Загрузка...

Britaniya dövləti öz əzəli və əbədi müttəfiqlərinə müraciət edib ki, gəlin Rusiyada keçiriləcək futbol mundialını boykot edək. Bildiyiniz kimi, Britaniyanın “əzəli və əbədi müttəfiqləri” çoxdur, ingilislər də elə bizim kimi “bir millət-beş-altı dövlət”dirlər, üstəlik, öz aralarında heç vaxt qırğına çıxmırlar.

O ruslardır, 1941-45-də ukraynalılarla can bir qəlbdə qardaş idi, meşələrdə faşistlərə qarşı birgə vuruşurdular, amma indi bir-birinə qarşı döyüşürlər. İngiltərə isə yüz il bundan əvvəl də ABŞ-la, Avstraliya ilə, Kanadayla, Yeni Zelandiya və başqaları ilə müttəfiq idi, indi də elədir.

Hazırda həmin bu ingilislər müttəfiqlərinə xitabən belə bir, türkün sözü, ricada bulunublar, deyirlər, davay, gedib Rusiyada futbol oynamayaq, Putin pərt olsun.

Bu ricanın yekə bir səbəbi var. O da odur ki, rus kəşfiyyatçılar yenə dinc durmayıblar, varıb gedib Londonda daha bir SSRİ satqınını qızıyla birlikdə zəhərləyiblər.

Bu isə dünyanın ən yaxşı xarici kəşfiyyat şəbəkələrindən birinə malik olan ingilislərin xətrinə dəyib. İndi onlar öz-özlərinə və bütün dünyaya deyirlər ki, Kreml ağ eləyir, artıq neçənci dəfədir ki, ruslar ölkəmizdə sığınacaq tapmış adamı zəhərləyirlər.

Baxmayın, dünyanın hər yerində eynidir: evə gələn qonağı öldürmək, öldürməyə çalışmaq ev yiyəsinə sataşmaqdır, üzünə söyməkdir. Özünə hörmət edən dövlət belə hərəkətləri ali sarayının arxa fasadına, yəni peysərinə verə bilməz, deməz ki, eybi yox, qoy ruslar bizim qonaqları öldürsünlər, biz də gedib onların qonaqlarını öldürərik.

Durum belədir. İndi bilinmir ki, Britaniyanın əzəli və əbədi müttəfiqləri, eləcə də NATO-dakı tərəfdaşları Rusiyadakı futbol mundialını boykot etmək çağırışına qoşulacaqlar, ya yox.

Öz yanımdan aydırım ki, belə bir ehtimal böyükdür. Ortada tarix var, presedent var.

38 il öncəydi, o zaman biz yeniyetməydik, amma yaxşı xatırlayıram, ABŞ başda olmaqla NATO üzvü olan qüdrətli kapitalist ölkələrinin çoxu Rusiyada keçirilən olimpiadanı boykot etdilər.

1980-ci il idi, indiki Rusiyanın sələfi, SSRİ adlı qırmızı rus imperiyası yenə dinc durmamışdı, ayağının patavası, əlinin şallağıyla Əfqanıstana soxulmuş, prezidenti devirib öldürmüş, ölkəni işğal etmişdi. NATO bu işə bərk “nervilənmişdi”. Sosialist ölkələrin yaratdığı Varşava müqaviləsi hərbi bloku ilə NATO qarşı-qarşıya durmuşdu. Ancaq tərəflərin əllərində atom bombaları olduğundan açıq savaşa girmirdilər, eləcə Qərb Əfqanıstanda partizan müharibəsinə dəstək verirdi, bir də gücü sanksiyalara, boykotlara çatırdı.

Bax, həmin vədələrdə SSRİ-də keçirilməsi nəzərdə tutulan olimpiada Qərb dünyası tərəfindən boykot edildi. Sırasında ABŞ, Kanada, Türkiyə, Yaponiya, Cənubi Koreya, Çin, AFR, Malayziya olmaqla 65 ölkə olimpiadanı boykot etdi. İştirak edən ölkələrdən bir çoxu isə öz milli bayraqlarıyla yox, BOK-un bayraqları altında açılış mərasiminə qatıldılar. Onlardan biri də Britaniya idi. O, nəyə görəsə boykota qoşulmamışdı.

Cəmi 80 ölkənin iştirak etdiyi (o vaxtlar dünyada 150 ölkə vardı, indi 200-dən çoxdur) 1980-ci il olimpiadasına elə dövlətlər qatılmamışdı ki, qızıl medalları həmişə kürüyüb aparırdılar. Bu dəfə medalların çoxu Rusiyanın özünə qaldı: 80 qızıl, 69 gümüş, 56 bürünc.

Amma o haqq-hesabın pərtliyi hələ də davam edir.

Biz yeniyetmə idik, böyük dövlətlərin olimpiadanı boykot etməsi vecimizə də deyildi, eləcə ana vətənimizin idmançılarının dalbadal medal qazanması xoşumuza gəlirdi. Heç demə, həmin vaxt ölkə böyüklərinin ürəyindən qara qanlar axırmış.

Budur, 40 ilin başında (daha dəqiqi, 38) yenidən dünya miqyaslı idman yarışına sahiblik edən Rusiya boykot təhdidi qarşısındadır.

Adama deyərlər, bir halda ki, əlinizdə xeyir işiniz var, bir az yavaş olun, Krıma, Donetskə, Suriyaya girməyin, satqınlarla haqq-hesab çürütməyi bir-iki il təxirə salın, toyunuzu yola verin, sonra ağa durur, Ağacan durur, nə Skripal bir yerə qaçır, nə də dioksinin, sianidin təsiri ölür.

Əgər Moskva bu dəfə də boykotla üzləşsə, 1980-ci il olimpiadasının sonunda havaya buraxılmış və bütün sovet xalqını ağlatmış Mişkanın müsibəti yalan olacaq.