“Ey bülbülı-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.
(Nəsimi)
Hər bir şey harmoniyadadır, bir-biriylə sıxı surətdə əlaqədardır. Sən Bayılda asqırırsansa dalğalanan hava böyüyüb Yaponiyada sunamiyə səbəb olur. Mən Xaləddin müəllimin xarab saatından yazmışdım, həmin günü saatı düzəltdilər. Xalq artistlərinin maaşında artım olmuşdur, deməli payızda armud ucuz olacaqdır. Eyni zamanda, əgər Aqil müəllim intervü verirsə həmin il Ağcabədi soğanının qiyməti qalxır. Bunlar hamısı sınaqdan çıxarılıbdır.
Bu yaxında bir topa gənc yazıçı AYB sədri Anarın və onun müavini Çingiz müəllimin kitab-dəftərini yandırmaq haqda tədbir elan etdilər. Dərhal cəmiyyətdə etirazlar baş qaldırdı, özü də ən çox etiraz edənlər ən çox kitab oxuyan adamlar idilər. Misal üçün, müğənni Faiq müəllim Axundov kitabxanasının yarısını oxuyubdur. O səbəbdən Çingiz müəllimin kitablarının yandırılması təhlükəsinə dözmədi.
Ancaq məqsədimiz kitabxanaşünaslıq deyildir. Hamı o qalmaqallı günlərdə baş vermiş bir hadisənin mənasına diqqət eləmədi. Məmləkətin bir yanında ziyalıların kitablarını yandırmaq istəyirdilərsə, o biri ucunda keçmiş nəqliyyat naziri Ziya müəllimin evi yanmışdı. Buyurun. Əsl terrordur. Hədəfində isə ziyalılardır. Hələ onu yazmıram ki, eyni vaxtda qəzetçi həmkarımız Elşən müəllim Qobustan həbsxanasına gedib Ziya Bünyadovun qatilindən intervü almışdır. Görün hamısı bir-biriylə necə əlaqədardır. Dəhşətdir. Sanki kimlərsə bizim xalqımızın qəsdinə durmuşdur.
Elementar bir misal çəkim. Fevralın 14-də – Ümumdünya Sevgililər Günündə bizdə fərman verildi: “Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 21-22, maddə 398) ləğv edilsin”. Bu nə deməkdir? Bu o deməkdir ki, 2001-ci ildə Hacıbala müəllim əlinə qılıncı alıb Bakı şəhərinin elektrik nəqliyyatı təsərrüfatını – tramvay və trolleybusları doğrayandan bəri 17 il keçsə də, şəhər elektrik nəqliyyatı sürücüləri pensiyaya vaxtından qabaq çıxmaq hüququnu əldə saxlayırmış. Görün bu 17 ildə nə qədər sürücü pensiyaya çıxıb hazırda dövlət büdcəsi vəsaitlərini xımır-xımır yeməklə məşğuldur. Bəs ziyalılarımız hara baxır? Olmaz belə. Məndə şübhələr var ki, bizdə at arabalarının, konkaların, dirijablların, yelkənli gəmilərin, paroxodların sürücüləri də pensiyaya vaxtından qabaq çıxırlar. Bunları araşdırıb üzə çıxarmaq yerinə mənasız işlərlə məşğuluq.
Yaxud, Ziya Bünyadovun qatilinin intervüsündə bir məqam var idi, deyir o vaxt müxalifət liderlərindən kimisə öldürmək də planda olubdur. Guya fikirləşiblər bunun mənası yoxdur, xalq etiraza qalxmayacaq, sonra qərar verilib Bünyadov vurulsun. Məncə etiraf etmək lazımdır ki, onlar bizim müxalifət liderlərini elə 90-cı illərdə kütləvi şəkildə qətlə yetiriblər. Çünki həmin vaxtdan bəri bu “liderlər” Azərbaycanda hər hansı müsbət dəyişikliyə, iqtidara azacıq təsirə-filana malik deyillər. O məhşur anekdotdakı vəziyyətdir: “Məni də öldürdülər”. Özü də mən mətbuatı qırağa qoymuram. Bizi də təxminən o vaxtlardan müxalifətlə bahəm hoppalara yola saldılar. Hətta deyərdim biz daha çox dirəndik, çünki sıralarımızda ziyalılar var idi. Təvazökarlıq çıxmasın, biri elə mən.
Bu durumu Qasım bəy Zakir hələ 19-cu əsrdə təxminən təsvir etmişdir. Uzun şeirdir, hamısını tapıb oxumaqda fayda var, mən bir-iki beytini bura basıram:
Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən səndə,
Hanı o qaidə, o qanunsəyaq?..
…Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdırdıq, nə də ki qışda;
Ya rəb, neyləmişdik, bu dağılmışda
Haram oldu bizə bir qarış torpaq?..
…Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edəm əhlal,
Bir parasın yazıb, eylədim irsal,
Bir şərt ilə nə diş bilsin, nə dodaq.