Загрузка...

“Pullar hanı, Lebovski?”

(“Böyük Lebovski” filmindən)

Dünyada bəzi ölkələr var ki, onların adı Azərbaycanla yanaşı çəkiləndə bir az adamın qıdığı gəlir. Çünki bizdən çox uzaqda yerləşirlər, tarixən də elə bir əlaqəmiz-filanımız olmamışdır. Bunlardan biri də Güney Amerika dövləti Paraqvaydır. Açığı, mən “Paraqvay” deyəndə yalnız “məhşur” diktator Stressner-i xatırlayıram, çünki SSRİ vaxtı bu Stressner bizim tərəflərdə ala itdən çox tanınırdı. Sovet qəzetlərində, sovet televiziyasında Stressner müəllim daimi söyüş-qarğış ünvanlarından biri idi, insafən, haqlı olaraq söyürdülər. Adam 35 il hakimiyyətdə qalaraq (1954-dən 1989-a qədər) yazıq paraqvaylıların anasını ağlatmışdı. Siyasi məhbusları mişarla doğrayıb səslərini kassetə yazır, sonra bunu onların qohumlarına göndərirmişlər. 500 mindən çox siyasi məhbus varmış. Alman faşistlərinə sığınacaq vermək, yerli hindu qəbilələri genosidə uğratmaq, camaatın 50 faizinin hərif tanımaması, uşaq ölümünə görə dünyada ən yuxarı nəticə, miqrasiya – bunlar Stressner rejiminin qanlı izlərindən qısa xülasədir. Elə hakimiyyətdən də dinc yolla getməyib, başqa bir general hərbi çevrilişlə bunu qovub, Braziliyaya qaçaraq orda 92 yaşında cəhənnəmə vasil olmuşdur.

Oxucular darıxmasın, belə sarsaq adamı uzun-uzadı xatırlatmağımızın səbəbi var. Çünki xəbər lentində belə söhbət oxudum ki, Paraqvayın keçmiş prezidenti Fernando Luqo müəllim Bakıya səfərə gəlibdir, bizi xeyli tərifləyibdir. Sitat: “Azərbaycan bütün tarixi boyunca qeyri-adi inkişaf yolu qət edib və dünyanın inkişaf və birgəyaşayış təcrübəsinə öz töhfəsini verməkdə davam edir”. Mən dərhal internetdə maraqlandım ki, görəsən bu Luqo müəllim necə prezident olmuşdur. Sən demə bunun taleyi keşməkeşli imiş və heç prezidentliyini başa vura bilməyibdir. 2012-ci ildə Paraqvay camaatı Fernando müəllimə impiçment qoyaraq vəzifədən qovmuşdur. Bundan qabaq isə onun tərcümeyi-halından biabırçı fakt tapılıbdır. Adam katolik keşişi işləyərkən özündən xeyli cavan qızla evlənibmiş. Katolik keşişlər isə evlənməmək andı içirlər. Ancaq bütün bunlara baxmayaraq Fernando müəllim ruhdan düşməyib, hərlənib-fırlanıb və hazırda Paraqvay senatının sədridir. Bu, 2012-ci ildə ona impiçment qoyub prezidentlikdən çıxaran məhz həmin idarədir!

Təbii ki, belə şəxsiyyətlərin öyüd-nəsihətləri, məsləhətləri, tərifləri Azərbaycanımız üçün olduqca önəmlidir. Hətta Paraqvay sözündəki para hissəsini pul mənasında qəbul eləsək bu yöndən də dostluq-qardaşlıq əlaqələrimiz möhkəmlənməlidir. Sözgəlişi, dünən uşaq məndən bizim dövlət quruluşumuz haqda soruşdu, deyir bizdə hansı sistemdir. Mən də baxdım bunun yaşına, gördüm respublika, kapitalizm-zad söhbətlərini qanmayacaq, kəsədən getdim, dedim, bala, bizdə bazardır. İndi qorxuram məktəbdə gedib müəllimə deyə ki, bizdə dövlət quruluşu bazardır, biabır olaq.

Əslində belənçik geopolitik məsələlər uca millətimiz üçün çətin anlaşılandır, gəl gör uşaq-muşağa başa salasan… Biz heç pulumuzu bilmirik hansı cibimizə qoyaq. Beynəlxalq Bankın vəziyyətini deyirəm. Beş-altı gün qabaq orda yenə vəzifə dəyişikliyi oldu, Dövlət Neft Fondunda işləyən kimisə gətirib banka rəhbər qoydular. Bundan qabaq da orda dəyişiklik edilmişdi. Ümumən son illərdə BB-də rəhbər heyətdə aparılan dəyişikliklərə Donald Tramp həsəd aparar, çünki o da prezident işlədiyi qısa müddətdə bəlkə Amerikanın yarısını işə qoyub çıxarıbdır, lakin hələ də bilmir kiminlə işləsin. Ümid edə bilərikmi təzə rəhbərlə BB ağ günə çıxacaqdır? Yox, əlbəttə. Cahangir müəllimin ardıyca hələ çoxları getməlidir. Ta neft pullarının başına tamam daş salınana qədər. Ondan sonra dibi deşik vannanın böyründə oturub birlikdə ağlaşarıq.
“Şahdəniz” yatağından payımı versəydilər Paraqvaya gedib gəzərdim.