Növbədənkənar prezident seçkisi elan olunanda bəziləri bu qərardakı gözəlliyi, mənanı anlamadılar. Hətta etiraz edənlər, aksiyalara çağıranlar oldu! Uca millətimiz isə həmişəki kimi tırkaya (məncə bu gözəl sözü artıq bədii dilimizə salmaq qərarını Orfoqrafiya Nazirliyindən gözləməyə ümidli olmaq üçün haqlıyıq) getmədi, müdrikcəsinə susdu. Səbəblər yavaş-yavaş üzə çıxmaqdadır. Xalqın uzaqgörənliyinə şübhəmiz yoxdur. Xalq perspektivləri düşünür, stratejik yanaşır. El gücü, sel gücü. Bağban tələsər, armud vaxtında yetişər. Hər dərədə bir at öldürüb, baytar olub. Axırıncı deyəsən başqa köşədən gəldi bura düşdü, ancaq xətrinə dəyməyək, qoy müəyyən qədər də bu yazının içində yaşasın. Tolerant xalqıq, necə olmasa.
Söhbət ondan gedir ki, az qala hər gün maaşların, pensiyaların, qonorarların artırılması xəbərləri gəlir. Dünən müəllimlərin maaşını 10 faiz artırdılar. Düzdür, bəzi müəllimlər qərarın mahiyyətini anlamaqda çətinlik çəkir, başa düşmürlər hansı müəllimlərdən söhbət gedir. Sinəsi bülletenli müəllimlərdən, yoxsa ürəyi maarif eşqiylə yananlardan? Yəqin bunu izah eləmək üçün televiziyada işləyən kadrların maaşını da 10 faiz artırmaq lazım gələcəkdir. Srağağün tələbələrin təqaüdü 1 dönər və ayran qədər artırıldı. Tasrağagün (bu zaman vahidinə rəhmətlik Qarabağ bölgəsində “taisrayın” deyirdilər, ola bilsin bunun qədim kökləri İsrail övladlarına tolerant yanaşmağımızla bağlıdır) 5 uşaqlı anaların pulları 3 manat çoxaldıldı. Kimin 4 uşağı varsa, bundan yaxşı stimul olarmı? Cəmi 9 aya məsələni həll edib hər ay 3 manat artıq vəsait əldə etmək ailə büdcəsini zənginləşdirmirmi? Halbuki, dünənə, daha doğrusu, taisrayınacan beşuşaqlı ailələr ayda 30 manat alırdılar. İndi 33 manat olmuşdur.
Sözgəlişi, indi diqqət elədim, “beşuşaqlı” sözü təxminən “beşaçılan” kimi səslənir. Bu isə bizim ərazi bütövlüyü uğrunda mübarizəmizə daha bir rövnəq verir, bizi yeni-yeni qələbələrə səsləyir! Qış gözünə barmağım, Yaza çıxdı oğlağım!
İndi mən sizdən soruşuram: həyatınız boyunca haçan fevral-mart aylarında maaş-penisiyanın artmasını görmüşdünüz? Belə artımlar büdcə tənzimləməsi baxımından ya ilin axırında, ya il girəndə olur. Uzağı ilin ortasında, o da nöyütün qiyməti qalxsa, pul yığılsa, Elman müəllim 3 telini sağa darasa və sairə. Fevralda heç vaxt maaş artmırdı, buna görə sevgili xalqımız bu aya “Kiçik çillə” adı vermişdir. Əfsanə də var, deyir bir gün fevral yanvara deyir ki, səndəki büdcə məndə olsaydı benzini, qazpulunu hər gün qaldırardım, qoy azərbaycanlıların beli qırılsın. Mart isə tarixən “Boz ay” olmuşdur, yəni, burda rəngli pullar artmır.
Bəs indi nə təhər oldu birdən-birə fevral-martda maaşlar qalxdı? Yenə anlamayanlar varsa, yazıram: seçkiyə görə! Bu səbəbdən millət seçkinin qabağa çəkilməsinə sevinirdi. Çünki seçki oktyabra qalsa maaşı 3 manat artırmağın bəlkə inflyasiya səbəbindən anlamı, mənası olmayacaqdı. İndi isə ye, iç, kef elə. Üç manata bir kilo pomidor almaq olar. Hətta xahiş edərdik, mümkündürsə, oktyabrda seçki yenə keçirilsin. Ürəyimiz açılır. Süfrəmizdə barmaq qoymağa yer qalmır.
Seçkinin qabağa çəkilməsinin xeyri görün nə dərəcədədir ki, hətta Milli Şura Müsavat Partiyasına dəvətnamə göndərib, deyir, gəlin birlikdə mitinq qayıraq! Fantastikadır. Dünənə qədər Milli Şura Müsavata, Müsavat da Milli Şuraya “iqtidarın adamları”, “Rusiyanın projesi”, nə bilim, adamyeyənlər qəbiləsi-filan deyirdi. Hətta İsa Qəmbər xəstələnəndə bir əski müsavatçı belə diaqnoz qoymuşdu: “İsa bəyin vəziyyəti Əli Kərimlini sevindirəcək vəziyyətdə deyil”. İndi isə dəvətnamə göndərirlər. Deməli, növbədənkənar seçki müxalifət daxilində də milli birlik yaratmışdır.
Hələ xeyri çox olacaq, tələsməyin. Üzə çıxır.