Martın 2-də Xətai rayonunda baş verən dəhşətli, çoxsaylı insan tələfatına səbəb olan yanğın kimi texnogen qəzalar daha çox inkişaf etməkdə olan ölkələrdə baş verir.
Yüksək texnologiyalara malik, inkişaf etmiş ölkələrdə ya belə texnogen qəzalar olmur, ya da olsa belə, kütləvi insan tələfatı baş vermir.
Məsələn, Kanada, Yaponiya, Finlandiya, Norveç kimi ölkələrdən belə xəbərlər hələm-hələm gəlməz.
Əvəzində hər həftə Hindistandan qatar qəzası, Çindən mədən partlayışı, Banqladeşdən bərə batması, Rusiyadan təyyarə, vertolyot qəzası, Türkiyədən ağır yol qəzaları xəbərləri gəlir.
Bunlar insan səhlənkarlığından, vəzifəli şəxslərin məsuliyyətsizliyindən qaynaqlanan qəzalardır. Hələ eyni cür səhlənkarlıq və məsuliyyətsizlik üzündən kütləvi insan tələfatına səbəb olan terror aktları və təbii fəlakətlər kimi hallar da var.
Vəzifəli şəxslər ayıq-sayıq, məsuliyyətli olsalar, planlaşdırılan teraktların qarşısını almaq olardı, amma onlar işlərinə səhlənkar, başdansovdu yanaşırlar, terror aktı törədilir, nəticədə çox adam ölür.
Yaxud inşaatçılar işlərinə səhlənkarlıqla yanaşır, yeraltı təkanlara davamsız binalar tikirlər, zəlzələ baş verir, böyük uçqunlar olur, çoxsaylı insan tələfatı olur.
Torpaq sürüşməsi zamanı baş verən dağıntı və tələfat da birbaşa insan səhlənkarlığı ilə bağlıdır. Daşqınlar da o cümlədən.
Yəni müasir həyat elədir ki, bir insan qrupunun başına nə fəlakət gəlirsə, mütləq onun arxasında öz işinə, vəzifəsinə məsuliyyətsizcəsinə yanaşan başqa bir insan qrupu var.
Nə yazıq ki, Azərbaycan insanların texnogen qəzalardan sığortalanmadığı ölkələr qrupuna aiddir. Bunu ogünkü dəhşətli qəza bir daha göstərdi.
Bəzən adamlar cəsarətlə “bunu qəsdən ediblər” kimi fikirlər yürüdə bilir, hər belə hadisənin altında sui-qəsd sözləşməsi nəzəriyyəsi axtarırlar.
Bunlar isə ifrata varmış səhlənkarlığın, cinayətkarcasına məsuliyyətsizliyin nəticələridir.
Başqa sözlə, səriştəsizik, əlimizdən gələn budur. Təhlükəsizlik texnikası deyilən şeydən bixəbərik.
Baxın, inşaatda çalışan fəhlələrin xüsusi qoruyucu kəmərlə, dəbilqə ilə təchiz olunmasına qədər təxminən 10 il boyunca ildə azı 30-40 fəhlə hündürlükdən yıxılıb ölürdü. Axırda aidiyyatı orqanların qəti tələbindən, cərimə sanksiyası tətbiq etməsindən sonra inşaatçı sahibkarlar təhlükəsizlik texnikasına riayət etməyi lazım bildilər.
25 nəfərin ölümünə bais olan dəhşətli yanğın da, şübhəsiz ki, insan səhlənkarlığının nəticəsidir. Hər şey əvvəlcədən gözə alınmalıydı. Qapalı məkanlarda enerji daşıyan, qığılcım saçan vasitələr varsa, demək, hər zaman təhlükəli durumlar yarana bilər.
Alkoqolizmdən əziyyət çəkən, narkotik vasitələrdən asılı olan, ancaq sağalmaq, normal həyata qayıtmaq istəyən vətəndaşlarımızın müalicə olunduğu, daha dəqiqi, məhbus kimi saxlanıldığı yer xoşagəlməz bir məkan olub. Bu şərait həmin insanların ikinci sort insan hesab edilməsinin nəticəsidir.
İndi hər kəs təqsiri bir-birinin üstünə atacaq, heç kəs ortadakı məsuliyyətə yiyə durmayacaq. Bəziləri hətta ritorik şəkildə “hamımız günahkarıq” deyə fikir bildirəcəklər. Necə ki, artıq medianı vaxtında bu dispanserdən ifşaedici reportajlar hazırlamamaqda suçlayanlar var.
Bəli, mətbuat bu və digər dispanserlərdəki xoşagəlməz durumu vaxtında işıqlandırmadığı üçün dolayısı ilə təqsirkardır. Amma məsələnin mahiyyətinə baxaq. Nə vaxt oradan siqnal oldu, eşitməzliyə vurduq? Şikayətlənən oldu, dinləmədik?
Onu da nəzərə almaq lazımdır ki, narkoloji dispanserlər qapalı məkandır, oranın pasiyentlərinin şəklini çəkmək, adlarını göstərmək, orda kimlərin müalicə olunduğunu açıqlama olmaz. Buna nə dispanser rəhbərliyi müsaidə edərdi, nə də peşə etikasının tələblərini bilən jurnalistlər bu işə girişərdi. Yalnız adının anonim saxlanmasını istəyən xəstə yaxınları pasiyentlərin necə bir xoşagəlməz durumda saxlanıldıqları barədə mediaya xəbər ötürə bilərdilər. Təəssüf ki, onlardan heç kim belə etməyib.
Uzun sözün müxtəsəri, biz inkişaf etmiş ölkələrin təcrübəsi ilə maraqlanmalı, bütün sferalarda təhlükəsizlik texnikasına riayət etməyi öyrənməliyik.
Bəxtimiz gətirib ki, bu səriştə və məsuliyyətlə AES işlətmirik. Ölkəni Çernobıla döndərərdik.