Загрузка...

Yaxud azadlıq kimə lazımdır

“Xoşbəxtliyimin hardan qaynaqlandığını bilirəm: imperiyanın gözətçiləri ilə müqaviləm bitmişdir. Qarşı düşərgədəyəm artıq. Zəncir qırılmışdır. Azad bir insanam bundan sonra. Gülmək haqqım deyilmi? Ancaq təhlükəli xoşbəxtlikdir bu! Qurtuluşu qazanmaq bu qədər asan olmamalıdır”.

(Con Maksvell Kutzee, “Barbarları gözləyərkən” romanından)

Novruz bayramını bəhanə edib siyasi məhbusların hamısı da olmasa, xeylisini azadlığa buraxmaq mümkün idi, bu, cəmiyyətdə bir qədər gərginliyi azaldar, yumşalma havası, bahar ovqatı yaradardı, ancaq iqtidar növbəti dəfə hansı kursu tutub getdiyini göstərdi. Bu kursda hər hansı güzəştə yer yoxdur. Rəhmdillik zəiflik sayılır. Mərhəmət yalnız sədəqə şəklində ola bilər. Siyasət qorxuya söykənməlidir. Bəlkə təsadüfi deyildi, bizim əfv, amnistiya gözlədiyimiz (axırıncı ümid ölür, biz isə ümidlərimizi reanimasiya edərək sürüyüb bu günlərə qədər gətirmişik) günlərdə iqtidar Bakıda 14 polis bölməsinin polis şöbəsinə çevrildiyi haqda uca millətə gözaydınlığı, muştuluqlu xəbər çatdırdı. Bölmə şöbə olsa, burada işçilərin sayı da artacaqmış. Afərin. Yaxşı siyasətdir. Hamını nəzarət altında saxlamalıyıq. Ümumiyyətlə, hər rayonda iki polis idarəsi olsun. Hamıya forma verilsin.

Sözgəlişi, bayram günlərində görün başıma hansı tragikomik olay gəlmişdir. Dəmir yolunun qırağında kiçik asfalt zolaq var, orada özüm üçün qaçıram hərdən. Buna məcburam, heç də qatarların romantikası məni cəlb etmir. Çünki yaxın 20 kilometr radiusda çuxura, açıq kanalizasiya lyukuna düşmədən, axmaq bir sürücü tərəfindən vurulmadan, küçə itlərinə yem olmadan və sairə və ilaxır – küçə yürüşü, qaçışla məşğul olan azərbaycanlılar nədən bəhs elədiyimi yaxşı anlamalıdır – qaça biləcəyim yeganə 500 metrlik zolaq oradır. Əlbəttə, hər yaşayış məskənindəki kimi bizdə də daş döşənmiş, “müasir işıqlanma qurğuları və oturacaqlar qoyulmuş”, açılışı şəxsən dövlət başçısı tərəfindən həyata keçirilmiş park vardır. Ancaq orada qaçmaq ayaqlarını şikəst eləmək deməkdir, çünki bütün parkı qranitlə üzləyiblər. Qranit üzərində qaçarkən topuqlar, dabanlar çox bərkə düşür. Uzun sözün qısası, yenə o asfalt zolaqda qaçıram, bir də gördüm dəmir yolunun mühafizəçisi əlimyandıda mənə sarı qoparaqlanmışdır. Özü də qardaş qaça-qaça qışqırır ki, tez ərazini tərk edin, burada dövlət tədbiri olacaqdır. Mən bir az aralıdakı küknarlığa çəkilib, necə deyərlər, gözləmə mövqeyi tutdum. Maraqlı idi ki, görəsən, bu dövlət tədbiri nədir və yol qırağında qaçan adam ona necə maneçilik törədərmiş. Yarım dəqiqə keçmədi, bir pərdələri sallaq, iki vaqon qoşulmuş qotur lokomotiv yaxınlaşdı, həmin perronda dayanmadan rədd olub getdi. Mühafizəçi də gözdən itdi, belə anladım ki, dövlət tədbiri elə bu qatarın buradan keçməsindən ibarət imiş. Ancaq dövlət tədbiri o qoruqçu yoldaşın ağzında necə yekə görünürdü! Ovurdlarına sığışmırdı.

Bax, mən o gündən bəri “dövlət tədbiri” ifadəsinin mənasını düşünməyə çalışıram. Bu tədbirlər hər yerdə bizə mane olur, yaşamağımıza, azadlığımıza imkan vermir. Halbuki tərsinə olmalıdır, bu dövlət xalqa məxsusdursa, dövlət xalqın işini asanlaşdırmalıdır.

Həmin dövlət tədbirləri mücərrəd anlayışlar deyil. Konkret hadisələr, nəticələrdir. Misal üçün, Rusiyadan alınan qəzet kağızının gömrük vergisini ləğv etmədilər. Dövlət tədbirinə görə. Dövlət tədbiri üzündən dana ətini 12 manata, xiyarı 6 manata, pomidoru 5 manata satırlar, çünki azad iqtisadiyyat, rəqabət yoxdur. Hər şeyi bir adam əkir. Bütün dövlət də o bir adamın tədbirlərinə tabedir. Alırsan al, almırsan, alma. Baxmağa da icazə var. Necə deyərlər, bax, bax, həsrət qalacaqsan.

Üstəlik, bizə pambıqçılığın inkişafından danışırlar. Aptekdən aldığın pambıq isə Türkiyədə istehsal olunub. Kənd təsərrüfatı inkişaf edibsə, məhsul hanı?

Martın 20-də, tam da Novruz bayramı günü Avropa Şurası ərazisindəki dövlətlərdə dustaq sayı haqda rəqəmləri açıqlamışdı. O hesabatda Azərbaycan heç yaxşı görünmürdü. Örnək üçün, bizdə hər 100 min nəfərə 236 dustaq düşür. Bu rəqəm Ermənistanda 103 nəfərdir. (“Bizdə azadlıq Ermənistandan çoxdur, ancaq onları tənqid eləmirlər” deyənlər oxusun). Məhbus sıxlığına görə bizdə hər 100 nəfərlik yerə 90 nəfər, Ermənistanda isə 72 nəfər düşür. Azərbaycanda hər dustağa çəkilən gündəlik xərc 12 avrodur, hərçənd dustaq yaxınlarının ora yemək, geyim və məişət əşyaları daşımaqdan əldən düşdüyünə baxsaq, bu rəqəm özü şübhəlidir. Avropada, misal üçün, Norveçdə dövlətin bir dustağa gündəlik xərci 344 avrodur. İsveçdə 359 avro, Türkiyədə 21 avro imiş.

Rəqəmləri ona görə təkrarlayıram ki, əfv sərəncamı ilə bu durumu xeyli düzəltmək olardı. Ancaq azadlığın artırılması kimə lazımdır? Bax, əsas sual da budur.