Загрузка...

Hazırda dünyada Rusiyaya qarşı diplomatik savaş gedir. Daha dəqiqi, illərlə gizli şəkildə, üstü örtülü gedən bu savaş artıq açıq şəkil alıb – dünyanın qüdrətli dövlətlərindən birinin diplomatları müxtəlif ölkələrdən rüsvayçılıqla qovulur.

Bu sətirlər yazılanda artıq Rusiyanın diplomatlarını, obrazlı desək, eşşəyin üstündə tərsinə oturdub geri göndərən ölkələrin sayı 18-ə çatmışdı.

Onların arasında ABŞ, İngiltərə, Ukrayna, Fransa, Polşa, Kanada, Litva, Danimarka, İtaliya, Hollandiya, Almaniya, Çexiya, Estoniya, Latviya, Finlandiya, Rumıniya, Xorvatiya və başqa dövlətlər var.

Göründüyü kimi, ABŞ, İngiltərə və Kanadanı nəzərə almasaq, diplomatları Rusiyanın üstünə göndərən dövlətlərin hamısı Rusiyanın yaxın qərb qonşusudur. Bu ölkələr “rus ayısı”nın pəncəsinin, caynağının tuta biləcəyi məsafədədir.

Rusiyanın keçmişdə bu dövlətlərin hər biri ilə problem olub, ya onlarla müharibə aparıb, ya ərazilərinə göz dikib, ya da həmin dövlətlərdə oyuncaq rejimlər qurub, onları pul və silah gücünə idarə edib.

Baltikyanı ölkələri də o sıraya aid emək olar. Onlar 50 il boyunca rus müstəmləkəsi olub, 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqillik qazanıblar və digər postsovet ölkələrindən fərqli olaraq üzlərini Moskvadan qəti və birdəfəlik döndəriblər.

Bu baxımdan həmin dövlətlərin Rusiyaya antipatiya bəsləməsi təsadüfi deyil. Ancaq rus diplomatların bu ölkələrdən qovulmasını heç də təkcə rusofobluğa bağlamaq olmaz.

Məsələ ondadır ki, bir çox başqa ölkələrdə olduğu kimi, rus kəşfiyyatı bu ölkələrdə də geniş əl-qol açmışdı. Son illərdə isə Rusiyanın xüsusi xidmət orqanları təkcə məlumat toplamaqla kifayətlənmirdilər, həmin ölkələrdə seçkilərin nəticələrinə təsir etmək, siyasi hakimiyyət komandası formalaşdırmaq, keçmişdə Rusiyaya xəyanət edərək həmin ölkələrə sığınmış casusları bir-bir, çox zaman da səssiz-sədasız aradan götürmək işiylə məşğul idilər.

Reneqat rus kəşfiyyatçısı Sergey Skripalın qızıl ilə birlikdə Londonda zəhərlənməsi, necə deyərlər, bardağı daşıran son damla oldu. Bundan sonra diplomatları qovan dövlətlər diplomat qiyafəsi altında fəaliyyət göstərən Rusiya kəşfiyyatçılarının nə qədər təhlükəli olduğunun fərqinə vardılar və çəkinmədən ortaya sərt mövqe qoydular.

Əslində, Rusiya kəşfiyyatçıları (eləcə də xüsusi xidmət əməliyyatçıları) təkcə bu ölkələrdə fəaliyyət göstərmirlər, onlar Rusiyanın təsir zonası hesab edilən bütün ölkələrdə, ən çox da qonşu dövlətlərdə geniş şəkildə şəbəkələşiblər.

Sadəcə, bu dövlətlərin bir çoxu Rusiya ilə açıq-açığına kəllə-kəlləyə gəlmək istəmir, diplomat-kəşfiyyatçıların fəaliyyətinə göz yumurlar.

Çünki onlar “rus ayısı”nın gücünə, qəzəbinə bələddirlər, durduqları yerdə özlərinə daha böyük problem yaratmaq istəmirilər.

Ona qalsa, Türkiyə daima Rusiya ilə məsafəli olub, onunla eyni ittifqada, eyni blokda təmsil olunmayıb, iyirminci əsrin ən azı yeddi onilliyində düşmən cəbhələrdə (NATO və Varşava müqaviləsi təşkilatı) yer alıblar, amma Türkiyə də illərlə Rusiyanın “diplomat-kəşfiyyatçı-killer” siyasəti yeritməsini görməzliyə vurub.

2000-ci ildən başlayaraq dünənə qədər Türkiyə ərazisində keçmiş çeçen döyüşçülərinin silsiləvi şəkildə öldürülməsinin “rus kəşfiyyatı”nın “əl işi” olduğu heç kimə sir deyildi, amma bu cinayət işlərinin tam əksəriyyəti üstü açılmamış şəkildə qalır. Killerlər öz işlərini görəndən sonra Türkiyə ərazisini sərbəstcə tərk edə bilirdilər.

Eyni fikri BƏƏ-yə də aid etmək olar. Rusiya kəşfiyyatçıları bu uzaq ərəb ölkəsində bir ara dövlətə güllə atmış çeçen səhra komandirlərini bir-bir dənləyirdilər. Öldürülənlər arasında Çeçenistanın sabiq prezidenti Zəlimxan Yandarbiyev də olmuşdu.

Durum belədir. Başqa sözlə, Rusiya və Qərb ölkələri arasında gedən “soyuq savaş” heç də təkcə diplomatik müstəvidə deyil, bu, daha çox kəşfiyyat strukturlarının apardığı müharibədir.

Sonu necə olacaq, birlikdə görəcəyik. Əsas məsələ bu savaşa qarışmamaqdır.