“Söy ki söyən mərd olar,
Söyməyən namərd olar”
(xalq mahnısından)
Bakıda bir avtomobilçi qaqaş avtobus dayanacağında maşınını saxlayıb ictimai nəqliyyatın hərəkətinə mane olmuşdu. Yumşaq yazsaq, eşşəklik eləmişdi. Üstəlik, buna irad bildirən avtobus sürücüsünün üzünə tüpürmüşdü. Ancaq sürücü bunun maşınının nömrəsini telefona çəkəndə yaltaqlıq edib bağışlanmasını istəmişdi. Videosuna baxmışdım. Deyirdi cavan adamam, gərək cavanlığıma keçəydin.Yenə pis çıxmasın, əsl gədəlik örnəyi idi: adamı təhqir edib, cəzalanmaq qorxusu yarananda isə yalmanır. Ölkəmizdə belələri çoxdur. İyrənc məxluqlardır.
Sürücü şikayət elədi, deyir o gədəni aparıb polis idarəsində inzibati xəta məcəlləsinə əsasən tənbeh ediblər. Hardasa 50 manat cəriməsi varmış bu hərəkətin. Mən indi öyrəndim. Kimi istəsən küçədə tut, üzünə tüpür, 50 manatı dövlətə ödə, sonra təzədən tüpür. Yaxşı dövriyyədir. Dövlət büdcəsinə xeyli əmlak toplanar. Qeyri-neft sektorunun tüpürcəkləmə sferasında milli gəlirlərimizin perspektivini düşünəndə adamın cibindəki qəpiklər biz-biz olur.
Bu mənada, Mirşahin müəllimə qarşı dünənki tənqidləri anlamadım. Yəqin yadınızda olar, Mirşahin müəllim rəhmətlik ANS telekanalizasiyasında müdirlərdən birisiydi. Hökumətlə babat dolanırdılar, nə bunlar onların neft borusuna təpik atırdı, nə də onlar bunlardan makarona deşiyi nə cür açdıqlarını soruşurdu. Ancaq sonra nəsə pozuluşma düşdü, hökumət Nuşirəvan müəllimin pultası (baltanın bir növüdür) ilə ANS-i kökündən doğradı. Nağıl dili yüyrək olar, indi Mirşahin müəllim nəsə təzə internet televiziyası qayırdığını anons edibdir. Anons isə hansı verilişlər olacaq, xəbərləri kim aparacaq, nə kinosu göstərəcəyik – belə şeylər üzərində qurulmayıb. Elə bambılı televizyon standartları Qərbdə-zadda olur. Bizim mentalitetimiz, milli dəyərlərimiz ayrı cürdür. Əlqərəz, Mirşahin müəllim anonsda bildirib ki, işsiz qaldığı müddətdə onu söyənlərin hamısını uçota alıbdır, həmin şəxsləri söyməyə başlayacaq. Yəni təzə televiziyanın əsas məqsədi bundan ibarət imiş.
Doğrudan da, Mirşahin müəllimin ümummilli əmimiz Cəlal müəllim tərəfindən əsası qoyulan söyülməsi əməliyyatları internetin Azərbaycan sektorunda daim fəallığı ilə seçilmişdir. Hətta mən kalendara baxmadan həftənin bazar gününü dəqiq deyə bilirdim: əgər sosial şəbəkələrdə Mirşahin müəllim haqda söyüşlərin amplitudası ən yüksəyə qalxıbsa, bazar günüdür. Çünki həmin gün Mirşahin müəllim nəsə həftəlik verilişdə danışırmış.
İndi isə söyənlər narahat olub, deyirlər jurnalistə söymək yaraşmaz. Qəti doğru deyil. Söymə muzdur atamı, söyməyim bəy atanı – belə məsəlimiz də vardır. Əksinə, söyüşmək cəmiyyətə xeyirlidir. Böyük, hegemon millətlərin hamısı (ingilislər, ruslar, almanlar, ispanlar və sairə) babat söyüşcüldür. Elə biz türklər də yaxşı söyən olmuşuq, bunun qalıqları qardaş Türkiyədə görünür. Sadəcə, nəsə çaşıb guya mədəni olmuşuq. Halbuki, söyüşmək savaşmaqdan min dəfə yaxşıdır. “İlk dəfə atmaq istədiyi daşı yerə qoyub söyən adam mədəniyyətin banisidir” – belə afyorizm də eşitmişəm, müəllifi kimdir bilmirəm, çox güman özüm uydurmuşam.
Sözgəlişi, nəyin təhqir, nəyin tərif olması çox mübahisəli məsələdir. Necə deyərlər, eşşək 2 “ş” hərfiylə yazılır, ancaq bəzən 3-4 “ş” hərfinə ehtiyac yaranar. Amerikada əl barmağını “o” hərfi şəklində yumrulayıb göstərmək “işlər əladır” anlamını verir, bizim Bakı kəndlərində isə kiməsə o işarəni göstərsən adamı yeddi yerdən yortarlar. Yaxud, Afrikanın Toqo məmləkətində zənən xeylağına kompliment desən gərək mütləq onunla evlənəsən. Amerikada prezidenti pornoaktrisa ilə sevişdiyi üçün məhkəməyə veriblər. Rusiyada isə deputatxana spikerinin müavini idarəyə gələn bütün zənən jurnalistlərə sürtünürmüş, di gəl bu biqeyrət manyaka gözün üstə qaşın var deyən olmadı. Çünki Rusiya, Toqo və Amerikada milli dəyərlər, namus-qeyrət ayrı cürdür.
Dünən Bakıda bir qrup müsəlman dindar da hansısa məscidin yanında şərab dükanı açılmasını dini inanca təhqir sayıb etiraz edirdi. Hərçənd, bizim qanunlarda şərab dükanını məscidin neçə metrliyində açmaq olar – bu haqda heç zad yazılmayıbdır. Yalnız məktəbin 50 metrliyinə qədər sahədə araq reklam eləmək olmaz, nəsə belə qanun vardır, ona da baxan yoxdur, şagirdlər direktorla viski içirlər. Üstəlik, müsəlmanların dini kitabında, lap konkret yazsam 52-ci “Dağ” surəsində belə yazılıbdır: “Cənnətdə imanlı şəxslər üçün şərab dolu qədəhlər hazırladıq”. Şərab axan çaylar, məstedici içkilər dolu göllər və sairə haqda da hədislər olmalıdır, çox dərin bilmirəm, şəxsən mən pastafarian təriqətinin bozqurdizm qoluna mənsubam. (Ancaq bəzi üləmalar burada ümumən içkidən söhbət getdiyini deyir, spirtli içkilər bura daxil deyilmiş).
Hər halda, görün necə dolaşıq dünyada yaşayırıq. Burda dükanını açmağa pis baxırsan, o tərəfdə isə çayında üzməyə hazırsan. Seyidin birinə nəzir veririk, o birini isə hökuməti televizorda təriflədiyi üçün soyürük.
Gəlin mehriban olaq, hamımız azərbaycanlıyıq.