Ölkədə tüğyan edən söyüş popurrisinə baxıram, baxıram, heyrətlənirəm. Bunun axırı hara gedir? Nə hüquqi müstəvidə həllini tapacaq şəkildədir, nə də Puşkinin, Lermontovun dövründəki kimi kimisə duelə-filana çağırmaq olar.
Yadıma düşür ki, 1995-ci ildə fəal şəkildə qəzetçiliyə başlayandan bir-iki həftə sonra artıq bəzi qəzetlərdə ünvanıma ilk təhqiramiz ifadələr səsləndi. Elə də açıq söyüş-filan deyildi, hər halda qəzetdə yazıla biləcək sözlər idi, amma xoşagəlməz idi.
Etiraf edim ki, məşhur deputatlardan birinin dilindən yazılmış o sözə görə çox əsəbiləşmişdim, daha ağır sözlərlə qisas almaq istəyirdim. Amma o vaxt yeni-yeni söyülməkdə olan və məndən daha təcrübəli baş redaktorumuz Rauf Arifoğlu dedi, səbrli olaq, ehtiyac varsa, məhkəməyə verək, amma əks-söyüş yazmayaq.
Amma o xoşagəlməz kəlməli udmaq mümkün deyildi. Üstündən bir az keçmiş, necə deyərlər, Allah qismətimi yetirdi, həmin deputat, indiki terminlərlə desək, bir “quş” buraxdı, ondan yapışıb qisas almaq fürsəti yarandı. Bir şeylər yazdım, qəzetin siqnal nüsxəsində getdi, amma ağır dövr olduğundan bəzən təsisçisi olduğu qəzeti nəşr olunmazdan əvvəl nəzərdən keçirən Müsavat başqanı İsa Qəmbər həmin sərt cümlələrdən narazı qalmış və belə bir ismarış yollamışdı: “İnsanları mənəvi terrora məruz qoymaq olmaz”.
O zamandan etibarən özümüzdə tənqidə, təhqirə qarşı immuniteti gücləndirməyə çalışdıq. Sonralar siyasi opponentlərimiz təkcə media səhifələrində yox, parlamentdə, müxtəlif auditoriyalarda ünvanımıza ağır sözlər işlədirdilər. Hətta naməlum adamlar telefon vasitəsilə zəng edir, pis-pis söyürdülər.
Anlayırdıq ki, bu, cahilliyin, çarəsizliyin, özünü ifadə edə bilməməyin, polemikada uduzmağın, arqumentsizliyin, aşıb-daşan hirs-hikkənin nəticəsidir. Nə etsinlər, əllərindən gələn budur, yalnız bunu bacarırlar.
Təəssüf ki, elələri ilə mübarizənin yolu eyni əsəb-qəzəblə cavab söyüşləri söymək deyildi. Hərçənd əməkdaşımız Cavid İsmayıl bir neçə dəfə anonim zənglər edib söyüş söyənləri susdurmuşdu. Hətta Cavidin ağır sözlərinə dözməyən bir gənc adam telefonu tez-tələsik məcbur olmuşdu. Amma bu, çıxış yolu deyildi.
Sonradan sosial şəbəkələr yarandı və populyarlaşdı, söyüşlü mübarizə norma halına gəldi. İndi söyüş söyə-söyə mübarizə aparmaq halları o qədər intensivləşib ki, adam sosial şəbəkəyə girməyə qorxur.
Bu, həmin durumdur, İsa Qəmbərin 23 il əvvəl dediyidir, insanların mənəvi terrora məruz qoyurlar.
İndiyə baxanda bizim dövrün söyüşcüllərinə təşəkkür düşür. Ciddi deyirəm. O vaxt bizim özümüzü söyürdülər, əksər ağzıpərto rəqiblər var-yox, ata-baba, ana-bacı, arvad-uşaq söhbəti etmirdilər (çərçivələri aşan yaramazlar da vardı, amma az idilər).
İndikilər isə söhbətə, məsələyə, münaqişəyə dəxli olmayan, həyatdan köçmüş, təhqirlərə şəxsən cavab verə bilməyəcək şəxsləri hədəfə götürürlər.
Birincisi, bu çox ayıb bir şeydir, adamın özünün aldığı, hətta almadığı, ailə, məktəb tərbiyəsindən xəbər verir.
İkincisi, nifrəti iyrənc şəkildə qusmağın nə xeyri var? Bu halda söyülən şəxs daha da hiddətlənir, daha da sərtləşir. Elə sözlər, söyüşlər var ki, barışığa, anlaşmaya gedən yolları əbədiyyən qapayır, ictimai rəqabəti şəxsi düşmənçilik səviyyəsinə endirir.
Qardaş Türkiyənin siyasi arenasında da siyasətçilər bir-birinin ünvanına ağır sözlər səsləndirirlər, eyzən bir-birini vətənə xəyanətdə, nadanlıqda, ikiüzlülükdə, əliəyrilikdə, savadsızlıqda, axmaqlıqda təqsirləndirirlər. Elə sözlər deyirlər ki, heç beş batman balla da yemək mümkün deyil. Amma onlar heç vaxt bir-birinin keçənlərini, ailə üzvlərini təhqir etmirlər. Orda-burda bunu edənlər isə ciddiyə alınmır. Hamı bilir ki, heç bir siyasi lider rəqibinin ailə üzvünün təhqir edilməsi barədə göstəriş verməz.
Qoy bizdə də siyasi rəqiblər bir-birinə ağır sözlər desinlər, yazsınlar, dalaşsınlar, amma bu, bir məlum səviyyədə, ədəb çərçivəsində olsun, qurşaqdan aşağı, biədəb kəlmələr səslənməsin, iyrənc söyüşlər dilə gətirilməsin.
Birdəfəlik bilmək lazımdır ki, bu yolun son mənzili yoxdur, varsa da, çox pisdir.