Yəqin ki, keçən il bu vaxtın söhbətləri yadınızdadır. Media və sosial şəbəkələr “ərəb-ərəb” deyə qan ağlayırdı.
Ona görə ki, Novruz bayramı günlərində Yaxın Şərqin teokratik-meokratik ölkələrindən gələn xeyli insan axışıb şəhərimizə doluşmuşdular və özlərini, şair Moşunun sözü olmasın, cəmiyyətimizə xarakterik olmayan tərzdə aparırdılar.
Novruz bayramının ərəblərə dəxli olmasa da, onlar hardansa öyrənmişdilər ki, bu vədələr Bakıda qələbəlik, atəşfəşanlıq olur, daraşıb gəlmişdilər.
Əlbəttə, şüurlu vətəndaşlar bilirdilər ki, ölkəyə gələn hər turist bir ətək pulla gəlir və böyük hissəsini xərcləyib gedir, milli iqtisadiyyatımıza, türkün sözü, qatqı verir. Amma düzü, gələn turistlərin içində qatıqlayanlar o qədər çox idi ki, onların gətirdikləri pula münasibətdə ən yumşaq söz “təpələrinə dəysin” idi.
Elə keçən il bu vaxtlar da hamı onların şəhvətpərəstliyindən, mədəniyyətsizliklərindən, acgözlüklərindən, getdikləri yerlərdə batırmamış kol dibi qoymamaqlarından danışırdı.
Hələ o vaxt hotel otağında üç fahişə ilə birlikdə Yaxın Şərqdəki münaqişə ocaqlarından, Suriya münaqişəsinin həlli yollarından danışarkən ölən 55 yaşlı ərəbin söhbəti çıxmamışdı.
Bununla belə, məlum olurdu ki, onlar buraya gələli, bir xeyli adamın tərbiyəsini pozublar, bəziləri onlara müəyyən xidmətlər göstərir və onları qazlamağa çalışır.
Amma bu il ərəblər o qədər də gözə dəymədilər. Təbii ki, yenə gəlmişdilər, yenə şəhərin mərkəzində, orada-burada adamın qabağına çıxırdılar, amma Arazın o tayından, inqilab əhval-ruhiyyəli soydaşlarımızın sözü ilə desək, İran adlanan ölkədən (belə deyəndə nə olur, düzü, bilmirəm) gələnlərlə müqayisədə yox kimiydilər.
Təbrizdən, Ərdəbildən gələnlər isə başqa aləm idi. Onlar dəstəylə, həm də ailəli-uşaqlı gəlmişdilər. Aaralarında yeni evlənmiş cütlüklər də çox idi. Şəhəri gəzir-dolaşır, şənlənir, şəkil çəkdirir, video çəkir, ölkələrində görmədikləri günləri görürdülər.
Bu, “ölkələrində görmədikləri gün” söhbətini elə-belə demirəm. Srağagün axşam Bakı Muğam Mərkəzinin tuşundan dənizkənarı bulvarda iki gənc qadın və iki gənc iranlı kişi gördüm. Əvvəlcə elə başa düşdüm ki, kişilər iranlıdır, gəliblər, gedib hansısa masaj salonundan, gecə barından iki dənə cüvənəzən götürüb gəzməyə çıxıblar. Çünki saçları qızıl sarısına boyanmış qadınların geyimi də xeyli cazibədar idi, üstəlik, həm ənlik-kirşanları qabarıq tərzdəydi, həm də hərəkətlərində bir quş yüngüllüyü vardı. Onların öz yarları ilə davranşlarını ictimai yerdə mazaqlaşma kimi də qəbul etmək olardı. Ancaq bir metrliyimdən keçəndə qadınların öz kişiləri ilə danışığından anlaşıldı ki,qızlar buralı deyillər və bu şən dördlük birlikdə gəliblər, indi də azad Bakıda asudə gəzib-dolaşmağın dadını çıxarırlar. Əlbəttə, onlar bu hərəkəti Tehranda eləsələr, sərbazlar onları tutar, şallaqlayardılar.
İnsafən, bunlardan başqa gördüyüm iranlılar özlərini çox yaxşı, nümunəvi aparırdılar. Məsələn, dəniz qırağında oturub cır səslə Təbrizə dair mahnı oxuyan və bu ifalarını telefonla videolentə alan iki gənc adamın kimə nə zərəri vardı? Qoy oxusunlar. Hiss olunurdu ki, patriotdurlar, gəliblər, Bakıda yadlarına dogma Təbriz düşüb, oturub oxuyur, video çəkirlər, sonra gedib sosial şəbəkədə paylaşacaqlar, Bakıdan xatirə qalacaq.
Yaxud Fəvvarələr meydanındakı konsertdə “Yandı, yandı, yandı canım” mahnısının sədası altında qol götürüb oynayan və yanndakı gözəl xanımları oynatmağa çalışan 55-60 yaşlı təbrizli kişinin davranışı adamda yalnız müsbət emosiya doğura bilərdi.
Adamdan şirin bir dildə ünvan soruşan, minnətdarlıq edən iranlı ana-bacılarla qısa çəkən söhbət də xoş təsir bağışlayırdı.
Hiss edirsən ki, bu təkcə turizm məsələsi deyil, bir az da qaynayıb-qarışmaq, bütünləşmək məsələsidir.
Belə turistlərə kim nə deyə bilər ki? Heç kim. Qoy daha da çox gəlsinlər.
Bir də var, İranda yaşayan soydaşlarımız ya viza dərdindən, ya da sırf yeni bir ekzotik ölkə görmək xətrinə varıb İrəvana getsinlər. Bu xüsusda bir video var, İrəvanda qonaq olan güneyli azərbaycanlı kişi deyir ki, burada azərbaycanlı olduğumuzu bilsələr, qibləmizi aşırarlar.
Elədirsə, nə işiniz var orada? Qiblənizi aşırmasalar da, vallahi, avtobusunuzu aşırarlar.
Qoy gələn il güneyli qardaş-bacılarımız elə səhv buraxmasınlar, burada onların göz üstə yerləri var.