Загрузка...

Atalar deyib ki, qadağan olunmuş meyvə şirin olar. Yəni bir şeyi yasaqlarsan, hamı maraq edər ki, onun dadına, duzuna, rənginə baxsın.

Kitab və film məsələsində də eynidir. O vaxt ayətullah Xomeyni ortabab yazıçı Salman Rüşdinin kitabını yasaqlamasaydı, bu gün o kitabın oxunması indikindən yüz qat aşağı olardı. Amma yasaqlanmışdı deyə, dünya ictimaiyyəti daraşdı kitabın üstünə.

Yasaqlanmış filmlərin də izlənmə sayı hər zaman rekordları qırıq-qırıq edir.

Əmin ola bilərsiniz ki, Rusiyada yasaqlanmış “Stalinin ölümü” filmi bu ilin ən çox izlənilən filmi olacaq.

Deyilənə görə, o filmi nəyə görəsə bizdə də yasaqlayıblar. Amma nə qədər ki, bu xüsusda qanun-filan yoxdur, mən girəvələyib o filmə baxdım və hazırda düşünürəm ki, bu filmi Rusiyada niyə qadağan ediblər. Nə səbəbdən?

Bu filmdə göstərilənlərin hamısını, hətta ondan beş qat artığını mən 30 il öncədən bilirəm. 1988-90-cı illədə tarixçilər Roy Medvedyev, Dmitri Volkoqonov və başqaları istər Stalin haqqında, istər onun silahdaşları barədə, istərsə də o dövrdə Kremldə baş verənlərə dair hər şeyi təfərrüatı ilə yazıblar. Ortada sirr, müəmma qalmayıb, hər şeyin, necə deyərlər, pərdəarxası detalları məlumdur.

Filmdə isə “nağıl dili yüyrək olar” taktikası seçilib. Əslində bu mövzuda “Santa Barbara”dan da uzun serial çəkmək olardı. Ancaq Fransa, İngiltərə və Belçika kinematoqrafçıları “Stalinin ölümü”nü çəkərkən kəsədən gediblər və cəmi bir-iki günün hadisəsini lentə alıblar.

Tarixi fakt belədir ki, sovet DİN-in (eyni zamanda KQB-sinin) şefi Lavrenti Beriyanı Stalinin ölümündən dərhal sonra güllələməyiblər, uzun bir proses gedib, adamı iyunun 26-da işdən çıxardıb tutublar, sonra məhkəmə prosesi gedib, dekabrda isə güllələyiblər – yəni Stalinin ölümündən 10 ay sonra. Filmdə isə göstərilir ki, guya onu Stalinin qəbrə qoyulduğu gün öldürüb, yandırıblar və külünü göyə sovurublar.

Filmin janrı da qəribədir, qrotesklə dramın qarışığı bir şeydir. Baxırsan ki, çox şeyi olduğu kimi çəkiblər, amma dialoq və epizodlardan komiklik yağır. Bu, ona görə belədir ki, o dövrdə sovet bürokratiyası özünün absurd səviyyəsinə çatmışdı və hər addımı bugünkü baxışla satirik görünür. Məsələn, Stalin gecədən insult olub, yerə döşənib, bir adam yanına girmir, yalnız səhər yeməyi aparan xadimə görür ki, rəhbər uzanıb. Ondan sonra da heç kim həkim çağırmır, deyirlər, gərək Siyasi Büro üzvlərinin hamısı gəlsin ki, həkim çağırmaq qərarı vermək üçün yetərsay olsun. Bu, əlbəttə, absurd və gülməli durumdur, amma gerçəkdən də o vaxt Stalinin üstünə həkimi gec çağırıblar.

Həkimlərin kütləvi şəkildə repressiya edilməsi iddiası doğrudur, amma Kremldə həkim tapılmaması söhbəti absurddur.

İnsanların kütləvi şəkildə repressiya olunması, güllələnməsi tarixi faktdır, amma hamının bir-birini, harda gəldi, güllələməsi həqiqət deyil. Bu işi səlahiyyətli mütəxəssislər görürmüş.

Bir sözlə, bu sovet dövrünü yaşayan, o dövrün haqq-hesabları ilə maraqlanan hər bir adamın, o cümlədən də rusların bildiyi gerçəklərdir. Belədirsə, bu film nədən qadağan olunsun?

Bunun əsas səbəbi o ola bilər ki, filmdə KQB aşağılanır, aciz göstərilir, hazırda isə keçmiş “kaqebeşnik”lər hakimiyyətdədir və onlar istəmirlər ki, sələflərinin reputasiyası daha da korlansın. Filmin yasaqlanması bir növ xələfin sələf qarşısındakı vəfa borcundan irəli gəlir.

İkincisi, kinematoqrafçılar fransızlar, ingilislər, belçikalılardır və patriot rus məmurları istəmirlər ki, anti-rus əhval-ruhiyyəli əcnəbilər onların tarixinə, xüsusilə də onun qara ləkələrinə dil uzatsınlar, onu lağlağı predmetinə çevirsinlər.

Məncə, ya ikisinin biridir, ya da elə ikisinin ikisidir.

Yekunda onu da deyim ki, Stalin roluna çəkilən aktyor barədə uğursuz seçim edilib. O, Stalinə qətiyyən oxşamır. Məşhur sovet liderinin xarizması, zabitəsi, zəhmi sıfırdır, mülayim kolxoz sədrlərinə bənzəyir. Rejissor gəlib Gürcüstandan, Azərbaycandan Stalin roluna çəkiləsi 10-15 aktyor tapa bilərdi və bizimkilər o rolu çox təbii, sevə-sevə oynayardılar. Qafa qafaya uyğundur axı.

Qoy gənclər, xüsusilə də arada tanımaza-bilməzə, sovet dövrünü ideallaşdıran növcavanlar bu filmə baxsınlar. Bu, sovet dövrünün acı və absurd həqiqətlərinin yalnız 0-la başlayan faizidir.