Загрузка...

Siyavuş Novruzovu heç vaxt belə həyəcanlı danışan görməmişdim. Hətta ən ekstremal situasiyalarda belə, özünəməxsus yumorunu büruzə verən, tikanlı sözlər işlətsə də, hansısa ifadəsi ilə maraqlı bir situasiyanın yaranmasına səbəbkar olan YAP-ın icra katibinin müavini bu dəfə tamam fərqli idi.

Ötən həftədən bu fikirlər məni məşğul edib. Hakim partiyanın funksionerinin “Hamıya!” qrifli müraciətinə gözləniləndən qat-qat artıq reaksiyanın olmasını bir fakt aydın deyir: Musavat.com-da bu müraciətin 40 minə yaxın (!) oxucusu olub. Ancaq ona da şübhə etmirəm ki, iqtidar deputatı bu oxu statistikasına görə heç də məmnun qalmayıb, çünki mövzu heç də xoş deyil.

Gərək belə olmayaydı. Bu, xalqın və dövlətin adına yaraşmayan haldır, pis hadisədir! Avropaya, Amerikaya, lap Afrikaya köçmək, orda yaşamaq olar, ancaq istənilən halda təhqir etmək yolverilməzdir – fərq etməz, iqtidar təmsilçisi olsun, ya sadə vətəndaş! Həm də söymək acizlik əlamətidir.

Təbii, hüquq müdafiəçisinin atasının məzarına qarşı o cür davranış da yolverilməzdir, bunu hər kəs deyir. Təkcə ona görə yox ki, atalar oğullarının əməllərinə görə cavabdeh deyil, üstəlik də dünyasını dəyişmiş valideynlər! Həm də ona görə ki, bu, çox pis bir nümunə yaradır. Ola bilər kimlərsə bununla hakimiyyətdə olanların xoşuna gəlməyə çalışıb, ancaq elə bu hərəkəti ilə iqtidara problem yaratdığının fərqində olmayıb. İnanaq ki, müvafiq qurumlar bu cür davranış sərgiləyənləri da aşkarlayıb cəzalandırmaqla ibrət dərsi verəcək.

Kimsə iddia edə bilər ki, vaxtilə kimlərsə təhqir olunub, həbsə atılıb, indi ona görə xaricdən bunun acığını çıxır. Əfəndilər, biz keçmişdə baş verənlərin haqq-hesabını çəkməyə başlasaq, arzuolunmaz vəziyyət yaranar, bunun fərqindəsinizmi? Necə olur ki, hakimiyyətə, külli imtiyazlara sahib olan ölkənin başçısı vaxtaşırı hətta onu sərt şəkildə tənqid edənləri, siyasi opponentlərini, hansısa əməllərinə görə həbsə düşənləri əfv edir, amnistiya qərarları verir, bütün olanların üstündən keçir, ancaq qarşı tərəfdə bir çoxları keçənləri sinirə, unuda bilmir? Biz doğrudanmı bir-birimizə qarşı bu qədər kinli, bu qədər mərhəmətsizik?

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə görün, nələrlə məşğuluq? Əslində şəxsən mən tamam başqa ab-havanı gözləyirdim, iqtidarlı-müxalifətli barış mesajları, bayram törənlərində yanaşı fotolar, bir-birinə qardaş Türkiyədə olduğu kimi “hörmətli filankəs” müraciətləri… Buna zəmin də yaranmışdı. Bir il öncədən dövlət başçısı Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam vermişdi, bunun ardınca da 2018-ci ili “Cümhuriyyət ili”elan etdi. Dövlətimizin ad günü dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıları birləşdirməli idi. Həmçinin Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə keçirilməsi qərarını verən dövlət başçısına, kimliyindən asılı olmayaraq, təşəkkür edib, bayrağımızın və dövlətimizin daimi olması naminə bir araya gəlməliyik. Ancaq biz 100 ildə bir dəfə olan hadisəni görün hansı atmosferdə qeyd edirik.

Erməni mediası xaricdə Azərbaycanın dövlət başçısına qarşı aparılan kampaniyanı zövqlə tirajlayır, fərqində deyilik! Diqqət edin, qardaş ölkə Afrin əməliyyatını aparır, Ərdoğan hökumətinə ən sərt münasibətdə olan CHP lideri belə, bu mərhələdə Türkiyə dövlətinin yanında yer alıb, Ankaranın düşmənlərinə sərt mesaj verir. Bu, bir nümunədir. Vətən savaşı olan yerdə daxili çəkişmələr bir tərəfə qoyulmalıdır! Stalin repressiyalarından sonra əli “Kalaşnikov”lu sovet vətəndaşları keçənlərin “haqq-hesabını” aparsaydı, qalib, sözsüz ki, Hitler olardı. Allaha şükür, bizdə o hadisələr yaşanmır.

Bəs, bu aqressiya nədir? Əslində bu gün xaricdə aparılan kapmaniyalar təkcə dövlətimizin imicini ləkələmir, bayram ovqatımızı korlamır, həm də bizi Qarabağdan uzaqlaşdırır, erməni diasporu “baxın, belələrinə Qarabağı qaytara bilmərik” arqumentini ortaya qoyur.

Ancaq başqa cür də ola bilərdi. Məsələn, Siyavuş Novruzov məhz bu “Cümhuriyyət ili”ndə Müsavatın keçmiş başqanı İsa Qəmbərə səhhətinə görə hakimiyyət adından “keçmiş olsun” mesajı verəndə ümid yaranmışdı başqa cür olacağına. Çoxlarımız düşündük ki, siyasi rəqiblər arasında sivil mübarizə metodlarının tətbiqi mərhələsi başlayır. Bunun ardınca böyük əfv, qızıl amnistiya gözləntisi var idi. Bu gün olduqca həyəcanlı şəkildə hər kəsdən baş verənlərə münasibət bildirməyi xahiş edən Siyavuş Novruzov cəmi bir ay əvvəl az qala bütün dustaqları – təbii ki, ağır cinayət törədənlər istisna olmaqla – azadlığa buraxmaq üçün ölkə başçısına müraciət etmişdi, İlqar Məmmədov daxil…

İndi maraqlıdır, dövlət başçısından humanist addım atmağı xahiş edən YAP-çı deputata qarşı niyə bu sayaq davranıldı, niyə o təhqirə məruz qaldı? Təsadüfdür, yoxsa bu da ölkəmizdə barış ovqatının yaranmasını istəməyən, inqilab küləyi əsdirmək üçün fürsət gəzən dairələrin “nöqtəli zərbələri”dir? Bəlkə də hansısa məkrli dairələrin təsiri altına düşən “sapı özümüzdən olan baltalar” nə etdiklərinin, kimin sifarişinə uyğun davrandıqlarının fərqində də deyillər. Bəlkə heç birilərinə həbsdəki siyasilərin azadlığı lazım deyil? O adamlar onlara “içəridə” lazımdır? İstənilən halda hadisələrin geri dönüşü, “daş dövrünə qayıdış” elementləri çox qorxuludur. Siyasi mübarizənin məqbul saymadığı mübarizə üsullarının tətbiqi Şərqin ilk demokratik dövlətinin adına əsla yaraşmır. Xaricdən bizim dövlətin bayramına qonaqlar, təbriklər gəlir, bizsə…