Загрузка...

Ərdəbilin imam-cüməsi, hörmətli Seyid Həsən Amili haqlıdır. Torpaqlarımızın işğaldan azad edilməsi üçün öncə millət olaraq ayağa durmalıyıq. Bu, bişəkk ki, ən əvvəl Arazın bu tayındakıların boyun borcudur, nəinki o tayda “əl-qolu bağlı” soydaşlarımızın. “Əl-qolu bağlı” deyərkən biz zəncirləri nəzərdə tutmuruq sözsüz ki…

Qəzetimizə müsahibəsində bacardıqca səmimi, Cəlaləddin Rumi demiş, “olduğu kimi görünmək” istəməsinə görə ona təşəkkür edirik. Hər halda, əziz imam-cümənin məntiqini ən əvvəl onun təmsil elədiyi teokratik rejimin bir nümayəndəsi kimi qəbul eləmək lazım gəlir. Onun ünlü soydaşımız olaraq, açıq söyləyə biləcəyi, bu taydakı xalqına maksimum edə biləcəyi reverans, göndərə biləcəyi mesaj da anlaşılandır. Amma və lakin…

* * * * *

Deyir, “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Bunu dövlətlərarsı münasibətlərə də şamil eləmək olar. Nədən söhbət gedir?

Əvvəla, hörmətli ayətullah düz buyurur ki, Qarabağ münaqişəsi zamanı İranın dövlət olaraq bizə köməyi dəyib. Bura humanitar və hətta müəyyən mənada hərbi xarakterli dəstək daxildir. Bu dəstəyi heç vaxt danmır və unutmuruq. Unutmayacağıq da. Eləcə də İranın başqa elədiklərini – o cümlədən mənfi işarəli olanları.

İş də ondadır ki, İranın Türkiyədən fərqli olaraq, işğalçı ölkəyə qucaq açmasından dolayı müsahibə boyu Seyid Amili sanki bir diskomfort yaşayır. Buna bəraət üçün əsas, arqument axtarır. Məsələn, Amili deyir “İran olmasaydı, ermənilər Yevlaxa kimi gələrdi”.

Ancaq icazənizlə, buna etiraz edək. Ən azı, belə bir şey yoxdur, nəzəridir və olmaması da Azərbaycan oğulları hesabınadır. Ölkə boyu “səpələnmiş” şəhid xiyabanları sözümüzə sübutdur. İkinci yandan, bəlli ki, Azərbaycan adında dövlətin varlığı İrana həmişə narahatlıq yaradıb. Səbəbi yəqin ki, Seyid Həsən Amiliyə də məlumdur – dilə gətirə bilməsə də…

*****

Biz bunu da unutmuruq ki, qonşu İran Azərbaycanın müstəqilliyini 8-ci sırada, hətta Rumıniyadan sonra tanıyıb. Türkiyəni, Pakistanı daha demirik. Yəni sonadək gözləmə mövqeyində olub. Belə əminlik var ki, Tehranın İrəvanla isti münasibətlərinin qayəsində də müstəsna olaraq bu amil dayanır – konfliktin bacardıqca uzanması, Azərbaycanın qüdrətli dövlətə, güclü regional oyunçuya çevrilə bilməməsi marağı. Müsəlman Pakistanın, Türkiyənin isə əksinə, belə hədəfi olmadığından Ermənistanı heç dövlət olaraq tanımır, sərhədləri bağlı saxlayır, gediş-gəlişə izn vermir.

İşğalçı ölkəyə ən yüksək səviyyədə, başqa ölkə prezidenti olmaqla, ən çox səfərlər edən də yenə məhz Tehran rəsmiləridir. Bu xüsusda yada salaq: ötən ilin dekabrında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrəvanda Ermənistanı “bölgədə sülhün, əmin-amanlığın carçısı və təminatçısı” adlandırmış, bununla da şəhidlərimizin ruhuna hörmətsizlik eləmişdi. Halbuki, Azərbaycandan fərqli olaraq, regionun “tullantı” ölkəsi Ermənistan İran üçün nə iqtisadi-energetik, nə də nəqliyyat dəhlizi və turizm baxımından ciddi önəm kəsb eləmir.

Yaxud İsrail amili. Bu da doğru ki, biz yəhudi dövləti ilə əməkdaşlığı ilk növbədə işğaldan qurtulmaq üçün edirik. İsrail ən modern silah tədarükçüsü olduğu və dünyada güclü lobbiyə malik olduğu üçün. Fəqət, İranın gözləntisi də məntiqli deyil. Yəni düşünmürük ki, Azərbaycan “sionist rejimlə” əlaqələri kəsən andan İran işğalçı Ermənistanla sərhədləri bağlayacaq – Türkiyə kimi…

*****

O ki qaldı millət olaraq ayağa durmağımıza, əlbəttə ki, torpaq uğrunda ölmək imandandır. Ancaq bundan öncə “ilana (oxu: işğalçıya!) zəhər verən”lər zəhər verməyi dayandırsa yaxşı olar. Ki, bu taydakı müsəlman qardaşlar izafi can və mal itkisinə məruz qalmasın. O biri qonşumuz Rusiyanın “ilana zəhər verməsi”ni hardasa anlamaq olar. Bəs müsəlman aləminə nümunə olmaq istəyən İrana nə gəlib? Axı, bunu İslam əxlaqı diktə edir.

“Özünüz də bilirsiniz, hamı bilir ki, Ermənistanı saxlayan Rusiyadır – silahını da verir, pulunu da”. Həsən Amilinin sözləridir. Bilirik. Bunu da bilirik ki, Ermənistanı ayaqda saxlayan, ona dar macalda “nəfəslik” olan həm də İran dövlətidir – özünün siyasi-diplomatik, iqtisadi və mənəvi dəstəyi ilə.

Maraqlıdır ki, Rusiya kimi İran rəsmilərinin dilindən də indiyədək “Ermənistan işğalçıdır, BMT-nin Qarabağa dair qətnamələri qeyd-şərtsiz yerinə yetirilməlidir” bəyanatını eşitməmişik. Eşidən-bilən varsa, xəbər eləsin, ad çəksin, açıqlamanı, linki bizə göndərsin, lütfən…