Загрузка...

Politoloq: “Azərbaycan da dünyanın siyasi baxımdan korrupsiyalaşmasından əziyyət çəkir”

 

Dünyada baş verən siyasi proseslərdə ənənəvi prinsiplərdən imtina halları müşahidə edilir. Bu barədə açıqlamalar verən ekspertlər bildirirlər ki, artıq dünya siyasətində siyasi gedişlər öz yerini maliyyə prinsiplərinə verməyə başlayıb. Bu xüsusda isə iri dövlətlər qazandığı halda, daha çox kiçik dövlətlərin müstəqillikləri təhlükə altına düşür, təzyiqlərə məruz qalırlar. Dünyanın super gücləri əsasən iqtisadi güclərindən istifadə edərək, digər kiçik dövlətlərə təzyiqlər edirlər ki, bu da ümumən dünya düzəninə təsirsiz ötüşmür. Ekspertlərin fikrincə artıq dünya siyasətində bir növ korrupsiyalaşma müşahidə edilir.

 

“Yeni Müsavat”a mövzu ilə bağlı danışan politoloq Mübariz Əhmədoğlu da təsdiqləyib ki, hazırda dünyada gedən proseslərdə əvvəlki dövrlərlə müqayisədə fərqlilik nəzərə çarpır: “Hal-hazırda dünya siyasəti dedikdə, daha çox Amerikanın, Avropanın siyasəti başa düşülür. Rusiyanın adını ona görə hallandırırıq ki, bu ölkə bizim qonşuluğumuzda yerləşir. Yəni tutaq ki, Avrasiyanın digər regionlarında və ya digər qitələrdə Rusiyanın adı hallanmır. Lakin hər yerdə Avropa, Amerika siyasəti danışılır. Qərbin siyasətində iki prinsipial dəyişiklik var ki, bu da Qərbin öz dəyərlərini şübhə altına salır. Birincisi ondan ibarətdir ki, Avropanın öyündüyü liberal dəyərlər sistemi əvvəlki kimi təsirli deyil. Liberal dəyərlər sistemində bəzi istiqamətlər əndazədən artıq inkişaf etdi. Məsələn, cinsi azlıqlara dəstək vermək dünya siyasəti səviyyəsinə qalxdı. İkincisi də dünya siyasətinin idarə olunmasında pul amili xeyli güclənib. Pul amilinin artması isə istər-istəməz korrupsiya məsələsini gündəmə gətirib. Yəni əslində siyasi korrupsiya termini var və bu gün isə faktiki olaraq geosiyasi korrupsiyadan danışmaq mümkündür. Dünyanın geosiyasəti xeyli miqdarda korrupsiyalaşıb. Trampın hakimiyyətə gəlməsi ilə bu hal özünü daha qabarıq şəkildə nümayiş etdirdi. Əslində liberal dəyərlərdə zəifləmə var idi və bu dəyərlər artıq mövqeyini itirirdi. Bəlkə də Amerikada dövlətçiliyə, siyasi dəyərlərə bağlı olan şəxs hakimiyyətə gəlsəydi liberal dəyərlərdə geriləmə halı dayanardı. Ancaq Trampın hakimiyyətə gəlməsi ilə bu liberal dəyərlər xeyli mövqeyini itirdi və geosiyasi korrupsiya gücləndi. Amerika prezidenti kimi Tramp ilk səfərini Səudiyyə Ərəbistanına etdi. Bu ölkəni isə dünya üzrə xarakterizə edən məsələ puldur. Bir səfərində 110 milyard dollar məbləğində müqavilə imzalandı. Təxminən 350 milyard dollar məbləğində də yaxın ərəfədə müqavilələrin imzalanmasının bünövrəsi qoyuldu. Eləcə də birdən-birə ABŞ Qətərə qarşı hücuma keçdi. Əslində bu da pulla siyasətin birgə simbiozunun yaratdığı effekt idi”.

 

Dünyanın aparıcı güclərinin “korrupsiya siyasəti”

 

Politoloq bildirib ki, Qətər şərq dünyası içərisində kiçik olsa da təbii qazın hesabına maddi baxımdan zəngin idi: “Eyni zamanda çox güclü media maqnat idi. Onun apardığı siyasət qonşu ərəb dövlətlərini narahat edirdi. Bununla bağlı Trampa donos verildi və o da ərəb dövlətlərinin mövqeyini dəstəklədi. Yəni Qətər krizisi pulla siyasətin indiki halda qarşılıqlı nəticəsinin ən bariz göstəricisidir. Eləcə də bilirik ki, Çinlə ABŞ arasında kifayət qədər böyük iqtisadi rəqabət gedir. Ancaq Tramp Çinə səfəri zamanı orada da təxminən 75 milyard dollar həcmində müqavilə bağladı. Yəni bunlar hal-hazırda dünyanın gedişində siyasi prinsiplərin gerilədiyini, maliyyə prinsiplərinin önə çıxdığını göstərir. Eləcə də konkret olaraq bizim öz regionumuzla da bağlı vəziyyət oxşardır. Ermənistan prezidenti Serj Sərkisyan yeni prezident seçilən zaman Avropaya səfər etmişdi. O zaman Avropadakı ermənilər Sərkisyana şikayət etdilər ki, Azərbaycan güclənir və biz bunun qarşısını ala bilmirik. Həmin ərəfədə o açıq təlimat verdi ki, bütün imkanlarınızdan istifadə edib, Azərbaycandakı insan hüquqları, demokratiya məsələsini qaldırın. Nəticədə Avropa İttifaqında müəyyən strukturlar elə istiqamətdə qrant layihələri ayırdılar ki, həmin layihələr nəticəsində əks işlər görüldü. Deməyim odur ki, Azərbaycan da dünyanın siyasi baxımdan korrupsiyalaşmasından əziyyət çəkir. Çalışaq ki, dünyanın siyasi idarəçiliyində pulun rolu azalsın. Bu hal, kiçik dövlətlər üçün təhlükələr yaradır. Yuxarıda dediyim Qətər misalı bunun bariz nümunəsidir. Əl-cəzirə televiziyası dünyanın bir çox problemlərini işıqlandırırdı. Bu televiziya dünyanın müəyyən bir regionu üçün nəfəslik idi. İndi isə vəziyyətin nə yerdə olduğu hər kəsə məlumdur. Pulun rolu artdıqca bu kimi hallar çoxalır. Yaxın Şərqdən uzaq kiçik dövlətlərdə də vəziyyət oxşardır. Məsələn, Baltikyanı dövlətlərində oxşar hallar baş verir. Rusiya ilə Avropa arasında gedən siyasi korrupsiya ortaya girən kimi Baltikyanı ölkələrdə də vəziyyət pisləşdir. Avropa İttifaqı Baltiyanı dövlətlərə nə diktə etdisə, bu dövlətlər buna əməl etdilər. AES-in fəaliyyətini dayandırıb, Rusiya ilə bəzi müqavilələrdən imtina etdilər. Əvəzində isə Avropa həmin dövlətlərə pul ayıra bilmir. Çünki özünün qazandığı pul lazımı səviyyədə deyil. Halbuki bunu əvvəlcədən də görüb, imkanlarına uyğun göstəriş verə bilərdilər. Rusiyaya təzyiq üçün bu cür addım atdılar ki, bu da pis nümunədir”.

 

Əli Rais
“Yeni Müsavat”