Загрузка...

Builki Novruz günlərində də Ermənistan güneyli turistlər sarıdan korluq çəkmədi. BBC-nin reportajında azərbaycancanı yaxşı bilən erməni müxbir Manvel Sərkisyan (Gəncə sakini olub) İrəvan küçələrində onları danışdırıb. Söhbət zamanı üzündən məmnunluq yağan soydaşlarımız ordakı qiymətlərdən, xidmətdən razılıq edirlər. “Bəs Ermənistanda özünüzü təhlükəsizlikdə hiss edirsizmi” sualına isə belə cavab verirlər: “Bizi burda fars kimi qəbul edirlər”.

Adama yer edən həm də budur – soydaşlarımızın təhlükəsizlik naminə öz milli kimliyini gizlətmək zorunda qalması. Özlərini fars kimi qələmə verməsi, başqa millətin adı altında istirahət eləməsi. Qərəz, olduğu kimi görünə bilməməsi.

Nə vacib imiş görəsən? İstirahət üçün yermi qəhət? Ötə yandan biz ki, bilirik onlar fars deyil, Təbrizin, Ərdəbilin, digər Azərbaycan şəhərlərinin köklü azərbaycanlılarıdır. Elə erməniləri də qəşəng bilir ki, onlar fars deyil…

Tamam. Ermənistan da qədim türk yurdudur. Ancaq məsələ ondadır ki, güneyli soydaşlarımız indiki ziyarətləri ilə işğalçı ölkəni məhz erməni yurdu kimi şərəfləndirmiş olurlar. Ermənilər bununla dünyaya sivil, mədəni, hətta azərbaycanlıların istirahəti üçün belə, təhlükəsiz bir məkan, açıq ölkə olduqlarını nümayiş etdirirlər. Bu isə onlara Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq və izolyasiya rejimini yarmaq üçün çox lazımdır.

Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, “mədəni, tolerant bir xalq kimi” ermənilər necə işğalçı ola bilər? Azərbaycana qarşı təbliğat savaşı yəni. Bu savaşda bəzi soydaşlarımızın bilərəkdən və ya bilməyərəkdən düşmən tərəfdə yer alması, ermənilərin dəyirmanına su tökməsi, çörəklərinə yağ sürtməsi əlbəttə ki, xoşagələn deyil, üzücüdür.

Məlum, onlar Azərbaycan Respublikasının yox, İranın vətəndaşlarıdır. Ancaq həm də ili çıxmayan 2 yaşlı Zəhranın millətindəndirlər. O zaman bu səyahətlər elə mənfur düşmənə körpə Zəhraların, azərbaycanlıların qatillərinə “işinizdə olun!” mesajı deyilmi? Xocalı soyqırımını bu günədək danan, onu hətta həyasızcasına bizim üstümüzə atan düşmənə yaxşılıq deyilmi?!

İş də ondadır: nə qədər ki, biz – 50 milyonluq toplum harda məskunlaşmağımızdan asılı olmayaraq Qarabağ dərdini hər birimizin doğma, ortaq dərdi kimi qəbul etməyəcəyik, erməninin ən təhlükəli düşmən olduğunu anlamayacağıq, nə qədər ki, içimizdəki manqurtlar, sapı özümüzdən olan baltalar böyük çəki təşkil edəcək, bir o qədər müddətdə də Qarabağa yaxın düşə, sahiblənə bilməyəcəyik…

Deyir, “İmam üçün ağlayanda bir az da Yezid üçün gərək ağlayasan”. Biz İran (fars) hakimiyyətini zaman-zaman Ermənistana isti, loyal münasibətə görə qınayır, hətta ittiham edirik. Prezident Həsən Ruhaninin ötən ilki İrəvan səfəri də haqlı olaraq Azərbaycanda və Azərbaycan insanında hiddət doğurdu. O zaman özümüzünkülərin Ermənistan ziyarətini necə başa düşək?

Qəribədir. Bu adamlar doğrudanmı Marsdan gəlib? Bəlkəd qardaş Türkiyənin illərdir işğalçı Ermənistanla sərhədləri bağlı saxlamasından da bixəbərdilər? Türkiyə türkü bu qələti eləmirsə, canı canımızdan, qanı qanımızdan olan özcə azərbaycanlılarımız buna niyə getsin? Axı, onları heç kim zorla İrəvana göndərməyib.

Odur ki, bir daha bu suala qayıtmalıyıq ki, ümumiyyətlə, biz niyə beləyik, nədən bunca sadəlövhük, öz dərdimizə laqeyd, itə-qurda, işğalçı erməniyə qarşı isə bunca istiqanlıyıq?..

Baxırsan, içimizdən biri qaçıb gedib oturub Avropada, Azərbaycandan başqa hamının dərdini çəkir, hamının maraqlarına işləyir, hətta məkrli erməni çevrələrinə bağlanıb öz milləti, dövləti əleyhinə çalışır, kimlərinsə əlində birdəfəlik əlcək kimi istifadə olunduğunu fərq eləmir. Qınından çıxıb qınını bəyənmir…

Bizim ən böyük bəlamız da əslinə qalsa, Qarabağ deyil. Vahid milli məslək ətrafında toplum olaraq birləşə bilməməyimizdir. Qarabağ, işğal məsələsindən güclü birləşdirici nə ola bilər bizim üçün, görəsən? Bu işğal bitməyincə, ermənilərlə ədavət sona çatmayınca necə heç nə olmayıbmış kimi İrəvana gəzməyə getmək, ermənilərin büdcəsini zənginləşdirmək, erməni dairələrinə işləmək olar? Nəhayət, necə rəsmi Tehranın Ermənistan siyasətinin icraçılarına çevrilmək olar?

Farsı başa düşdük. Fars adı altında gizlənən soydaşlarımız necə olsun bəs?..