“Mayak insanları xilas eləmək üçün ora-bura qaçmır. O sahildə dayanır və işıq saçır”
(Enn Lamot, Amerikalı yazıçı)
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi tədbirləri təntənə ilə davam etməkdədir. Yəni, heç bir iş görülmür. Bunun özü tərəfimizdən müsbət qiymətləndirilir, çünki yapistlər cümhuriyyətin qurulmasını qutlasalar bəlkə o tarixi an da gözümüzdən düşərdi. Təntənə deyərkən bunu nəzərdə tuturdum. Hansısa korrupsioner Rəsulzadənin heykəlinin lentini kəssə, ya da qurucu babalarımızın adına layiq abidənin ucaldılmasına göstəriş versə çoxmu məmnun olardınız? Mən olmazdım. Prinsiplərimizə sadiq olmalıyıq. “Məqsəd vasitəyə haqq qazandırır” – bu, bizim üçün deviz deyildir.
Bu arada başıma gələn əhvalatı yazım. Bir məclisdə dindar müsəlmanla söhbətləşirdik. Tema hardansa fırlandı, gəldi cümhuriyyətimizin 100 illiyi üzərinə. Mən o dövləti quranların təmiz adamlar olmasından danışdım və məhşur əhvalatı – baş nazir Nəsib bəy Yusifbəylinin atasının məktubunu yada saldım. Yeri gəlmişkən, o məktubu burada təkrar çap eləməkdən məmnunluq duyuram, qoy oxumayanlar da oxusun: “Əziz oğlum, çox səbr etdim, amma yazacam. Sıxıntı çəkərək, borc altına girərək səni yüksək təhsillə təmin edə bildim. Artıq təhsilini qurtarıb gəldin, şəhərin ərzaq işləri üzrə rəisi oldun. Sənə yenə mən baxdım.
Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək Seymin maarif naziri oldun. Aldığın maaş ilə dolanmadın. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycanın istiqlalını elan etdiniz. Cümhurriyyətimizin maarif naziri oldun. Paytaxtımız Bakıda çalışdın. Yenə də maaşın xərclərini ödəmədi. Məndən pul istədin. Həmişə göndərirdim. Mənə aid olan torpağın bir parçasını satmışdım. Həmin pullardan göndərirdim. Bu gün isə baş nazirsən, dövlət rəisisən, yəni ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım?”. Xatırladım ki, bu, atası Yusif bəyin Nəsib bəyə cavab məktubudur, bundan öncə baş nazir atasına məktub yazaraq ailəsinə maddi kömək istəyibmiş.
Uzun sözün qısası, həmişə gözüm dolaraq xatırladığım bu əhvalatı danışanda dindar dostumuz gördüm bir qədər istehza elədi, dedi bunları hələ dəqiq bilmək olmaz, 100 il qabağın söhbətidir, Allah bilir necə olubdur və sairə. Şübhəsini ifadə elədi. Əlbəttə, “baş nazir” deyərkən 40 ildir gözü qabağına Artur Rasizadədən başqa kimsə gəlməyən adamlar üçün Nəsib bəy Yusifbəylinin ideal insanlığını anlamaq çətindir. Bunu başa düşürəm və adətən o babalarımızın gözəllikləri temasında mübahisə etmirəm. Azərbaycanı ailəsinə qurban verənlər, ailəsini və həyatını Azərbaycana qurban verənləri necə anlasınlar? İndi də deyişmək istəmədim, ancaq qarşı tərəfin bayaqdan özünü radikal dindar kimi aparması bir az əsəblərimə toxunmuşdu, o üzdən soruşmağı borc bildim: “100 il qabaqkı, sənədlərə, tarixi arxivlərə düşmüş bir fakta inanmırsan, bəs 1400 il qabağın ərəb nağıllarını necə qəbul edirsən?” Adam sağollaşmağı belə yaddan çıxarıb tez yığışıb getdi. Hazırcavablığımla öyünə bilmərəm, əksinə, çox vaxt verməli olduğum cavabları daha gec, düşünərək tapıram, ancaq bu dəfə onu yaxşı susdurduğumu düşünürəm. Hökumətin, güc yiyələrinin təmiz insanlarımıza qarşı mənfi, qıcıq münasibətini anlayıram, ancaq hər yerindən duran ideallarımıza palçıq yaxmaq istəyəndə adamın pisinə gəlir.
Sonda İsveçdən daimi oxucumuz Nazim bəyin məktubu: “Azərbaycan prezidentinin fərmanıyla e-viza sistemi yaradılıb, ancaq bu sistemlə yalnız 1 aylıq viza almaq mümkündür. Çox maraqlıdır, niyə bu sistemlə 2, 3 aylıq viza almaq olmur? Uzunmüddətli viza üçün yalnız qohumların Bakıda XİN-ə müraciət etməli, ən azı 1 ay cavab gözləməlidir. (Bəs Azərbaycanda qohumları olmayan xarici vətəndaşlar neyləsin?). Başqa ölkələr belə uzunmüddətli vizalar verir. İsveçdəki Azərbaycan səfirliyi viza məsələsində vətəndaşlara heç bir kömək etmir. (Səfirliyin mövqeyini dərc etməyə hazıram – Z.H.). İxtisasca fizik olan birisini kiminsə qohumu olduğu üçün səfir qoyublar. Onun da başı yəqin fizikaya qarışıb. Əgər 1 aylıq vizayla Azərbaycana girib sonra bu vizanın müddətini uzatmaq istəsən miqrasiya idarəsi o qədər sənəd istəyir ki, onları toplamaq qeyri-mümkündür. Məsələn, həkimdən elə sənəd verməlisən ki, yalan olmasın, sanki 5-6 günə öləcəksən. Yaxud, miqrasiya idarəsi ulu babanın doğum şəhadətnaməsini tələb edir. Rüşvətsiz bu sənədləri almaq mümkünsüzdür”.