Загрузка...

Qazax rayonunun Kəmərli kəndində yaşayan Şayəstə xaladan 19 il öncə yazmışdım. Mövzunu mənə sabiq MTN polkovnik-leytenantı İlham İsmayıl vermişdi.

O, ötən əsrin 80-ci illərinin ortalarında Qazaxda baş vermiş bir hadisə ilə bağlı MTN-in rayon şöbəsinin sərəncamında olan materiallarla tanış olmuş, hadisənin təfərrüatını öyrənmiş, Şayəstə xalanın adını yadında saxlamışdı.

Kəmərlidə baş verən hadisə sıradan bir olay deyildi, ailə-məişət məsələsinə qətiyyən dəxli olmayan, əksinə, iki qonşu dövlətin sərhəd və ərazi məsələsinə birbaşa aidiyyəti olan hadisə olub. Şayəstə xala məhz bu cür bir olayın qəhrəmanıydı.

19 ildən sonra bu mövzuya ona görə qayıtdım ki, bu günlərdə o kənddən bir ustayla tanış oldum, adımı və işlədiyim qəzetin adını deyəndə kişi dedi ki, səni çoxdan tanıyıram, 1999-cu ildə əmimin yoldaşı Şayəstə xaladan yazmışdın.

Təbii ki, o yazını unutmamışdım, detallarına qədər yadımdaydı. Şayəstə xalanı xəbər aldım. “5 il əvvəl rəhmətə gedib” dedi usta.

Bu barədə sosial şəbəkədə status yazdım və oxucular Şayəstə xala haqqında yazdığım yazını istədilər. Bu yazı oxucuların israrlı istəklərinə görə yazılır.

Əslində Şayəstə xala haqqında bir, beş qəzet yazısı azdır, onun haqqında çox yazılmalıdır. Qəhrəman qadınlarımızı simvollaşdırarkən kimlərəsə Nigar, Həcər deyirik, əsl simvollaşdırılası qadın məhz Şayəstə xala olub.

Ötən əsrin səksəninci illərinin ortalarında, ermənilərin Qarabağa iddialarının açığa və beynəlxalq miqyasa çıxmasından 3-4 il öncə bədxah qonşularımız torpaq iddialarını əl altından, xımır-xımır yeridirmişlər.

Ermənilər Kremlin bir sözünü iki etməyən, acgöz və tamahkar qonşunun kaprizlərinə boyun əyən Azərbaycan rəhbərliyinin, konkret olaraq respublikanın faktiki rəhbəri (Kompartiya mərkəzi komitəsinin birinci katibi) Kamran Bağırovun və onun komandasının fərsizliyindən istifadə edərək Laçın rayonunda min hektardan artıq torpağı Azərbaycandan qopardıqdan sonra eyni niyyətlərini Qazax rayonunun Kəmərli kəndində də həyata keçirmək istəyirlər.

Kəmərli camaatı niyyətdən duyuq düşür, ayağa qalxır, erməni niyyətinə müqavimət göstərir. Kəndlilərin həyəcanını səngitmək, etirazını boğmaq üçün Ermənistan və Azərbaycanın Nazirlər Sovetinin yüksək mənsəbli məmurları, eləcə də rayon miqyaslı vəzifə adamları Kəmərliyə gəlirlər.

Kənd camaatı sözün əsl mənasında iki respublikanın hökuməti ilə ağac-ağaca durur, kəndin torpağını ermənilərə peşkəş etmək istəmir.

Kəmərliyə qonaq gəlmiş və Kremldən rüsxəti alınmış torpaqvermə əməliyyatını nəyin bahasına olursa-olsun, həyata keçirmək istəyən ermənistanlı və azərbaycanlı nazirlər xalqın etiraz aksiyasına nəzarət edə bilmirlər, situasiya gərginləşir.

Gərginləşmiş situasiyada məsələnin nöqtəsini Şayəstə xala qoyur. O, əlindəki çomağı ağzını açıb “torpaq bizə veriləcək” deyən erməni nazirin (soyadı Arutyunyan olub, deyəsən) ağzına soxur və ara qarışır. Hiddətlənmiş camaat sırasında Azərbaycanın yüksək vəzifəli şəxsləri də olmaqla kəndin “qonaq”larının bir neçəsini tutub mal tövləsinə salırlar və qətiyyətlə bildirirlər ki, kəndin torpağı ermənilərə verilməyəcək.

Hər iki respublikanın rəhbərliyi fakt qarşısında qalır, görürlər ki, müqavimət güclüdür.

Tezliklə girovlar azad olunur, Nazirlər Sovetinin Şamil müəllim adlı yüksək mənsəbli məmuru kor-peşman şəkildə, rüsvay olunmuş vəziyyətdə Bakıya qayıdır, torpaq üstə ağzına təzəkli çomaq soxulmuş erməni nazir isə Yerevana gedir.

Beləliklə, ermənilər Kəmərlidən torpaq ala bilmir.

Söz yox, bu hadisəyə görə kənddə başı ağrıyanlar da olur, müqavimət hərəkatında fəallıq edənlərin hamısını, o cümlədən Şayəstə xalanı da bir qədər çək-çevir edirlər. Amma torpağı qoruyandan, pis niyyətli erməninin ağzının üstündən vurandan sonra milisə-prokurora təkrar-təkrar izahat yazmaq nə ağır işdir ki.

Əksinə, bu hadisəni danışan MTN zabiti Şayəstə xalanın tarixi cəsarətindən çox fərəhlə danışırdı və deyirdi ki, rayonda hamı bu xalaya hörmətlə yanaşırdı.

Şayəstə xala belə el anası olub, dövşanı arabayla tutan sovet hökumətinin repressiyasından, özünü, ailəsini incidəcəyindən qorxmayıb.

Nə yazıq ki, uzun illər Kremlin ağzına baxan, Moskvadan gələn bütün direktivləri ehkam kimi qəbul edən respublika rəhbərliyi vaxtında Şayəstə xala kimi cəsur və qeyrətli olmayıblar.

Yoxsa “torpaq, torpaq” deyən erməninin ağzına “tor”u deyib, “paq” deməmiş təzəkli çomaq soxmaq çətin deyildi.

Allah sənə rəhmət eləsin, qeyrətli Şayəstə xala.