Загрузка...

Ərəstun Oruclu ABŞ-ın xarici siyasətindəki yeni çalarlardan yazır; “ABŞ prezidentinin atdığı son addımlar ciddi siqnal kimi qəbul olunmalı və … detallı öyrənilməlidir”

21-ci yüzilliyin 18-ci ilinin təzəcə başlamasına baxmayaraq, qlobal siyasətin bu qısa zaman kəsiyində ikinci dəfədir gərgin mərhələyə keçməsi bu gün artıq reallığa çevrilməkdədir. 2001-ci ilin məlum 11 sentyabr terroru və onun ardınca baş verənlər artıq o zaman dünyanı xeyli dəyişdi, amma belə görünür ki, uzun müddət bir tərəfdən antisovetizmə, digər tərəfdən isə antiamerikanizmə köklənmiş ikiqütblü dünyaya Buş administrasiyasının qlobal terrora qarşı mübarizə doktrinası yetərincə motivasiya verə bilmədi.

Əslində bu, heç mümkün də deyildi, çünki 40 ildən artıq qarşı-qarşıya durmuş nüvə supergüclərinin (SSRİ və ABŞ) sərt, bəzən isə təhlükəli rəqabəti şəraitində formalaşmış motivasiyanı cahil başkəsənlərə qarşı birləşməklə əvəzləmək nə “soyuq müharibənin” verdiyi stimulu, nə də əvvəlki bipolyarlıq (ikiqütblü) effektini verə bilməzdi. Görünür, elə bu səbəbdən də növbəti qlobal qarşıdurmaya ehtiyac yaranırdı və bu ehtiyacın reallaşdırılmasının təməli artıq 2008-ci ildə qoyulmağa başladı. 2001-ci ilin 11 sentyabr terrorundan cəmi 7 il sonra. Daha dəqiq desək, 2008-ci ilin avqustundakı separatçı Cənubi Osetiyadan başlayan Rusiya-Gürcüstan münaqişəsi növbəti qarşıdurma mərhələsinin “ilk qaranquşu” sayıla bilər. Ardınca Ukraynadakı “Avromaydan inqilabı” və bunun nəticəsi olaraq Rusiyanın bu ölkəyə kobud hərbi müdaxilə edərək onun bir hissəsi olan Krımı ilhaq etməsi və Şərqi Ukraynada separatçı rejimlər yaratması yeni qlobal münaqişəni tam yetkin mərhələyə çatdırdı. Vəziyyət elə bir həddə çatdı ki, hətta Rusiyaya loyal siyasət yürüdən Obama administrasiyası bu ölkəyə qarşı sərt iqtisadi və digər sanksiyalar rejiminə keçməyə məcbur oldu. Bu, artıq postsovet dünyanın yeni geosiyasi mənzərəsi idi. Digər tərəfdən, dünyanı xaosa sürükləyən “ərəb baharı” və onun yaratdığı fəsadlar həmin yeni dünya düzəninin əsas cizgilərindən birinə çevrildi. Ardınca ABŞ-da keçirilən prezident seçkiləri və demokratların bütün spektr üzrə məğlubiyyəti bu mənzərəni tamamlamağa münbit zəmin yaradırdı.

Ərəstun Oruclu: “Ağ Ev qara yola düşür”

Donald Trampın ABŞ prezidenti seçilməsinə Rusiya siyasi dairələrinin emosional reaksiyasından belə görünürdü ki, Moskvada qlobal siyasətin hansı istiqamətə getdiyini ya anlamırdılar, ya da bilərəkdən belə bir görüntü yaradırdılar. Fikrimcə, hər iki ehtimal eyni dərəcədə istisna olunmur. Amma gözlənilənin əksinə olaraq, məhz Tramp administrasiyasının bir ildən bir qədər artıq müddətdə həm Ukrayna, həm də Suriya istiqamətində Rusiyaya qarşı atdığı sərt addımlara ABŞ demokratları yalnız həsəd apara bilərlər. Bu da gözlənilən idi, çünki respublikaçıların xarici siyasəti, o cümlədən də Rusiyaya yönəlik siyasəti daim demokratlardan daha sərt olub. Avtoritar ölkələrdə ABŞ siyasətinin incəliklərini anlamağa çətinlik yaradan məqamlardan biri də bu siyasətin institusional və çoxşaxəli olduğunu anlaya bilməməkdir.

Belə görünür ki, Moskvada Konqreslə Dövlət Dumasının prinsipial fərqini və ya beyin mərkəzlərinin ABŞ siyasətinə təsirinin miqyasını anlamaqda hələ də çətinlik çəkirlər. Görünür, elə bu səbəbdən də Tramp administrasiyasının bir çox təmsilçilərinin Rusiyaya loyallığına hesablanmış arxayınlıq qısa zamanda məyusluqla əvəzləndi. Bu gün Robert Mullerin xüsusi təhqiqat qrupunun irəli sürdüyü təqdimat və ittihamlar əsasında bir çox Rusiyaya loyal Ağ Ev rəsmilərinin karyerasına son qoyulub, hətta prezidentin kürəkəni Cared Kuşnerin milli təhlükəsizlik nöqteyi-nəzərindən etibarlılıq dərəcəsi “tam məxfi”dən “məxfi” səviyyəyə endirilib və bu da hələ son deyil. Amma nə Vaşinqton mətbəxində baş verən permanent dəyişikliklər, nə də ABŞ siyasi isteblişmentinin kəskin qütbləşməsi ölkənin həm daxili, həm də xarici siyasətinə heç bir neqativ təsir göstərməyib. Bu azmış kimi, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqat Konqresin hər iki palatasında çoxluq təşkil edən respublikaçıları Rusiyaya münasibətdə daha sərt olmağa məcbur edib.

Ərəstun Oruclu: “Ağ Ev qara yola düşür”

Bugünkü ABŞ siyasi mühitində Rusiyaya loyallıq heç də yaxşı reputasiya sayılmır. Görünür, elə bu səbəbdən də Rusiyaya loyallığını gizlətməyən Donald Tramp həm Suriyada Bəşər Əsədin hərbi aviabazasına raket zərbələri endirməkdə, həm də Ukraynaya “öldürücü silahların” verilməsində dünənə qədər tənqid etdiyi Barak Obamadan daha qətiyyətli addımlar atmalı oldu. Bu, ABŞ siyasətinin reallığıdır və gördüyümüz kimi, qeyri-ordinar Tramp da həmin reallıqla hesablaşmağa məcburdur.

Amma həm Tramp administrasiyasında baş verən son dəyişikliklər, həm də yeni ABŞ administrasiyasının xarici siyasət vektorunun tez-tez dəyişməsi ciddi narahatlıq doğurmalıdır. Ən azı ona görə ki, superdövlətin xarici siyasətinin stabil olmaması ən ağır fəsadlara səbəb ola bilər. Həm də təkcə ABŞ-ın özü üçün yox. Bu kontekstdə ABŞ prezidentinin atdığı son addımlar ciddi siqnal kimi qəbul olunmalı və həm bu addımlar, həm də onların atılmasına sövq edən səbəblər detallı öyrənilməlidir. Son addımlar isə bunlardır: dövlət katibi Reks Tillerson gözlənilmədən istefaya göndərilir və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo yeni dövlət katibi təyin olunur. Onun müavini Cina Haspel MKİ-nin yeni direktoru təyin olunur. Eyni zamanda, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmasterin mart ayında, ardınca isə Ağ Ev administrasiyasının rəhbəri Con Kellinin istefaya gedəcəyi haqda məlumatlar dövriyyəyə buraxılır.

Ərəstun Oruclu: “Ağ Ev qara yola düşür”

Son bir ildə apardığım müşahidələr göstərir ki, belə məlumatlar təsadüfən üzə çıxmır. Bunların hamısının baş verəcəyi halda isə ABŞ siyasətinin oğul Corc Buş dönəminə qayıtması istisna olunmur. Robert Mullerin araşdırmalarının da dərinləşdiyini nəzərə alsaq, deməli, bu ehtimal daha da güclənir. Donald Trampın xarici siyasətində sərt xətt əsasən Şimali Koreyaya və İrana qarşı yönəlib. Amma son günlər Şimali Koreyanın sülh danışıqları istiqamətində atdığı (və ya imitasiya etdiyi) çevik addımlar ABŞ xarici siyasətini fakt qarşısında qoydu və bununla da sərt siyasət vektorunda yalnız İran qaldı ki, burda da Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahunun siyasi maraqları da tam üst-üstə düşür. Birincinin başı üzərində Robert Muller təhqiqatı, digərininsə İsrail polisinin korrupsiya araşdırmaları və üstəlik də ABŞ-ın İraqdakı və Suriyadakı kürdlərlə bağlı yürütdüyü siyasətin uğursuzluğu İran istiqamətində gərginliyin artmasına rəvac verə bilər. Başqa sözlə, daxili siyasətdəki fəsadları xarici siyasətdəki sərt addımlarla arxa plana keçirməyə cəhd oluna bilər. Donald Trampın müsəlmanlara nifrətini gizlətməyən Pompeonu dövlət katibi və terrorla əlaqədə şübhəli bilinənlərə işgəncələr verilməsində şəxsən iştirak edən və sonradan da bunun sübutlarını məhv edən Cina Haspeli MKİ direktoru postuna gətirməsi bu mənada heç bir halda müsbət tendensiya sayılmamalıdır. İrana qarşı siyasətin sərtləşə biləcəyini və güc müstəvisinə keçə biləcəyini də nəzərə alsaq, deməli, Azərbaycanın ABŞ xarici siyasəti üçün aktuallığı artır. Digər tərəfdən də Rusiya-İran-Türkiyə üçbucağında olan Azərbaycanın ən azı elə bu səbəbdən ABŞ-İsrail cütlüyü ilə əməkdaşlığı qeyri-real görünür. Görünür, elə bu səbəbdən də Vaşinqtonda Qarabağ separatçılarının liderini görmək istədilər. Başqa sözlərlə, ABŞ-ın bəzi dairələri Azərbaycana təzyiq məqsədilə ölkənin işğal olunmuş əraziləri və işğalçı kimi amillərdən Bakıya təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır. Bütün bunlar da iki ölkə arasında strateji əməkdaşlıq haqda söhbətlərin fonunda baş verir. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə siyasəti konkret və ardıcıl olmalıdır. Əvvəla, rəsmi Bakı Vaşinqtona belə bir baza üzərində qurulması nəzərdə tutulan əməkdaşlığın mümkünsüzlüyü açıq şəkildə çatdırmalıdır. Digər tərəfdən, Azərbaycanı özünə müttəfiq və ya potensial müttəfiq sayan istənilən ölkə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə birmənalı olaraq beynəlxalq hüquq normalarına söykənməli və Azərbaycanın ərazi bütovlüyünü təkcə sözdə deyil, işdə də müdafiə etməlidir. Eynilə Gürcüstanda və Ukraynada etdiyi kimi.

Əks təqdirdə istənilən əməkdaşlıq birmənalı olaraq qurulmağa başlamadan iflasa uğrayacaq. Ən azı Dövlət Departamenti səviyyəsində ABŞ administrasiyası öz ermənipərəst sentimentlərilə tanınan demokrat senator Robert Menedezin təşəbbüsü ilə reallaşdırılan və təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də beynəlxalq hüquqa zidd olan təşəbbüsündən kəskin şəkildə məsafələşməli, onu qətiyyətlə pisləməlidir. Azərbaycan tərəf də özünün ABŞ siyasətinə ciddi korrektələr edərək, bu siyasəti bütün müstəvilərdə və çoxşaxəli aparmalı, onu heç bir halda yetərincə şübhəli reputasiyası olan hansısa lobbiçilərin öhdəsinə buraxmamalıdır. Bundan başqa, bu günlərdə hüquq müdafiəçisi Novella Cəfəroğlunun təklif etdiyi bir məqam diqqətdən kənar qalmamalıdır. Novella xanım ABŞ-ın Azərbaycandan çıxarılmış demokratik institutlarının Azərbaycana qayıtmasına şərait yaradılmasının vacibliyini qeyd edir. Ümid etmək istərdim ki, hüquq müdafiəçisinin bu doğru və rasional təklifi sadəcə təklif kimi qalmayacaq, çünki yuxarıda qeyd etdiyim kimi, bütün bu institutlar ABŞ xarici siyasətinin formalaşmasına biləvasitə təsir edən ciddi beyin mərkəzləridir. Nəhayət, ölkə daxilində geniş siyasi islahatlara başlanmalı və bu istiqamətdə ilk addım olaraq siyasi məhbus kimi tanınan bütün şəxslər azad olunmalıdır. Çünki “Yumşaq təzyiq” siyasəti davam edəcəyi halda yada düşən növbəti məsələ insan haqları və siyasi məhbus mövzusu olacaq ki, burda da Azərbaycanın durumu heç də ürəkaçan görünmür.

Ərəstun ORUCLU,
Vaşinqton, ABŞ
Musavat.com