Загрузка...

Elçin Mirzəbəyli: “Hər şeyi itirməyin nə demək olduğunu da yaxşı anlayırıq”; Əhəd Məmmədli:“Azərbaycan o bir milyonu qəbul etməyə hazır deyil”

Rusiya ətrafında cərəyan edən proseslərlə bağlı Azərbaycan cəmiyyətinin daim müxtəlif istəkləri olub. Dağlıq Qarabağ və digər tarixi torpaqlarımızın itirilməsində əsas rol oynayan şimal qonşumuzun dağılmasını, orada sabitliyin pozulmasını istəyənlər kifayət qədər çox olsa da, Rusiyada bu proseslərin baş verə biləcəyindən narahat olanlar da az deyil.

Bu narahatçılığa səbəb də Rusiyanın regionun ən nəhəng dövləti olmaqla yanaşı, regionda sabitliyin həm də ondan asılı olmasına görədir.

Son 4 ildə Kremlin ağır sınaqlardan keçdiyi göz önündədir. Ukrayna ərazilərinə etdiyi istiladan sonra Rusiya Qərb ölkələrinin heç bir dövlətə indiyə qədər edilməyən təzyiqləri, sanksiyaları ilə üzləşir. Amma RF hələ də ayaqdadır. Bunu Rusiyaya rəhbərlik edən Vladimir Putinin güclü siyasətçi olması ilə əlaqələndirənlər əksəriyyət təşkil edirlər. Onun Amerikadakı son prezident seçkilərində Donald Trampın qalib gəlməsində mühüm rol oynamaqla ölkəsinə nəfəslik açdığı vurğulanır…

Politoloq Elçin Mirzəbəyli reallıqların başqa olduğunu düşünür: “SSRİ-nin süqutu bütün postsovet məkanında yaşayan insanlara ağır psixoloji sarsıntılar yaşadıb. Bəzən bu haqda danışmağa çəkinirik, amma reallıq başqadır. Biz pis-yaxşı tamamilə fərqli bir cəmiyyətdə doğulmuşuq. Ömrümüzün bir hissəsi bu sovet rejiminin qismən yumşaldığı, başqa bir hissəsi isə ucsuz-bucaqsız bir imperiyanın parçalandığı dövrə təsadüf edir. Mən bu sözlərlə istiqlalımızı əlimizdən alan, Azərbaycan xalqının sayseçmə övladlarını məhv edən, genofondumuza, mədəniyyətimizə, milli kimliyimizə qənim kəsilmiş avtoritar rejimi müdafiə etmirəm, şübhəsiz. Amma biz dağıntılar altında qalmanın, kütləvi psixozun, depressiyanın, ümidsizliyin, insan faciəsinin, tapındığımız, yaxud tapınmağa məcbur edildiyimiz dəyərlərin necə gözdən düşdüyünün nə demək olduğunu bilirik. Biz bir günün içərisində, həm də dəfələrlə hər şeyi itirməyin nə demək olduğunu da yaxşı anlayırıq. Bu gün ölkə həyatının bütün sahələrində əsas söz sahibləri məhz bu kataklizmlərdən keçən, ictimai-siyasi sarsıntıların, parçalanmaların nə demək olduğunu başa düşən insanlardır. Bu səbəbdən də biz regionda və dünyada baş verən proseslərə daha həssas və daha müdrik yanaşırıq. Ən doğrusu da elə budur. Rusiya Azərbaycan torpaqlarının işğalında iştirak edən bir ölkədir. Moskva Ermənistanın işğalçılıq siyasətini stimullaşdırmaqla bizə böyük və heç vaxt unudulmayacaq fəlakətlər yaşadıb. Tarix boyu belə olub. Azərbaycanın parçalanması, ilk cümhuriyyətimizin süquta uğradılması, ölkəmizin de-fakto işğalı, 70 illik istibdad rejimi, torpaqlarımızın yenidən işğal edilməsi, yüzminlərlə insanımızın öz evindən didərgin düşməsi, onminlərlə soydaşımızın qətlə yetirilməsi Rusiya və onun Cənubi Qafqazdakı təxribat mənbəyi olan forpostu Ermənistanla bağlıdır.

Rusiyada sabitlik pozulsa, Azərbaycana ziyanı, yoxsa faydası olar?

Bununla əlaqədar Məhəmməd Əmin Rəsulzadənin hələ gənclik illərində ifadə etdiyi və bu günlə səsləşən çox dəyərli fikirləri var. Rəsulzadə deyirdi: “Biz Rusiya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəyirik. Rusiya hökumətinin həqiqi rus demokratiyasının əlinə keçməsinin tərəfdarıyıq. Çünki Qafqaz dağlarının şimalında təşəkkül edən müstəbid və təcavüzkar bir hökumətə biz laqeyd qala bilmərik. Biz Rusiyanın səadətini istəyirik, fəqət öz istiqlalımızı daha əziz tutarıq. Zorla qəbul edilən bir şeydə qətiyyən səadət ola bilməz. Çünki səadət hürriyyət və istiqlaldadır”. Rəsulzadənin fikirlərini tamamilə bölüşürəm. Biz yaxın qonşumuz olan Rusiyanın sivil, inkişaf etmiş, hüquqi dəyərlərə, başqalarının azadlığına sayğıyla yanaşan bir ölkəyə çevrilməsini arzulayırıq. İmitasiya uzun ömürlü ola bilər, amma əbədi deyil. Biz bu proseslərin bənzərini 1980-1988-ci illərdə yaşamışıq. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar öz sözünü deyir. Yeni silahların yaradılması ilə bağlı kompyüter qrafikasıyla hazırlanmış virtual görüntülərin nümayişi əslində gücsüzlük əlamətidir. Bu gün dünyada silahdan dəfələrlə böyük güc var – iqtisadiyyat. Təəssüf ki, Rusiyanın mövcud hakimiyyəti sələfinin dərslərindən nəticə çıxarmayıb. Amma bu proses eyni qaydada davam edərsə nəticəsi çox ağır ola bilər. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Vaşinqtonun Rusiya təhlükəsi ilə bağlı apardığı təbliğat öz sözünü deyir. Hazırda Rusiya ilə təhlükəsizlik müstəvisində vahid mövqedən çıxış edən dövlət demək olar ki, yoxdur. Zorən müttəfiqlər var. Onlar da Rusiyanın zəifləyəcəyi və onlardan əl çəkəcəyi anı gözləyirlər. Reallıq belədir. Rusiyanın qarşısında isə 69 illik ortaq və ciddi koordinasiya olunan təhlükəsizlik mexanizmlərinə malik güc mərkəzi dayanır. Qüvvələr nisbəti müqayisə  olunmaz dərəcədə fərlidir. 2017-ci ilin nəticələrinə görə, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının 1,2 %-ni təşkil edir. ABŞ və müttəfiqlərinin dünya iqtisadiyyatındakı yeri isə 56-58 % (ABŞ-24,32%, Almaniya – 4,54%, Fransa-3,26%, Böyük Britaniya-3,85%, İtaliya-2,46%, Yaponiya-5,91%, Kanada-2,09% və s.) təşkil edir. Maraqlıdır, görəsən 1,8%-lik iqtisadi güc 58%-in qarşısında necə dayana bilər? Nəzərə almaq lazımdır ki, Rusiya iqtisadiyyatının dünya iqtisadiyyatındakı çəkisi son 6 il ərzində 3,6%-dən 1,2 faizə enib. Buna görə də ABŞ-da kimin hakimiyyətdə olması bu prosesdə strateji əhəmiyyət daşımır. Proses gedir. Təbii ki, biz Rusiyanın güclü iqtisadiyyata malik, qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlıq edən, sivil, işğala və separatizmə dəstək verməyən bir dövlət kimi görmək istəyirik. Ümid edirəm ki, nə zamansa rus xalqı da bu barədə düşünəcək”.

Rusiyada sabitlik pozulsa, Azərbaycana ziyanı, yoxsa faydası olar?

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bunları dedi: “Rusiyada sabitliyin pozulmasında ona görə bəzi təbəqələrimizi narahat edir ki, bu ölkədə bir milyon soydaşımız yaşayır. Rusiyada sabitlik pozulsa, o bir milyon soydaşımız yenidən Azərbaycana axışacaq bu da ölkəmizdə sosial-siyasi partlamaya gətirib çıxara bilər. Azərbaycan o bir milyonu qəbul etməyə hazır deyil. Üstəlik Rusiyada vəziyyətin kardinal şəkildə dəyişməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Lakin müxtəlif təbəqələrin deyil, Azərbaycan milli maraqları tərəfindən yanaşsaq, Rusiyanın zəifləməsi, çökməsi və nəhayət dağılması, bilavasitə Azərbaycanın milli maraqlarına cavab verir. Rusiya olmayan yerdə, nəinki Qarabağ, Ermənistan adlı problemimizi tezliklə həll edəcəyik. Putinə təzyiqlər ona görə effektsizdir ki , Rusiya dünyanın ikinci nüvə nəhəngidir və həmçinin təzyiqlərin şəxsən Putin və ətrafına aid edilməməsidir. Nə vaxta qədər ki, Putin və ətrafının Qərb banklarında şəxsi hesabları dondurulmayacaq, Rusiyaya hansısa ciddi təzyiqin olmasından danışmaq yersizdir. Qərbin Rusiya ilə bağlı ümumi strategiyası yoxdur. SSRİ ilə bağlı vahid strateqiyası var idi, ona görə də, sonda SSRİ tab gətirə bilmədi. Rusiyanın da sonda tab gətirməməsi üçün, ilk öncə NATO-nun bu ölkə ilə bağlı vahid strategiyası olmalıdır. Bu olmayana qədər Putin istədiyini edəcək. Obama ilə Trampa gəldikdə isə, əksinə Obamanın dişsiz, qorxaq siyasəti nəticəsində Putin bu qədər irəli gedə bildi”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”