Regionumuzda separatçı rejimlər, tanınmamış, qurama “dövlətlər” çoxdur. Gürcüstanda Cənubi Osetiya, Abxaziya var, Moldovada Pridnestrovye, Ukraynada yeniləri əmələ gəlib: Krım, Donbas, Luqansk…
Onlardan ən məşhuru “DQR”-dir.
Ən qanlısı, pisi, qəddarı da odur.
Bu rejim Ermənistanın və Rusiyanın maddi, hərbi, siyasi, mənəvi, hər cür dəstəyi ilə Azərbaycana qarşı əsl hərbi cinayətlər törədib.
Bunu dünyada bilməyən yoxdur. Bilmədiyini deyənlər olsa belə özlərini bilməzliyə qoyanlardır.
Ən azı Avropa və Amerikada “DQR” separatizminin “xəstəlik tarixçəsi”ni əzbərdən və təfərrüatı ilə bilirlər.
Söhbət, əlbəttə ki, siyasi dairələrin bilgili olmasından gedir.
İctimaiyyət bu haqda geniş bilsə, nə olacaq, bilməsə, nə olacaq. Hər kəsin dərdi özünə dəvə boydadır.
Siyasi dairələr isə hər şeyi ona görə yaxşı bilirlər ki, işləri budur.
Bir az uzaqlarda başqa separatçı rejimlər də var. Məsələn, İspaniyada KataloniyaE
Kataloniya xalqının böyük əksəriyyəti separatizmə tərəfdar idi. Erkən payızda katalonlar referendum da keçirdilər, İspaniyadan ayrıldıqlarını bildirdilər. Nəticəsi nə oldu?
Katalon liderlərin başlarına oyun açdılar. Onlar qaçıb Belçikaya sığındılar. Avropa Kataloniya separatizminə dəstək vermədi, əksinə, qınadı.
ABŞ da İspaniyanın bütövlüyündən yana çıxış etdi. Separatçı Puçdemonun ayrılıq arzusu puç oldu.
Əgər ABŞ Konqresində, Senatda, Ağ Evdə, Dövlət Departamentində Puçdemonu qəbul etsəydilər, o, ürəklənəcəkdi, xalq arasında dayağı daha da güclənəcəkdi, opponentləri pərt durumda qalacaqdı.
Ancaq Ağ Ev separatizmə qarşı çıxdı.
Deyəndə necə də gözəl səslənir: “Ağ Ev separatizmə qarşı çıxdı”.
Gerçəkdənmi? Yox, düzəlişə ehtiyac var. “Ağ Ev Kataloniya separatizminə qarşı çıxdı”.
Başqa separatçı rejimlər, hərəkatlar yerinə, ölkəsinə görə ABŞ-dan dəstək görür.
Məsələn, 44 ildən bəri müstəqillik mücadiləsi verən və yarım əsrə yaxın bir müddətdə suverenliyini elan etmiş Şimali Kipr Respublikası ABŞ tərəfindən dəstək görmür.
Amma ABŞ Suriya və İraq ərazilərində kürd separatizmini hər cür dəstəkləyir, kürdlərə dövlət qurmağa çalışır. Gizlədilməyən niyyət gələcəkdə Türkiyə və İranın bir hissəsinin də qoparılıb “Kürdüstan”a birləşdirilməsidir.
Abxaziya, Cənubi Osetiya, Pridnestrovye, Krım liderləri bu gün ABŞ-a və ya Avropanın qüdrətli dövlətlərinə getsələr, oralarda siyasi dairələrdə qəbul edilərlərmi? Edilməzlər.
Hətta onlar İnterpol xətti ilə axtarışa verilmiş ola bilərlər və getdikləri ölkənin hüquq-mühafizə orqanlarıyla problem yaşayarlar.
Nədən? Çünki onlar Rusiyanın satelliti, marioneti olan rejimlərdir və Avropayla ABŞ onların nazıyla oynamaz.
Bəs axı “DQR” rejimi daha çox Rusiyapərəstdir, daha böyük və daha köhnə oyuncaqdır. Üstəlik, Rusiya “DQR”-I daha çox himayə edir. Bunu isə bütün Avropa çox yaxşı bilir.
Elə fərq də burdadır. Burada erməni diasporasının, ermənilərə lobbiçilik edən qüvvələrin ciddi rolu var.
Abxazlar, osetinlər separatçılığa dünən-srağagün başlayıblarsa, ermənilər ən azı 125 ildir bu yoldadırlar.
Bu müddət ərzində onlar müxtəlif ölkələrdə kökləniblər, şaxələniblər, qol-budaq atıblar, hər cür həyasızlıqlar edərək faktora çevriliblər.
Ona görə də separatizm məsələsində onlara qarşı bir üzgörənlik var. Katalonlar bir tərəfədir, ermənilər bir tərəfə.
Budur, xəbər yayılıb ki, separatçı lider Saakyan Konqresin xarici əlaqələr komitəsinin bir qrup üzvü ilə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini aparıb.
Kürd liderlər də Avropa boyunca görüşlər, tədbirlər keçirə-keçirə, müsahibə verə-verə gəzirlər. Başqa separatçılar bu imtiyazdan məhrumdurlar.
Bu iltifatdan yalnız erməni və kürd liderlər yararlana bilirlər. Bir ara çeçen liderlər də Avropadan xoş üz görürdülər. Çünki onlar separatçılıqlarını Rusiyaya qarşı edirdilər. Kosova separatizmi də bu üzdən ABŞ və Avropadan dəstək gördü.
Yalnız ermənilərdir ki, “Rusiyanın uşaqları” ola-ola, həm də avropalıların gözündə doğmadırlar. Sabah Rusiya ermənilərə arxa çevirsə, ABŞ onlara qahmar çıxacaq. ABŞ neytral qalsa, Fransa qabağa duracaq. Hələ bunun Almaniyası, İngiltərəsi, Hollandiyası var.
Ona görə də Bako Saakyan və onun kimi separatçıların qüdrətli ölkələrin paytaxtlarında, ikinci-üçüncü dərəcəli siyasi şəxslərlə görüşlərindən sarsılmaq, onları qəbul edən dairələri “ikiüzlülükdə”, “ikili standartlara yol vermək”də asıb-kəsmək bir işə yaramaz.
Bu faktlarla hesablaşmaq və çalışmaq lazımdır – lazım gəlsə, lap 125 il də bundan sonra…