Загрузка...

Politoloq: “Burada ermənipərsətlik açıq şəkildə özünü göstərir”

Dağlıq Qarabağdakı işğalçı rejimin başçısı Bako Saakyanın ABŞ-a səfəri Amerika Birləşmiş Ştatlarının siyasətində mövcud olan ikili standartların bariz nümunəsidir.

ATƏT MQ-nin həmsədri kimi münaqişənin beynəlxalq hüquq və normaları çərçivəsində həllinə görə məsuliyyət daşıyan, dünyada haqqın və ədalətin keşiyində durduğunu bəyan edən bir ölkənin işğalçı rejimin başçısına belə şərait yaratması nonsensdir.

Əgər bu, normaldırsa, nəyə görə Krımın, Cənubi Osetiyanın, Abxaziyanın, Dnestryanı Respublikanın və digər bu kimi qurumların rəhbərlərinə müvafiq şərait yaradılmır? Yox, əgər pisdirsə, nəyə görə Bako Saakyana belə imkan tanınır?

ABŞ necə ədalətdən danışa bilər ki, bir separatçı rejimin başçısı Konqresin binasında görüş keçirir, konqresmenlərlə təmasda olur, onlara heç bir ölkə, o cümlədən də Amerikanın özü tərəfindən tanınmayan separatçı qurumun adından təltiflər təqdim edir?!

Hətta Saakyanın Konqresdə icarə olunmuş otaqda Konqresdəki erməni qoxusunun nümayəndələri ilə görüşdüyü, ermənipərəst mərkəzlərdə görüşlər keçirdiyi nəzərə alınsa belə, ona belə bir şərait yaradılması ABŞ-ın özünün prinsiplərinə və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir.

Dağlıq Qarabağın başçısı Ermənistan pasportu və vizası ilə ABŞ-a necə səfər edib?

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yürütdüyü ikili standartlar siyasətinə  son qoymalı və bəyan etdiyi prinsiplərə sadiqliyini göstərməlidir.

Azərbaycan ictimaiyyəti ABŞ-ın ikili standartlar siyasətinə qəti etiraz edir.

Politoloqlar, ekspertlər bu halı Vaşinqtonun siyasətində ədalətsizlik və ikili standartlar kimi qiymətləndirirlər.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu səfər açıq şəkildə biabırçılıqdır:

Bako Saakyanın ABŞ səfəri: ikili standartların bariz nümunəsi...

“Çünki Amerika gah danışıqlar prosesinin intensivləşdirilməsindən, gah status-kvonun dəyişdirilməsindən danışır və bunun üçün əlindən gələni edəcəyini söyləyir. Ancaq bir tərəfdən də  ABŞ Bako Saakyanı Vaşinqtona dəvət edib, onu yüksək səviyyədə qarşılayır. Bu, Amerikanın ikili standartla yanaşmasını göstərən bir faktdır. Azərbaycanla strateji tərəfdaşlığa can atdıqlarını da bəyan edirlər. Əfqanıstandakı bütün işlərini Azərbaycan vasitəsilə həyata keçiriblər. Qərbin müttəfiqləri Azərbaycanın neft və qazı ilə təchiz edilir.  Bütün bunların qarşılığında isə ABŞ Azərbaycanın hüquq normalarına uyğun olan probleminin həllinə faktiki şəkildə əngəllər yaradır. Digər həmsədrlər də buna bənzər addımlar atırlar. Məsələn, ”Dağlıq Qarabağın” Moskvada nümayəndəliyini açıb. Bako Saakyan bundan əvvəl Parisə də səfər etmişdi. Bu ikili standartların, bu riyakarlığın izahı heç cür mümkün deyil. Zənnimcə vaxtdır ki, Azərbaycan özünün samballı mövqeyini ortaya qoysun”.

Politoloq bildirib ki, proseslər getdikcə həll variantına əngəl törədən məsələlərin yaranması istiqamətində gedir: “Bu baxımdan da Azərbaycan tərəfi ilk növbədə Minsk qrupu həmsədrlərinə, ATƏT rəhbərliyinə müraciət etməli, bu cür biabırçı davranışlara son qoyulmasını ciddi surətdə tələb etməlidir. Məsələ burasındadır ki, burada ermənipərsətlik açıq şəkildə özünü göstərir. Belə olmasaydı, Rusiyanın parçaladığı Ukraynaya da münasibətdə bu, özünü büruzə verərdi. Eyni zamanda Moldovaya da eyni cür münasibət bəsləyərdilər. Gürcüstana münasibətdə bunun müəyyən təzahürlərini görürük. Ancaq Azərbaycana, Dağlıq Qarabağ məsələsinə gəlincə bunun əlahiddə məsələ olduğu, buna əlahiddə yanaşmanın lazım gəldiyini dilə gətirməyə başlayırlar. İşğaldan danışısalar da işğalçının kim olduğunu vurğulamaqdan, buna siyasi qiymət verməkdən çəkinirlər, özlərinə əziyyət vermək istəmirlər. Bu, hal təkcə beynəlxalq hüququn pozulması deyil. Bütün bu ikili standartlar eyni zamanda siyasətdə qeyri-səmimiliyin və riyakarlığın bariz nümunəsidir”.

Onu da qeyd edək ki, martın 16-da Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanın ABŞ səfərinə sərt etiraz ediblər. QAT sədrinin müavini İlqar Əli aksiyada çıxış edərək terrorçu Bako Saakyanın ABŞ səfərini, orada müxtəlif tədbirlərdə iştirakını pisləyib, ABŞ hakimiyyətini bu cür hərəkətlərə son qoymağa tələb edib. Aksiya iştirakçıları “ABŞ-a ar olsun!”, “ABŞ, terrorçuları himayə etmə!”, “Azərbaycan hakimiyyətindən ABŞ-la diplomatik əlaqələri kəsməyi tələb edirik!”, “Ya Qarabağ, Ya Ölüm!” və digər şüarlar səsləndiriblər.

Musavat.com