Adam bilmir qürur duysun, yoxsa xəcalət çəksin – ölkəmiz dünyanın ən ucuz 50 ölkəsinin sırasında yer alıb.
Bu xüsusda ona görə qürur duymaq olar ki, hər halda dükan-bazardakı ucuzluq yaxşı şeydir, dünya ictimaiyyəti də belə ölkələri sevir.
Amma bu siyahıdakı qonşularımızın eyzən kasıb ölkələr olması adama istər-istəməz xəcalət verir.
Qonşularımıza baxın: Hindistan, Pakistan, Tunis, Zambiya, Ukrayna, Meksika, Misir, Banqladeş, Gürcüstan, Moldova, Belarus, Qazaxıstan, Ermənistan, Makedoniya və b.
Düzdür, siyahıda Səudiyyə Ərəbistanı da var, amma hamımız bilirik ki, onlardakı ucuzluq varlılıqdandır, kasıbçılıqdan deyil.
Bu reytinq cədvəlini tərtib edərkən beş əsas göstərici nəzərə alınıb: alıcılıq qabiliyyəti, mənzil kirayəsinin, qida məhsullarının qiyməti, mal və xidmətlərin dəyəri, restoran və barlardakı qiymətlər.
Dünənəcən hamımız deyirdik ki, bizim xidmət və iaşə işçilərimiz əcnəbi görəndə dərilərini soymaq istəyirlər. Heç də elə deyilmiş, üstəlik, bizimkilər əbəs yerə bu niyyətə düşməyiblərmiş. Görünür, bizdə informasiya var ki, ölkəmizə yeyib-içməyə, kef-damağa gələn əcnəbilərin öz ölkəsində adi hamburqer 15-20 avrodur. Rəvadırmı ki, o, gəlib qara qoçun antrekotunu 6-8 manata (3-4 avroya) dişinə çəksin?
Hamburqer demişkən, o gün xaricdə yaşayan bir simsar adamla FB-də görüntülü danışırdıq, söz-sözü necə gətirdisə, dedi ki, bir müddət öncə İsveçrədəydik, acmışdıq, dörd nəfər hərəyə bir hamburqer yedik, 80 avro pul verdik. Dəqiqləşdirdim: “80 avro?” Təsdiqlədi: “80 avro”. “Bizim pulla 160 manat?” “Sizin pulla 160 manat”. “Vay-vay, soyğundur ki”. “Ay-hay, burda belədir, bir cüt coraba 6 avro veririk”.
Sağollaşandan sonra oturub hesabladım, biz 160 manata nələr edə bilərik. Məsələn, 160 manatın 130-na 10-12 kilo ət verən toğlu ala bilərik, yerdə qalan 30 manata da göy-göyərti, pomidor-xiyar, pendir, çörək, 3-4 litr də kola-mola. 15 adam oturub yeyib-içər.
12 manata isə “Sədərək” yarmarkasından 15-20 cüt corab almaq olar, hərəsini iki həftə geysən, bir il bəsindir.
Bax, görünür, bizi buna görə “ucuz ölkələr” qrafasına salıblar.
Belə bir rəy də var ki, keşkə, bahalı ölkələrdə (İsveçrə, Norveç, Fransa, Kanada, ABŞ, İngiltərə, Yaponiya, Almaniya, Hollandiya və bu kimi başqaları) olan maaş-qonorardan, məvacibdən bizdə də olaydı, biz də corabı 6 avroya ala biləydik.
Burası da var. Əslində elə olsa pis olmazdı. Onda ayda 5-6 min avro qazanardıq, yarısını cibimizə qoyub cumardıq ucuz ölkələrə (Gürcüstana, Türkiyəyə, Qazaxıstana, İrana) 15 gün gəzib, şellənib qayıdardıq öz bahalı ölkəmizə.
Hazırda o bahalı ölkələrin əhalisinin əksəriyyəti elə edir. Orta məktəbdə xadimə işləyən qadın yay istirahətini Antalyada, Bodrumda keçirir. Nə var ki… Məzuniyyət pulunu götürüb gəlir. Biz isə gərək ilboyu işləyib tətil pulu yığaq, yığa bilsək, ayrı məsrəf çıxmasa, gedək.
Bilmirəm qədirbilən xalqımız seçim qarşısında qalsa, hansı ölkədə yaşamağı seçərdi – bahalı ölkədə, yoxsa ucuz ölkədə?
Amma onu bilirəm ki, bahalı ölkədə yaxşı yaşamaq tənbəl, ixtisassız, əlindən bir iş gəlməyən adamların xörəyi deyil. Adam gərək belinə motor qoyulmuş kimi işləsin, çalışsın. 5 min avronu adama durduğu yerdə vermirlər. Heç o 5 min avrodan da o biri aya 500 avro keçirmək hər adama qismət olmur, hamısı xərclənib gedir.
Hərçənd ucuz ölkə də bir şey deyil, badımcanın, lobyanın, pomidorun bir kilosunun qiyməti 10 qəpik, ətinki 1 manat qalxan kimi millət həyəcanlanır, bu aydan o aya pul çatdıra bilməyəcəyindən qorxur.
Bu xüsusda vaxtilə “Çeşmə”çi Əsgər Əhmədin danışdığı bir lətifəvari əhvalat yada düşür. Ağdamda balaca bir idarənin müdiri varmış, ömrü boyu rayondan kənara çıxmayıbmış. Bir gün yolu Yevlağa düşür, oturub bir pavilyonda yemək yeyir, hesabı verəndə fərq edir ki, Ağdamdakından iki dəfə ucuz yeyib. Adam gərnəşib deyir ki, pulu Ağdamda qazanasan, Yevlaxda xərcləyəsən…
İndi onun sözü olmasın, pulu Norveçdə qazanasan, Bakıda, “8-ci kilometr”də xərcləyəsən…