“Gözlərin yaşarmasa, qəlbində göy qurşağı olmaz”
(hindu ata sözü)
Minval.info saytının əməkdaşı Sabirabad rayonunun Qalaqayın kəndindəki məktəbdən fotoreportaj hazırlamışdır, mən onu maraqla oxudum, şəkillərə baxdım, zövq aldım. Demək, məktəb elə bir kökdədir ki, bəlkə Pakistanın Bəlucistan vilayətində o cür darmadağın bina yoxdur. Palçıq yol, sınıq darvaza, uçuq divarlar, deşik dam, müşəmbə çəkilmiş şüşəsiz pəncərələr… Mən Pakistanı elə-belə, mırta yazmadım, bizim hökumət oradakı dərələrdə indiyə qədər bir neçə məktəbi təmir eləmişdir. Bəs Sabirabada niyə pul verilməyib? Görünür, düzəldə-düzəldə gəlirlər. İnşallah, Əfqanıstan və İranı keçib, bir gün növbə Sabirabada çatacaqdır. Darıxmaq lazım deyil.
Özü də Qalaqayın hələ magistral Bakı-Horadiz yolunun üstündə bir kənddir, necə deyərlər, daima göz qabağındadır. İndi təsəvvür elə, bu rayonun gözdən uzaq obalarında məktəblər necə durumdadır… Bəlkə bu səbəbdən hər il Sabirabad məktəblilərinin tələbə qəbulunda və buraxılış imtahanlarında göstəriciləri respublika üzrə ən axırıncı yerlərdə olur?
Hərçənd mən hökumətin yerinə olsam ümumiyyətlə bunları məktəb üzünə həsrət qoyaram. Çünki dövlət tərəfindən elan olunan pambıqçılığın tərəqqisi planlarına Sabirabad camaatı laqeyd yanaşmışdır. Keçən il ən çox pambıq verən rayonlar arasında Sabirabadın adı yoxdur. Sən dövləti saymırsan, dövlət də səni saymır – qısa formula belənçikdir. Misal üçün, hər il dövlət büdcəsindən milyonlarla dotasiya Naxçıvan rayonlarına niyə ayrılır? Çünki orada pambıq planı daima yerinə yetirilmişdir. Hətta bu ilki prezident seçkilərində 8 namizəddən 5-i naxçıvanlıdır. (Bunu Pənah Hüseynovdan plagiat elədim, onun müşahidəsidir. Sabirabadlı olduğu üçün respublikamızı regionlara bölmək fikrindədir).
Qalaqayınlı məktəblilər sinif otaqlarında siçanların gəzişdiyindən şikayətlənmişdilər, bu da növbəti savadsızlıq örnəyidir. Siçan var, lap yaxşı! Biologiya dərsi üçün əyani vəsaitdir. Biz Bakıdakı məktəbdə uşağa göstərməyə heç bir siçan deşiyi də tapmırıq. Hər yeri asfaltlayıb, suvayıb, boyayıb mərmərləyiblər. Uşağın oxuduğu məktəbdə laboratoriya cəhənnəmə, heç adi kompüter sinifi düzgün işləmir. Qapısından eşşək boyda qıfıl asılıb, kompüter dərslərini isə uşaqlar dəftərə mışka (yəni kompüter siçanı) şəkli çəkməklə öyrənirlər. Barı diri siçan olsa əylənərlər.
Yaxud, məktəbin divarı-damı uçsa bu yolla “Həyat bilgisi” fənnindən zəlzələ dərsini öyrənərsən. Damdan yağış axır – buyur, coğrafiyadan yağıntının tədrisi üçün əyani vəsaitdir.
Siçan yazdım, yadıma düşdü, bunun yaxşı əhvalatı vardır, əsl uşaqlara öyrədiləsi söhbətdir. Demək, iki siçan balası olur, bunlar girir zirzəmidə süd dolu küpə. Biri dərhal batır, o biri pişiyin qohumu imiş, bunu gəlib xilas edirlər. Doğrusu bunda ibrətlik tema nə idi, heç özüm də bilmirəm. Hər halda siz uşaqlara danışın, siçan görəndə hörmətlə yanaşsınlar.
Ta nəsihət torbamızın ağzı açılıb, birini də guplayaq bura. Bir ağsaqqal varmış, bunun da üç oğlu. Ağsaqqal bir gün çezmək üzrə olur, uşaqları yanına çağırır, deyir, sizə dərin məsləhətlər vermək istəyirəm. Deyir, gedin bir topa odun yığın gətirin bura. Gətirirlər. Ağsaqqal deyir indi bunları bir-bir sındırın. Sındırırlar. Sonra ağsaqqal bic-bic, bir növ, təzə torpaq satmış bələdiyyə sədri kimi qımışıb, deyir, oğullarım, indi bunları şələ bağlayın. Şələ bağlayırlar, ağsaqqal deyir, bunu sındırın görüm. Evin böyük oğlu heyvərə şey imiş, şələni basır dizinə, ortadan qırıb qoyur yerə. Uşaqlar soruşurlar ki, dədə, indi burda məna nə oldu, bizə sözün, nəsihətin nə idi. Ağsaqqal deyir: “Ta heç nə. Eşşək şeysiniz, sizə nə başa salım?”
Məktəb proqramına belə elmlərdən daxil eləmək lazımdır. Yoxsa açırsan kitabı, kosinus belə getdi, primadonnanın… üzr istəyirəm, piramidanın sahəsi elə gəldi… Belə şeylərin həyatda heç bir praktik önəmi yoxdur. İsmin yiyəlik halını öyrənincə, özünə yiyə tapsan yaxşıdır. Manıslar alimlərdən yaxşı yaşayır, ancaq bizim təhsil sistemində nəğmə dərsini yoldan ötənlər keçir. Paradoksal haldır. Öyrəniləsi elm qalıb qıraqda, bizə kvadrat tənlik öyrədilir.