“Qırx küp, qırxının da qulpu qırıq küp”
(test sualı)
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir müəllim qarşıdan gələn növbədənkənar prezident seçkilərində uca millətimizə lazım olacaq bülletenlərin sayını açıqlamışdır: 5 milyon 347 min 803 dənə. Görün necə dəqiqliklə çalışırlar. Bir dənə bülleten artıq, ya bir dənə bülleten əskik ola bilməz. Yoxsa Məzahir müəllim deyərdi ki, təxminən 5 milyon 300 min dənə bülletenimiz olacaqdır. Ya da uzağı “5 milyon 340 min dənə”. Lap özünü öldürsə, 347 min dənə. Ta bu 803 dənə nə deməkdir? Heç NASA kosmosa raket göndərəndə trayektoriyanı bu cür dəqiq verə bilmir. Həmişə deyirlər ola bilər raket partlasın, buluda girəndə islansın, üstünə quş zılı düşsün, kosmonavt qatıq yeyəndə çeçəyib ölsün, quymaqdan dişi sınsın və sairə.
Dünyada hamının belənçik təxminləri vardır. Əcələ güman yoxdur axı. Yalnız bizim seçkilər həmişə dəqiqə olur. 803 dənə bülleten lazımdır? Buyur. Məmmədin yerinə səs vermək fikrindəsən? Ala, üç barmağın məşhur konfiqurasiyası gözünə girsin. Protokolu saxtalaşdıracaqsan? Əlini kəsərik.
Ancaq məncə, Məzahir müəllim yeni dövrü, iqtisadi inkişafımızı, qarşıdan gələn idman yarışlarını, Burundi Cümhuriyyəti ilə respublikamız arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasının 20 illiyinin yaxınlaşmasını nəzərə alıb bülletenlərin çapını müəyyən dərəcədə çox eləsə yaxşıdır. Çap maşını işə salınmışkən… Çünki yuxarıda sadaladığım amillər bizdə daha bir növbədənkənar seçkinin keçirilməsini labüd edə bilər. Oldu oldu da bə. Neyləyəcəyik? Kimin ağlına gələrdi yanvarda fikirləşsin apreldə seçki olacaq? Fikirləşirdik, uzağı oktyabrda olar. Ən yaxşı halda sentyabrda. Bəlkə də avqustda. Yay sərin keçsə, iyunda. Ancaq fevralda qərar çıxdı, qəfildən seçki aprelə düşdü. İndinin özündə növbədənkənar seçkidən bir ay sonra, may ayında təzə növbədənkənar seçki elan edilsə, Məzahir müəllim seçki bülletenini nə cür çap edəcəkdir? Bunu çatdırmaq var, dəqiq sayı əhatə eləmək var… Birdən çap elədin, 5 milyon 347 min 800 dənəsində çap maşını sındı. Nə qayıracaqsan? 3 dənə bülleteni haradan, yaxud hansı yerdən çıxaracaqsan? Seçki bülletenini əldə yazıb verəsi deyilsən. Bizdə bülletenlər müqəddəsdir, göz bəbəyi kimi qorunur, seçki saxtakarlığı etmək cəhdi fikrini xəyali olaraq arzu edən və bunu yuxuda görənlərin isə yuxusu həbs edilir. Barmağımıza ultrabənövşəyi mürəkkəblə həna yaxılır, imzalarımız infraqırmızı şüalardan keçirilir, verdiyimiz səslər Hiqqs bozonları ilə bəzədilir, müəllimlər məktəblərdə protokolları sinələrində, ürəklərinin başında, aorta-koronar şah damarlarının üstündə gəzdirirlər. Nəsə, bunlar ayrı temadır.
Sözümün canı odur ki, hər ehtimala qarşı bülletenləri azı iki nüsxədə çap eləsək yaxşıdır. Lap dəqiq yazsam, 10 milyon 695 min 606 dənə. Əlimizin altında hazır dursun. Bu bizim necə ciddi millət olmağımızı da dünyaya tərənnüm edəcəkdir! Hərdən məndə belə təsəvvür yaranır ki, Azərbaycan qalaktikanın mərkəzidir. Örnək üçün bu yaxında Bakıda, Balaxanı qəsəbəsinin Müsavat küçəsində qətl hadisəsi törədilmişdi (yəqin küçənin adındakı müxalif elementlərin rolu olmuşdur). Kişi ördək saxlayırmış. İşdən qayıdanda görüb ki, arvad ördəyi kəsib bişiribdir. Qəzəblənərək arvadı taxta parçası ilə döymüşdür. Arvadın döyülməsi onun qardaşına çatdırılmışdır. (bizdə KİV güclü işləyir). Qardaş davaya gəlmiş, ərlə bıçaqlaşmışlar. Sonra kimsə qardaşın qardaşını, ya da qonşunu davaya cəlb etmişdir – dəqiq yadımda deyil. Bunlar uzun müddət süpürləşmiş, qan su yerinə axmış, ördəyin qanına qarışaraq ördək-insan qardaşlığı yaranmasına səbəb olmuşdur. Axırda hüquq-mühafizə orqanları gəlib tərəfimizdən aşkar edilərək 1 ədəd ördək pətənəsi, 1 ədəd dümbül, 2 lələk, 3 qram qardaş qanı götürülmüşdür. İstintaq gedir, məhkəmə də böyründə. Ola bilsin ördəyin bir budunu da hakimə verdilər.
Siz sağ, mən salamat. Onlar yedilər içdilər yerə keçdilər, siz yeyin, için Almaniyaya köçün.