Dünyada bir antidemokratiya dalğası kükrəyir. Bu, gözlə görünür artıq. Demokratiyaya keçid yolunda olan, hətta artıq avtoritarizm körpüsündən keçdiyi düşünülən ölkələrdə U dönüşü müşahidə olunur. Şərqi Avropa dövlətlərində yeni-yeni avtoritar liderlər boy göstərir.
Yeltsin dönəmində demokratikləşmə yolunda olduğu sezilən Rusiya artıq avtoritarizmin dibində, diktaturanın dəhlizindədir.
Azərbaycanın demokratiyaya keçid yolundakı manevrləri və son mövqeyi hər kəsə bəllidir.
Lap əvvəldən bu yola düşməyən Belarus hələ də hesab edir ki, demokratiyaya üz vermək düz yoldan sapmaq demək olar.
Saakaşvilidən sonra Gürcüstan demokratiyası geri getməkdədir.
Ermənistan gözdən pərdə asmaq üçün yalançı bir prezident seçkisi keçirdi, parlament yeni prezident seçdi, amma hər kəs bilir ki, Armen Sarkisyan adlı bu şəxs, sadəcə, baş nazir Serj Sarkisyanın yanında prezident işinə düzəlib, hər gün işə gəlib maaş alacaq, dövləti isə Serj Azadoviç idarə edəcək.
Dünən ABŞ prezidenti Donald Tramp Çin liderinin ömürlük prezident olması niyyətini təqdir edib.
Harda qaldı dünyada demokratiya istəyən xalqlara onu vəd edən, eyzən “demokratiya-demokratiya” deyə dünyanı gəzən ABŞ prezidentləri?
Hiss olunur ki, sözdə də olsa, daima demokratiyadan, azad seçkilərdən, insan haqlarından danışan prezidentlərin yerini düşüncə etibarilə diktaturaya, irqi ayrı-seçkiliyə meylli olan, azad mətbuatı boğmağa çalışan birisi tutub.
Dünyada demokratiyanın geriləməsinin əsas göstəricilərindən biri də “demokratiyanın beşiyi” sayılan ölkədə – ABŞ-da müstəbid qafalı birinin, 50 dövlətin birləşməsindən yaranmış bir superdövləti şəxsi holdinqi kimi idarə etməyə çalışan Trampın iş başında olmasıdır.
Öz ölkəmiz demokratiya istiqamətində lap əvvəldən elə bir məsafə qət etməmişdi, hazırda isə anti-demokratik ovqat daha da güclənib.
Məsələn, dünən tanınmış sosioloq Əhməd Qəşəmoğlu qəzetimizə müsahibə verərək deyib: “Mən demokrat deyiləm, çünki onun mahiyyətini bilirəm”.
Sosioloq-şair müsahibəsi boyunca demokratiyanın “Qərbin oyunu” olduğunu, mükəmməl idarəetmə üsulu olmadığını, hətta bəzi ölkələrdə faciəvi durumlar yaratdığını sübut etməyə çalışır.
Özlüyündə bu fikirləri demokratiya barədə səthi, eləcə də mürtəce fikirlər adlandırmaq olar.
Böyük siyasət adamı Çörçillin təbirincə desək, demokratiya o qədər də mükəmməl idarəetmə üsulu deyil, amma bəşəriyyət bundan yaxşısını icad etməyib.
Demokratiyanın alternativi avtoritarizmdir, totalitarizmdir, despotizmdir. Bəziləri düşünürlər ki, əgər bir ölkə totalitarizmdən, qəddar diktaturadan xilas olubsa, demək, demokratiyaya keçid yolundadır.
Əslində isə totalitarizmlə demokratiyanın arasında şəxsi avtoritarizm, partiya avtoritarizmi kimi stansiyalar da var.
Bir partiya uzun illər hakimiyyəti müxtəlif yollardan, ən yaxşı halda inzibati resurslardan istifadə edərək saxlayırsa, o ölkənin demokratiya stansiyasına çatmasına məsafələr var. Eyni meyar şəxsi avtoritarizmə də aiddir.
Demokratiyanın avtortarizmlə qiyaslanması isə heç bir məntiqə sığmır. Onların hansının daha yaxşı olması mövzusunda polemika başlatmaq o qədər absurddur ki, müasir dünyada heç bir ciddi siyasi dairə bu işə girişməz. Bu cür mübahisələr 70-100 il əvvəldə qalıb və demokratiyanın üstünlüyü bir aksioma kimi qəbul edilib.
Dünyaya baxaq. Bu gün dünyada ən böyük iqtisadiyyata malik, əhalisini yüksək rifah halında yaşadan 8 ölkənin 8-i də demokratik rejimli ölkələrdir.
Bu yerdə Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn kimi ölkələr misal göstəriləcəksə, bəri başdan deyək. Onlar neft və milyardlar səltənətidir. Bu gün neft qurtarsa və ya qiymətdən düşsə, o ölkələrin əhalisi zimbabvelilər kimi acından çöllərə düşəcək. Normal idarəetməyə malik olmadıqlarından onların böhrandan çıxması üçün bir neçə onillik lazım olacaq, o da hələ düzgün istiqamətdə irəliləsələr.
“Demokratiyada isə çarə tükənməz”. Bu da məşhur ifadədir və necə bir həqiqət daşıyıcısı olduğu yüz dəfələrlə təsdiq olunub.