, bizim aramıza nifaq salsa, xilas olacaq. Beş-üç azərbaycanlının İrəvana səfəri bizim qardaşlıq sevgimizə xələl gətirə bilməz, bunu dost-düşmən də bilsin! Bir də ki, elə bizim aramızda da “beşinci kolon”un nümayəndələri, erməni ilə qardaşlıq arzusuna düşənlər var, onların mövqeyi bizim ümumi münasibətimizi ifadə etmir. Necə ki, Güney Azərbaycan türkləri “Savaşa başlayın, gəlib Qarabağımız üçün döyüşək, şəhid olaq!” deyirlər.

Maksimum ehtiyatlı olaq, həm də güneyli bacı-qardaşlarımızı incidəcək hərəkətlərə yol verməyək. Məsələn, bu xəbərlər yayılandan sonra Azərbaycan sevdalısı olan bir güneyli qardaşımızla danışdım. Bakını o qədər sevir ki, Alov qüllələrinin fotosunu böyüdüb iş yerindən asıb. Bax, o qardaşımız deyir Novruzda ailəliklə Quzeyə gələn on minlərlə güneylidən biri olub. Amma sərhəddə bürokratik əngəllə üzləşib, vizanın olmasından da gileylidir, Bakıdakı “əl yandıran” qiymətlər də onu çətin vəziyyətə salıb. Bir çoxları geriyə peşman qayıdıb.

Ermənistan İranla vizanı ləğv edib, bizdən fərqli olaraq. İşğalçı ölkəyə gedən bizimkiləri(mi?) qınamaqla yanaşı, həm də aramızda körpülər yaratmaqdansa, problemləri həll etməliyik. Ermənistan xaricdəki ermənilərə xüsusi status tanıyır, bəlkə biz də bu haqda düşünək.

Təkcə Güneydən bura axın olsa, bizə başqa ölkənin turisti gərək olmaz. Astara-Astara körpüsünün açılışı olarkən belə problemlərin yaşanması heç yaxşı hal deyil. O taydan gələn qardaşlarımızı elə qarşılayıb, yola salmalıyıq ki, ürəklərində xal qalmasın. Mövcud əngəllərdən düşmən məmnuniyyətlə yararlanmağa çalışacaq. Həm də İran-Azərbaycan əlaqələrini korlamaq üçün…