Загрузка...

Martın 5-də Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal Solsberi şəhərindəki ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu hadisədən sonra Böyük Britaniya və Rusiya arasında diplomatik qalmaqal başlayıb. Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılmasına qərar verib. Cavab olaraq Rusiya 23 britaniyalı diplomatı ölkədən qovub.

Ancaq məsələ bununla bitməyib. Belə ki, ABŞ, Kanada, Ukrayna və Avropa İttifaqına üzv 15 ölkə sabiq Baş Kəşfiyyat İdarəsinin zabiti Sergey Skripalın zəhərlənməsi faktına görə Britaniyanın mövqeyini dəstəkləyərək rusiyalı diplomatların ölkədən çıxarılmasına qərar verib.

Ortada konkret fakt olmadan başlanan gərginlik dalğası Rusiyaya yeni təzyiq metodudurmu? Yeni fazaya qədəm qoyan Qərb-Rusiya gərginliyi hansı həddə qədər davam edəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiyaya qarşı dünya dövlətlərinin münasibətinin dəyişməsinin obyektiv səbəbləri var: “Rusiya 2008-ci ildə Gürcüstanla müharibə etdi, Abxaziya və Osetiya faktiki işğal olundu. Daha sonra 2013-cü ildə Krım işğal olundu. Krımın işğalı bütün qırmızı cizgilərin aşılması idi. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiya tətbiq etdi. Rusiyanın ABŞ-dakı seçkilərə internet vasitəsilə müdaxilə etməsinə dair ittihamlar səsləndi. Keçmiş rus xəfiyyəsi Skripalın zəhərlənməsi ilə münasibətlər daha da gərginləşdi. Bir çox Qərb ölkəsi rus diplomatların bir qismini ölkədən qovub. Faktiki olaraq Rusiya bir və ya iki dövlətlə deyil, Qərbin bir çox dövləti ilə münasibətləri gərginləşdirib. Düşünürəm ki, bu, bir müddət sonra, hakimiyət etiraf etməsə də, Rusiya iqtisadiyyatına çox mənfi təsir göstərəcək. Necə ki, vaxtilə Qərbin beyin mərkəzləri, ekspertləri SSRİ-ni zəiflədib, çökdürdülər, indi də eyni ssenari həyata keçirilir. Yəni, Qərb Rusiyanı zəiflətmə yolu tutub və bu istiqamətdə müxtəlif addımlar atır”.

Politoloqun fikrincə, vəziyyətdən çıxış yolu hələlik görünmür: “Birinci addımı Rusiya atmalıdır. Rusiyanın isə hansı addımı atacağı bəlli deyil. Skirpalın zəhərlənməsi ilə bağlı Rusiyaya qarşı çox ciddi ittihamlar var. Rusiya hansı faktları ortaya qoyacaq, nə dəlillər gətirəcək ki, həmin xəfiyyənin məhz rus kəşfiyyatçılar tərəfindən öldürülmədiyi ortaya qoyulsun. Ona görə də bu sanksiyalar davamlı olacaq, münasibətlər soyuqlaşmağa davam edəcək. Bu da beynəlxalq aləmdə yaranmış çox böyük gərginliyin davamı olacaq”.

E.Şahinoğlu bildirib ki, gərginlikdən çıxış yolu tapılmalıdır: “İlk olaraq Skirpal məsələsində həll yolu tapılmalıdır. Hesab edirəm ki, burada məsələnin araşdırılması üçün birgə komissiya yaradıla bilər. Məntiqlə baxsaq, bu qətl Rusiyaya sərf etmirdi. Çünki, Rusiyada prezident seçkiləri ərəfəsi idi, əlavə olaraq yayda futbol üzrə dünya çempionatı keçiriləcək. Ona görə də məntiq diqtə edir ki, niyə belə bir addım atılsın? Amma, bilmirik. Bəlkə, Rusiyada elə bir dərin dövlət var ki, bu əmri verib. Ona görə də son nəticədə Almaniyanın müsbət təşəbbüsünə dəstək verilməlidir. Yəni ortaq komissiya məsələni araşdırsın. Bu olmasa tərəflər bir-birini ittiham edəcək. Hazırki durum beynəlxalq, ikili münasibətlərə yaxşı heç nə vəd etmir”.

Politoloq Fikrət Sadıqovun fikrincə, Skripalın zəhərlənməsi fonunda baş verənlər geosiyasi qarşıdurmanın davamıdır: “Ola bilsin ki, Rusiyada kimlərsə, Skirpalın zəhərlənməsində maraqlıdır. Bəlkə də kiminsə əli var. Ona görə də Rusiyaya qarşı münasibətdə daha ciddi addımlar atmadan öncə, məsələni araşdırıb, sübuta yetirmək lazımdır. İkinci, məsələni bu şəkildə şişirdilmiş vəziyyətdə qələmə vermək, diplomatları Avropa ölkələrindən xaric etmək geosiyasi qarşıdurmanın açıq şəkildə davamıdır. Bu məsələdə təkcə Skirpal amili yox, digər amillər də öz rolunu oynayır. Bunlar Krım və Donbasdakı vəziyyət, ABŞ-ın daxili işlərinə müdaxilə ilə bağlı məsələlərdir. Hesab edirəm ki, yaranmış vəziyyət çox acı nəticələrə səbəb olacaq”.

Politoloq qeyd edib ki, yeni fazaya keçən qarşıdurma hələ uzun müddət davam edəcək: “Bu qarşıdurmanın sonu görsənmir. Məsələdə açıq şəkildə aparıcı dövlətlərin marağı görünür. Hesab edirəm ki, bu istiqamətdə davam edən siyasi addımlar beynəlxalq münasibətlərdə gərginliyi daha da gücləndirəcək”.

Elvin Abdulqədirov
AzVision.az