Rusiya Britaniyanın düz göbəyində kimyəvi silah tətbiq edir, Tereza Mey-in kabineti isə buna necə cavab vermək haqda azı 10 gün düşündü. Son əhvalat, yəni keçmiş casus Skripal və qızının, polisin zəhərlənməsi əslində Litvinenkonun öldürülməsinin ardıdır. İngilis xüsusi xidmətləri, nəhayət, guya asqırıb ayılıblar, 14 bu tip şübhəli ölüm faktını araşdırırlar. Qəbiristanlıqlarda qəbirlər sökülür… Gorun çatlasın, Marqaret Tetçer. Ta Çörçill neyləsin, heç təsəvvür eləmək olmur.
Biz Rusiyanın necə imperiya olduğunu, hansı nifrət, əsəb, qara fikirlərlə düşmən saydıqlarını məhv etdiyini hamıdan yaxşı bilirik. Taleyimiz belədir. 200 ildən çoxdur bu mənhus imperiyanın, bu anormal, əcaib ikibaşlı qartalın caynaqları altındayıq. Torpaqlarımızı alıb itə-qurda pay ediblər, qabaqda gedən qaymaq ziyalılarımızı Sibir çöllərində öldürüblər, müstəqil dövlətimizi çökdürüblər, sərvətlərimizi dəyər-dəyməzinə sümürüb hələ üstəlik minnət qoyublar. Bəs uzun illər komfortda yaşamağa öyrəşmiş qərblilər bunu bilmirlərmi? Görmürdülərmi? Görürdülər. Ancaq susurdular. O üzdən əcəl zəngi bir gün öz qapılarında çalınanda çaşbaş qalıblar. Bir az pis axşamlayıblar.
Britaniya hökumətinin Rusiyaya cavab notasında bir detal xüsusi vurğulanır: “Ölkəmizin daxilində silah tətbiq edilib”. Anlamıram, bəs 30 ildir Azərbaycanın daxilində kimin silahlı qüvvələri oturub? Ermənilərə qarşı niyə belə münasibət yoxdur? Ruslar ermənilərə dəstək verəndə susun, Solsberi-yə zəhər atanda diliniz açılsın – olmur belə. Dünya siyasəti oyuncağa dönür. Ya hamı evində oturacaq, ya da hamının qəbirləri söküləcək.
Avropa Birliyindən dəstək istəyirlər. Axı ordan çıxmağın əsasını elə Tereza Mey hakimiyyəti qoyubdur. Buyur, breksitdən ləzzət al. Zəifləmiş, parçalanmış Avropa rus ayısının qabağında hərəsi bir yana baxan öküz sürüsünə dönür. Min, parçala, hökm sür.
İkiüzlü siyasətin axırı belə olmalıydı. 2005-ci ildə Elmar Hüseynov Bakıda öldürüləndə nə tədbir gördünüz? Heç nə eləmədiniz. İndi Maltada, Slovakiyada – Avropanın göbəyində jurnalistləri güllələyirlər (deyəsən göbək sözünü çox yazmalı oluruq. Nə etməli, mövzu intim mövzudur. Hələ pis çıxmasın, deyəsən, bunun qurşaqdan aşağı enən vaxtları da olacaq).
Şəxsən məndə o “Noviçok” adlı əsəb-iflic qazını rusların tətbiq elədiyinə bir damcı şübhə yoxdur. Putin 18 illik siyasəti ilə beynəlxalq hüquqda heç bir qanun-qayda tanımadığını dəfələrlə nümayiş etdirib. Yenə girişdəki fikirlərimizə qayıtsaq, bunlar sərnişin təyyarəsini raketlə vuran, doğma qardaşı Ukraynanı parçalayan və qanını axıdan, Suriyadan Gürcüstana, Moldovadan Orta Asiyaya qədər ən fərqli coğrafiyalarda suyu bulandırıb balıq tutmaq istəyən rejimdir. Erməniyə tank, azərbaycanlıya həmin tankı vurmaq üçün raket satan, bu qırğınlardan milyardlar qazanan mənfur sistemin əlində yesir qalmışıq. Ancaq deyir imam üçün ağlayanda arada Yezidə də bir-iki ağız ağlamaq pis olmaz. Guya Qərb, elə Britaniyanın özü süddən çıxan ağ qaşıqdırmı?
Çox uzaqdan misal gətirmək fikrində deyiləm. İllərdən 2003. ABŞ və Böyük Britaniya İraqda kütləvi qırğın silahlarının, bakterioloji və kimyəvi silahın hazırlanması bəhanəsiylə Səddam rejiminə basqın edir. Müharibə 8 il çəkir. Arada Səddamı tutub asırlar. Ancaq bütün bu müddətdə İraqda BİR QRAM belə kütləvi qırğın silahı tapılmır. Anti-Səddam koalisiyası bunu etiraf edir. Toni Bleyer və Corc Buş dəfələrlə yalan danışıbmış. İndi sizə beynəlxalq inamsızlığın kökünə belə yalançılıqlar dayanır. Sən 2003-də yalan danışmısan, Putin də 2018-də danışır. Müəllimi siz olmusunuz.
Məncə, o qədər də pis şagirdə bənzəmir. Hərçənd, elə bil ki, ustadlarının üzünə kəm baxmaqdadır. Gözünə ağ damacaq – bizim millət belə deyir…