Загрузка...

Hərdən ara küçələrdə asfaltın qabardılmasını, bilərəkdən açılmış şırımları və ya yolun ortasından keçirilmiş gəmi kəndirini görəndə istər-istəməz avtomobilin sürətini minimuma qədər azaltsaq da və buna görə dilxor olsaq da, bu tədbiri görənlərə haqq veririk.

Çünki anlayırıq: insan həyatı hər şeydən önəmlidir. Başa düşürük ki, avtomobillərin yavaşımasına səbəb olan bu tədbirlər görülməsə gənc avtoxuliqanlar, yaşlı hövsələsizlər yaşayış məntəqəsinin içindən, məktəblərin qabağından şütüyüb keçər, tez-tez qəza törədər, uşaqları, yeniyetmələri həyatdan qopararlar. Necə ki, edirlər…

Əslində bir çox yerlərdə işıqforlar da bu işi görür, avtomobillərin şütüyüb getməsinə mane olur, onlara “bu yol təkcə sizin deyil, yan küçədən gələn də, piyadalar da keçməlidir” deyir.

Ancaq elə yollar var ki, orada nə piyada keçidi, nə də işıqfor yoxdur. Yol da düz və hamardır, bir çox sürücülərin qırışdan məhrum olan beyinləri kimidir.

Yeni Salyan yolu bu qəbildəndir.

Bilənlər bilir, son illərdə çəkilmiş bu yol, 20-ci sahə adlanan yaşayış məntəqəsinin sol kənarıyla Bibiheybət məscidinə doğru uzanır və orada köhnə Bakı-Qazax yoluna birləşir.

Bu yolda sürət həddi saatda 60 kilometrdir. Radarlar və müşahidə kameraları da var. Ancaq sürücülərin ən azı 75 faizi bu yolda 70-90 km/s sürətlə şütüyür.

Yeni Salyan yolunun üstündə 4 çoxmərtəbəli bina var. Bunlardan ikisi jurnalistlərin yaşadığı binadır. Burada toplamda 2-3 min insan məskunlaşıb və proses davam edir. Göründüyü kimi, bu, ortabab bir qəsəbənin əhalisidir və yaxın illərdə o nahiyədə yaşayanların sayı 5 mini ötəcək.

Demək, yeni Salyan yolu heç də şəhərkənarı magistral sayıla bilməz, bu, şəhərdaxili yol kateqoriyasına aiddir. Sürət həddi də buna müvafiqdir.

Elədirsə, artıq küçəyə dönməkdə olan yolda nədən işıqforlar olmasın?

Bir neçə gün öncə o yolda bir işıqfor quraşdırılıb, ancaq bu ondan 400 metr aralıda olan iki binanın sakinlərinin dərdinə məlhəm deyil. Onlar da yolu o tərəf-bu tərəfə keçməli olurlar və təhlükə ilə üzləşirlər. O gün dostlardan biri zarafatla yazmışdı ki, yəqin, iraq olsun, bu yolda bir-iki adam avtomobillə vurulub öldürüləndən sonra gətirib işıqfor qoyacaq, piyada keçidi düzəldəcəklər.

Yaşıl işığının ömrü 15 saniyə olan bir işıqfor bu problemi həll edə bilər.

Belə olsa, bu iki binada yaşayan və avtomobili olan sürücülər evlərindən çıxıb “Azneft” dairəsi istiqamətinə getmək üçün Bibiheybətə doğru və geri 6 kilometrlik məsafə qət etməz, yaxud da Lökbatan istiqamətindən gələrkən evlərinə dönməyə görə təzədən “Azneft” dairəsinə doğru və geri 6-7 km yol ölçməzlər.

15 saniyəlik işıqfor bu kimi xırda problemləri həll edərsə, insanlara əziyyət verməyin mənası yoxdur.

Həm də artıq presedent var. Bir-birindən 400-500 metr aralı binaların bir cütünün sakinləri üçün normal şərait yaradılırsa, digər cüt üçün də eyni şərait yaradıla bilər və yaradılmalıdır. Əks təqdirdə bu ayrı-seçkilik kimi çıxar, elə görünər ki, o binalarda yaşayanlar ağ adamlardır, bu birilərdə yaşayanlar ikinci sortdur.

O gün sosial şəbəkədə bu xüsusda düşüncələrini yazan jurnalist həmkarımızın statusuna belə bir şərh yazmışdılar ki, nədən jurnalistlər imtiyaz sahibi olmalıdır…

Məgər yolu təhlükəsiz keçmək, evinə sağ-salamat dönmək xüsusi növ imtiyazdır? Bu, hamının haqqıdır. Dünyada heç kəs evinin bir addımlığındaykən yenidən 6 kilometr yol qət edib, dönüb-dolaşıb gəlmək istəməz. Və bunu tələb etmək imtiyaz ummaq deyil.

Dövlət öz vətəndaşının qanuni və məntiqli tələbini ödəməyə, ona optimal şərait yaratmağa borcludur.

Yəni prinsipcə, bu, bəsit məsələdir, bəlkə də bir yazıya mövzu olacaq qədər ciddi problem deyil. Ancaq gördüyünüz kimi, yazılmasa, deyilməsə, ictimailəşməsə, yuxarıdan qəti göstəriş verilməsə, bəzi aidiyyatı qurumlar məsələyə laqeyd yanaşır, konkret tədbirlər görmürlər.

Ümid edək ki, bu, sözügedən mövzuya həsr olunmuş sonuncu yazı olacaq.