Elm, təhsil sahəsində islahatlar davam edir. Dünən daha bir xoş xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutundan almışıq. Əməkdaşlar deyiblər ki, institutun direktoru onlara müraciət edərək söyləmişdir: “Siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir…” İşçilər deyiblər, biz daha bu təhqirlərə dözə bilmirik.
Dözə bilmirsiniz, dombalaq aşın. Heç dəxli var? Şəxsən mən direktorun elmi-mədəni qabiliyyətindən, zövqündən ləzzət aldım. Əsl iş yerinin məzmununa layiq sözlər işlədibdir. Ta zooloq direktor da işçilərinə kaftar deməsin, kim desin? Kaftar bir heyvan növüdür. Zoofil isə qədim yunancadan çevirəndə “heyvanları sevən” mənasındadır. Heyvanlara məhəbbəti olan zooloq belə söhbətləri tərif kimi qəbul etməlidir, bunlar isə zıqqıldaşırlar, deyirlər biz təhqir olunmuşuq. İndi neyləyək? O söyməsin, mən söyməyim, sən söymə, bəs biz necə inkişaf edək? Söz azadlığı haqda qanuna görə də söyüşmək vacibdir. Qanunu pozaqmı?
Bir-iki ay qabaq Bakı Dövlət Universitetində şərqsünaslığın dekan müavini laboranta maraqlı dövlətçilik təklifləri etmişdi. Demişdi ki, özünü yaxşı apar, səni şillə-təpiyin altına salaram. Laborant isə həyasızcasına buna etiraz etmişdi! Sitat: “Qanunlar var, məni döyə bilməzsiniz”. Görün necə dərəbəylik yaratmaq istəyirdi. Sanki eşikdə 90-cı yüzillikdir, AXC-Müsavatın hakimiyyət minilliyidir. O baxımdan, sevindirici haldır ki, dekan müavini laborantı dərhal yerinə oturtmuşdu. Sitat: “Qanunu yoğurub sənin bir yerinə (əlbəttə, burada ”bir yerinə” ifadəsi mənimdir, müavin yoldaş daha mədəni, üç hərflik söz işlətmişdi – Z.H.) soxaram, mənə heç kim heç nə edə bilməz”. Doğrudan da az sonra universitet rəhbərliyi tamamilə haqlı olaraq laborantı işdən qovdu. Nəticədə qanunlarımızı gözləyən perspektiv də sovuşdu. Ancaq necə gözəl, elmi-pedaqoji dialoq alınmışdı! Heç NASA-da, Harvardda, Stenfordda, canım sənə desin, EMQU Dərbənd filialının yurfakının Xocəsən Universitetinin Zoopark Fakültəsində (tanıdığım ali məktəblər bunlardır, qınamayın) belənçik diskussiyalar olmur, belə metodik dialoqlara kökündən rast gəlinmir. Hələ siz sözə baxın: “qanunu yoğurub”! Folklorun, mənəvi dəyərlərimizin, mentalitetin, şərqşünaslığın əsasları burada özünü göstərirdi. Axı dekan müavini “qanunu yumrulayıb sənə soxaram” da deyə bilərdi, lakin burada qədim türk sözümüz olan “yoğurmaq” felindən yararlanmış, qanunlarımızın xəmir kimi yoğrulmasına, yoğrulub yoğunlanmasına, yoğunlayıb yağıları yağmalamasına, yağıları yağmalayıb yağlayıb yaxmasına (məncə, burda dayanaq) işarələr vurmuşdur.
Keşlə qəsəbəsində də bir qrup müəllim və valideyn mızıldaşıblar, deyirlər icra hakimi bizi zorla “Keşlə” futbol klubunun futbol oyunlarında tribunanı doldurmağa basır. Əcaib adamlardır. Hökumət bu qədər pul tökür, komanda qurur. Çempionatdakı komandaların az qala hamısının sponsoru neft şirkətimizdir. Bəs siz niyə bu oyuna baxmırsınız? O boyda müəllim maaşı alırsınız. Son artımla müəllimin orta maaşı 150 manatdan 155 manat 50 qəpiyə qalxmışdır! Hələ sevinin ki, “Müəllimə” qadın futbol klubu yaradıb sizi şortikdə stadiona buraxmırlar. İstəsələr edərlər, oyun səviyyəniz aşağıdır.
Odur, Türkmənistanda prezident Qurbanqulu müəllim qərar verib, hər bir zəhmətkeş velosiped sürməlidir. Bütün idarə və müəssisələr də atışıb velosiped alırlar. Siz isə tribunada oturub tum qıra-qıra, qeybət eləyə-eləyə futbola baxmağa ərinirsiniz. Hələ o biri utanmazlar… Zoofil olmağa pis baxırlar. Ayıb olsun sizə. Bu cür vətəndaşlarla hara getmək olar? İntəhası, yenə bunlar yeyib doyublar…