Uzun illər öncə siyasi qüvvələr və qruplar arasında bölünmüş mediamızın aparıcı imzalarının bir xoşagəlməz xasiyyəti vardı: tez-tez liderlərlə yanaşı, bir-birini hədəfə götürürdülər.
Hərənin əlində bir qələm vardı: bu yazırdı, o yazırdı. Sonra söz atışması, yazışma böyüyürdü, mübahisəyə qoşulanlar olurdu. Bəzən qovğa əlbəyaxa davaya çevrilirdi, bəzən məhkəməyə üz tutulurdu. Əksər ixtilaflar isə qarşılıqlı küsüşmə ilə bitirdi.
Xeyli müddət belə davam etdi. Düzü, demək olar ki, hamıya, həmkarlarımıza sərt cavab verənlərdən biri də biz idik. Heç kəsə borclu qalmır, heç kimi cavabsız qoymurduq, sözlə çoxlarını yaralamışdıq, ünvanımıza ağır söz yazanlarla dərhal media savaşına atılırdıq.
Ancaq gün gəldi, baş redaktorumuz Rauf Arifoğlu sabah planlaşdırmalarının birində dedi ki, qəzetçi həmkarlarımızla savaşmağımız, “dedim-dedi” rubrikasında deyişməyimiz yaxşı hal deyil, buna son qoymaq lazımdır.
İkilikdə etdiyimiz söhbətdə də qərara aldıq ki, ünvanımıza pis-pis şeylər yazan jurnalistlərə qarşı təmkinli, dözümlü olaq, qırmızı xətləri keçənə qədər gözləyək, özümüz heç kəsə hücum etməyək və s.
Ondan sonra yüz dəfələrlə belə hallar oldu ki, qəzetimizin, baş redaktorumuzun, ayrı-ayrı əməkdaşlarımızın adını yazı başlığına çıxararaq təhqiramiz şeylər yazdılar. Çoxuna dözdük. Dözmək mümkün olmayanda cavab verdik, amma çalışdıq ki, cavablarımız “kəsici-deşici” xarakterdə olmasın.
Artıq neçə vaxt idi ki, jurnalistlərin, qələm adamlarının bir-biri ilə media savaşına çıxması vaqiələrinə rast gəlinmirdi. Bu trend xeyli səngimişdi. Bəzən dalaşanlar olsa da, bunu ya imzalarını tanıtmaq xətrinə edirlər, ya da naşılıqdan, tündməcazlıqdan.
Təcrübə göstərir ki, bir-birini qəzet, sayt səhifələrində təhqir edənlər bir müddətdən sonra eyni kollektivlərdə çalışmalı, barışmalı, hətta dost olmalı olurlar.
Bu yaxınlarda məşhur imzalardan birinin yubileyi idi, ona təbrik yazanların içində vaxtilə onun ağır sözlərlə təhqir etdiyi həmkarları da vardı. Demək ki, onlar vaxtilə ünvanlarına yazılan ağır sözləri ya unudublar, ya da aradan keçən zaman söz yarasını sağaldıb.
İndi baxıram, yenə həmkarlarıyla savaşmağa meylli adamlar var. Sosial şəbəkə onlara söz atışmasına çıxmaq üçün geniş imkanlar verir və onlar bundan doya-doya yararlanırlar.
Fəqət elə imzalar var ki, onlara belə şeyləri, bu sayaq hərəkətləri yaraşdıra bilmirsən.
Məsələn, ölkədə hər kəsin tanıdığı, jurnalistliyinə, söz ustası olmasına heç kəsin şübhə etmədiyi Mirşahinin son statusu əksər həmkarlarını sözün əsl mənasında heyrətləndirib.
Mirşahin yazıb: “Bəli, qayıdır Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir eşitməyəcəksiz, çünki bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız?”
Burada ciddi hədə olduğu göz önündədir. Məşhur televizyonçu ona qarşı nəsə yazanları təhdid edir, ancaq təhqir etməyəcəyini deyir. Maraqlıdır, o adamların “layiq olduqları” cavab necə olacaq? Bu təhdiddən açıq-aşkar dava-şava anonsu tökülür.
Mirşahin yazır: “Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən sizin ana və bacınızı söyməyəcəm, sadəcə… sevəcəm”.
Belə bir mesaj…
Mirşahin “kiminsə söyüş dolu çıxışı” dedikdə, təxminən 13 il əvvəl deputat Cəlal Əliyevin parlamentdə səsləndirdiyi və sonradan videoyazısı yüz minlərlə dəfə tirajlanan sözləri nəzərdə tutur.
Gerçəkdən də o çıxışa istinad bəzən bütün əndazələri aşır, absurda gedib çıxır. Mirşahinin ən adi bir sözü ilə razılaşmayanlar mütləq Youtube-dən həmin videoyazını endirir, sosial şəbəkədəki səhifələrə yerləşdirirlər. Əslində bu da çox ayıb bir şeydir.
Ancaq bir jurnalist bütün onu sevməyənlərlə söz savaşına çıxsa, nə yazmağa, yaradıcılığa, nə də yaşamağa vaxtı qalar. Bundan da ötəsi, Mirşahin kimi bir söz adamına söhbəti “ana-bacı” səviyyəsində davam etdirmək heç yaraşmaz.
Camaat son illərdə bəyənmədiyi ANS üçün axırıncı bir ildə qəribsəmişdi, bəzən narazı qaldığı Mirşahindən ötrü darıxmışdı, gözünü Real TV-yə dikmişdi ki, o gəlsin fərqli bir söz desin. Mirşahin isə anons edir ki, gəlib qisas alacaq, kimlərinsə “ana bacısını…sevəcək”.
P.S. Söz ustalarının savaşının axırı pis qurtarır, çünki hamısı snayperdir, öldürücü nöqtələrdən vura bilirlər.