Загрузка...

Azərbaycanda son bir ildə min iki yüz məktəbli abort etdirib. Məlumat sosial media və xəbər saytlarında az qala bomba kimi partladı. Bu ya yetkinlik yaşına çatmayan qızların cinsi zorakılığa məruz qalması deməkdir, ya da könüllü, bilərəkdən bu izdivaca razılaşmasıdır. Hər iki halda cinayət tərkibi var, qorxulu tendensiyadır. Təbii, bu cinayətə gətirən səbəblər də var. Bir də bu var ki, həmin səbəblərdən danışacaq cəsarətli adamların qıtlığı yaranıb son illərdə. Nələrinə lazım, evlərinin içində ha baş vermir. Ölkədə baş verir.

Nədir min iki yüz abort?!..

Min iki yüz abort nəticədir. Cəmiyyətin, ailələrin, valideynlərin, irili-xırdalı xeyli məmurun əməlinin nəticəsi!

Min iki yüz abort bəlkə də daha çox erkən nikahların nəticəsidir. Qızlarını 15 yaşında ərə verən ailələrin yaratdığı utanc statistikasıdır.

Min iki yüz abort SOS siqnalıdır, vəziyyətin yaxşı olmadığından xəbər verir!

Min iki yüz abort Azərbaycanda ailə təməlinin laxlamasının göstəricsidir!

Min iki yüz abort anaların qızlarına vermədiyi məsləhət, ataların oğullarına keçə bilmədiyi kişilik dərsidir!

Min iki yüz abort mentalitet deyilən dəyərlərin əslində sıfırlanması, yox olmasıdır!

Min iki yüz abort ailədaxili münaqişədir. Pulsuzluq, işsizlik, kasıblıq üstündə baş verir çox vaxt.

Min iki yüz abort valideynlərin düzgün istiqamət verə bilməməsidir! Bəzən əhli-kefliyidir!

Min iki yüz abort cahillikdir. Telekanallardakı manıs şoularıdır!

Min iki yüz abort bizim hələ də ibtidai insanlığımıza dəlalət edir!

Min iki yüz abort övladla mənasız pərdə saxlamadır. Çox şeyə qoyulan qadağadır. Qadağaların səbəbi haqda susduqlarımızdır.

Min iki yüz abort hüquqlarını bilməməkdir. Oğluna, qızına dost olmağı bacarmamaqdır!

Min iki yüz abort “günah məndə deyil” söyləyib, vicdanının başını tovlamaqdır!

Min iki yüz abort azı bu sayda ailənin psixoloji durumunun göstəricisidir. Ata və ya ananın xaraktersizliyidir. Övlada münasibətdə yaranan sərinlikdir!

Min iki yüz abort cəmiyyətin aynasıdır! Votsap, instaqram, tvitter, feysbuk, hətta “odnaklassnik”dir. Bizi məşğul edər. Əlimizdən çox şeyi xəbərimiz olmadan çəkər alar. Bunu ancaq faciəli nəticə görəndə anlayarıq!

Min iki yüz abort damardan axan qanın keyfiyyətidir, insanın hansı geni daşıdığını, kim olduğunu göstərir!

Min iki yüz abort evində aqressiya görən yeniyetmə oğlan və qızların statistikasıdır!

Min iki yüz abort zorlanan qızların ahıdır həm də! Və təkcə məktəb, təhsil sistemindəki qüsur deyil. Həm də məktəb və təhsilin qüsurudur.

Geniş götürülərsə cəmiyyətin problemidir!

Min iki yüz abort mənəvi dəyərlərin iflasıdır! Avropadır! Rusiyadır! Qərbdir! İnteqrasiya formatında yaratdığımız çaşqınlıqdır. Düzgün yönəldilməməkdir. Ya da bu situasiyanı bilərəkdən yaratmaqdır!..

Saya-saya boğulur adam, eləmi?!..

Doğrudur, min iki yüz abort həm də bizi boğan səbəbdir!..

Bir məsələ də var. Görəsən yarıtmaz kadrları, məktəbliləri aborta gətirən səbəbləri görüb indiyəcən susanları, cavabdeh ailə, valideyn, məmur, vətəndaşları necə, “abort” eləmək mümkündürmü cəmiyyətin bətnindən?!..