“Xiyarı o, özünə qapıçı qoymuşdu.
Şamamanı qarşısında qulluqçu təyin etmişdi”
(Füzuli, “Meyvələrin söhbəti”)
Elmlər Akademiyasının vitse-prezidenti İsa müəllim deyir ki, idarənin Dilçilik İnstitutunda bir neçə lüğətin hazırlanması üzərində işlər gedir. Üç aydır orfoqrafiya lüğətini qayırırmışlar. Orfoepiya və izahlı lüğətlər də paralel olaraq işlənirmiş. Deyir dilimizin yeni qrammatika qaydaları yaradılır.
Halal olsun. Orfoqrafiyanın düzgün yazmaq, orfoepiyanın düzgün danışmaq haqda qaydalar olduğunu nəzərə alsaq belə çıxır uca millətimiz indi-indi dilini öyrənəcəkdir. Yazmağı, danışmağı, sözlərin anlamını bilmirik. Körpə millət olmağımızdan irəli gəlirmi? Yox. Biz əslində qədim xalqıq. AMEA-dan başqa alim Yaqub müəllimin araşdırmalarına görə 1 milyon il eramızdan qabaq planetdə ancaq biz yaşamışıq. Bunun isbatı da vardır. Misal üçün, istənilən xalqın dilində birhecalı sözlər ən qədim sözlərdir. Gəlin dilimizdəki təkhecalı sözlərə baxaq: su, ət, ot, od, yol, pul, neft və sairə.
Təkcə danışmaq və yazmağı öyrətməklə iş bitmir, milləti qarşokda oturmağa, əlindən tutub yeriməyi öyrətməyə də hökumət borcludur. Yoxsa ölünü və milləti özbaşına qoysan, nəticə necə olur – bəşəriyyətə məlumdur. Qrammatika ilə yanaşı milləti də yenidən yaratmalıyıq. Yeni Azərbaycan Partiyası məhz bunun üçün qurulubdur.
Sevindirici haldır ki, millətin təlim-tərbiyəsi istiqamətində son illər xeyli işlər görülmüşdür, görülməkdə davam edir. Örnək üçün, artıq biz yas mərasimlərini necə keçirtmək dərsindən “4″ almışıq. Əslində bəzi regionlar ”5″ alıbdır, ancaq Bakıda, müəyyən yerlərdə uca şeyximizin rəhbərlik etdiyi ölüxana biznesi sabotaj yapmışdır, prosesi tamamlamağa imkan verməmişdir. Bu baxımdan, indi Naxçıvanda ölü yeri qaynadılmış suya batırılan şəkər tozu dənəciyi ilə yola verilirsə, Masallıda öküzü yıxıb kəsməsən mərhumun Sırat körpüsündən adlamasına qarantiya yoxdur. Test imtahanında da belə nəticələr olur. Biri 100 bal yığıb Qazax Aşıq Sənətləri Universitetinin qiyabi şöbəsinə girir, başqası 750 balla Alidən Ali Diplomatik Akademiyanın nazir qudası fakültəsinə.
Sonra, qəbirlərin düzəldilməsi üçün dövlət standartı hazırlanıb. Ona görə xəstəxanaları yandırıb çoxlu adam öldürürlər ki, bu proyekti kütləvi sınaqdan çıxarsınlar. Bir-iki ölüylə təzə qanun keçməz ki. Qanun xalq üçündür, xalq qanun üçün deyil.
Şadlıq saraylarının tikilməsi, bunların məmurlar və rəislər tərəfindən idarəçiliyi, xınayaxdı mərasimlərinin təşkilinin isə həmin rəislərin məşuqələrinə tapşırılması da dövlət proqramının tərkib hissəsidir. Sözgəlişi, bəzi bizdən də qədim qəbilələrdə “birinci gecə haqqı” kimi toy adəti vardır, bu hüquq konstitusiya ilə icra hakiminə, o, yerində olmasa prokurora, o da xaricdə olsa JEK müdirinə verilir. Niyə bu cür gözəl qanun-qayda bizim ulu diyarda yerinə yetməsin? Şair demişkən, qoynunda var bir cüt nar, biri heyva, biri nar…
Novruz bayramı yaxınlaşdıqca narın qiyməti də qalxacaqdır, bilin. Dünən mən pomidoru 5 manata gördüm, ona salam verdim, dedim, əslində, ey pomidor, sən bostan bitkisi deyilsən, bizik bostan bitkisi. Bundan sonra pomidor da basdı şaxı sinəsinə, epiqraf yazdığım misraları dedi.
Qayıdaq mövzuya. Tək biz deyilik, 1500 ildir bütün müsəlman aləmi ölünü necə basdırmağı, axirətin faydalarını düşünür. “Ey əhli qübur” – ən geniş yayılmış müraciət formasıdır. Çünki bu həyat fanidir. Əsas yaşayış bizi o tərəfdə gözləyir. Bu baxımdan, qoy neft gəlirlərini kim istəyir oğurlasın. O dünyada neft oduyla yanacaqdır! Çünki hər kəs cəhənnəmə öz oduyla gedir! Bə nə. Şairin bu temada misraları da vardır: “Zahid, məni aldatma cəhənnəmdə od olmaz, Onlar ki yanarlar odu burdan apararlar”. Bah-bah. Gör indi MB rəhbərliyi nə qədər manat aparacaqdır.
Bir qohum var, uşağı məktəbdən gəlirdi, soruşdum bu gün nə öyrəndiniz, deyir, müəllim ovucdakı xətlərin insanın taleyində rolundan danışdı. Falçılıq öyrədirmiş. Xiromantiyanı başa salırmış. Halal olsun. Hələ bəzi müəllim var, Babəki tədris edəndə “Allahın lənətinə gəlmiş Babək” deyə sözə başlayır.
Yadıma köhnə əhvalat düşüb. 18 il qabaq bir nəfər tapmışdım, Çeçenistanda ərəb Xəttabın dəstəsində ruslara qarşı vuruşmuşdu. Deyir, orda bizə ərəb dili də öyrədirdilər. Bir dəfə müəllim “ey zəbər tə” deyəndə məşhur film səhnəmizi xatırladım, məni gic gülmək tutdu, birtəhər özümü saxladım.
Doğrudan da, Xəttaba necə izah edəsən ki, bizdə kafirlik hətta kino çəkmək səviyyəsinə qalxmışdı. Hələ oğul atanın ikinci arvad almasına etiraz eləsin, desin, özümü Kürə atacağam…