Загрузка...
“Azərbaycanda soyqırımın 100 illiyi ilə bağlı abidə kompleksi yaradılmalıdır”.

Bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, düşmən ölkə – Ermənistan belə bir abidə kompleksi yaradaraq, saxtakarlıqla məşğuldur.

O, çıxışı zamanı şəhid ailələrinə mənzillərin verilməsi məsələsinə də toxunub:

“Həmin ailələrə mənzillərin verilməsi xüsusi diqqətdə saxlanılmalıdır”.

T.Kərimli daha sonra deputat seçildiyi 87 saylı Ağsu – İsmayıllı seçki dairəsi ərazisi üzrə problemlərdən danışıb:

“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil. Bərbad vəziyyətdə olan bəzi məktəblərdə ilanlar gəzişir. Rayonun 5 nömrəli internat məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir.

Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyini ötən dəfə çıxışımızda dəfələrlə müzakirə etmişik, ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Təhsil Nazirliyinə müraciət edərək məktəblərdə kişilərin daha çox müəllim işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməyin vacibliyini xatırlatmaq istəyirəm”.

“Ölkə.Az”