Erməni politoloqlar ölkədəki etirazçı situasiya ilə bağlı ümidsizliklə əllərini yelləyirlər
Xəbər verildyi kimi, martın 10-da Ermənistan müxalifəti İrəvanda 300 nəfərin iştirakı ilə aksiya keçirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbi Serj Sərkisyanın hakimiyyətdən kənarlaşdırılması və siyasi məhkumların buraxılması olub.
Onu da qeyd edək ki, S.Sərkisyanın prezidentlik müddəti aprelin 9-da başa çatır. Həmin gün baş nazir və hökumət istefa verməli, parlament isə yeni baş nazir seçməlidir.
Mitinqdə iştirak edən parlamentin sədrinin keçmiş müavini, “Ermənistan dövləti uğrunda” hərəkatının lideri Karapet Rubinyan ölkədə böhran vəziyyətinin yarandığını, bunu dəf etmək üçün hakimiyyətin dəyişdirilməsinin və konstitusion nizamın bərpa olunmasının vacib olduğunu söyləyib.
“İnsanların hüquq və azadlıqlarını tapdalayan hakimiyyət kütləvi miqrasiyaya səbəb verərək ölkənin inkişaf perspektivini heçə endirib”, – Karapetyan deyib.
Mitinqdə çıxış edən “Demokratik vətən” partiyasının sədri Petros Makeyan isə rejimin 1999-cu ildə parlamentdəki terror aktını, 2008-ci ilin martın 1-i və 2-də nümayişçilərin gülləbaran edilməsini ört-basdır etmək üçün öz hakmiyyətini qorumaq istədiyini önə sürüb. O, bu cinayətlərdə birbaşa keçmiş prezident Robert Köçəryan və Serj Sərkisyanın əli olduğunu söyləyib.
Erməni politoloqları isə ölkə müxalifətinin miskin vəziyyətdə olduğunu söyləyirlər.
İrəvan mətbuat klubunun rəhbəri Boris Navasadaryan cəmiyyətdəki passiv narazılıqla fəallığın tərs gəldiyini bildirib:“Ermənilər mitinqlə mübarizəyə inanmırlar. Böyük kütlələr yalnız ciddi sosial problemlərin yarandığı, habelə ölkənin təhlükəsizlyinə ciddi təhdid doğduğu zaman ortaya çıxa bilər”.
Navasadaryan cəmiyyətdə kifayət qədər radikal əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: “Bununla belə, cəmiyyət kütlələri mübarizəyə qaldıra biləcək hər hansı bir şəxsə inanmır. Ermənilər indi nəinki müxalifət, heç bir-birlərinə də inanmırlar, “Birdən mən gələrəm, başqaları gəlməz”, deyə…”
Qafqaz institunun elmi əməkdaşı, politoloq Hrant Mikaelyan da Ermənistanda etirazçı gündəmin aktual olmadığını düşünənlərdəndir.
“Son illərdə siyasi aktivlik ümumiyyətlə sönüb. Əvvəllər etiraz etməkdə qərarlı olanlar indi ya ölkədən çıxıb gedib, ya da heç bir nəticə əldə olunmadığına görə ruhdan düşüblər. Bundan başqa, sistemin xarici (yəni, hakimiyyətin istəyinə uyğun olmayan) müxalifətin, diasporanın köməyinə ümid bağlaması da yersizdir”, – Mikaelyan bildirib.
Musavat.com