Загрузка...

“Milli komandanın sükanı arxasında ilk rəsmi debüt oyunumdur. Matçın başlamağını maraqla gözləyirəm”. Bu sözləri Qol.az-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov deyib.

Komandamız AÇ-2019-un seçmə qrup mərhələsi çərçivəsində sabah səfərdə Kosovo seçməsi ilə qarşılaşacaq. Bu, R.Sadıqovun U-21-in baş məşqçisi qismində ilk rəsmi matçı olacaq. Oyun öncəsi Sadıqov saytımıza Kosovodan təəssüratlarını bölüşüb:

“Xüsusi, fərqli bir hiss yoxdur. Görək, oyun başlayandan sonra necə olacaq. İstər məşqçi, istər oyunçu kimi oyunlara necə hazırlaşıramsa, komandanı da o cür hazırlamağa çalışıram. Məşqçi kimi bəzi, xüsusilə Çempionlar Liqası təcrübəm var. Proqram üzrə, sakit qaydada oyuna hazırlaşmışıq”.

Kosovoda əlverişsiz hava şəraitinə görə, gücle qar yağdığından yığmamız bu gün əsas meydançada məşq edə bilməyib. Amma baş məşqçi bunun komandaya elə də ciddi təsir etmədiyini bildirib: “Kosovoda hava çox soyuq keçir, qar yağıb. Bu gün əsas meydançada məşq edə bilmədik. Çünki meydan qarla örtülüb. Sabah daha çox qar yağacağını deyirlər. Havanın necə olacağını sabah hamımız görəcəyik. Biz eyni istək, eyni əhval-ruhiyyə ilə oyuna hazırlaşırıq”.

Matça hazır olduqlarını söyləyən Sadıqov səfərdə uğurlu nəticəyə ümid edir: “Komandanın durumu məni qane edir. Hər şey qaydasındadır. Bu gün son məşqimizi edəcəyik. Oyuna nikbin yanaşırıq. Müsbət şeylər düşünürük. İnanırıq ki, buradan yaxşı oyun və yaxşı nəticə ilə ayrılacağıq. Hər şeyi zaman göstərəcək. Uşaqlara inanıram. Öz potensiallarını ortaya qoya bilsələr, yaxşı nəticə qazana bilərik”.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq. Komandaların Bakıdakı qarşılaşmasında hesab açılmamışdı.