Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyini qeyd alıb.
Apa.az xəbər verir ki, bu barədə qərar bu gün MSK-nın iclasında qəbul edilib.
Bununla, İlham Əliyev rəsmən qeydə alınan ilk prezidentliyə namizəd olub.
Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib. YAP fevralın 22-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.
Seçki Məcəlləsinə əsasən MSK sənədlər qəbul edildikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.