Загрузка...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdəki çıxışlarının birində Xocalı soyqırımından danışdı, 26 il öncəki hadisələri “dünyanın ən qanlı faciəsi” adlandırdı. “Türkiyə olaraq bu qanlı faciəni unutmadıq və əsla unutdurmayacağıq” deyən qardaş ölkənin prezidenti ardınca bildirdi ki, bu qanlı faciəni törədənlər mütləq cavab verməlidirlər.

Hər birimizi duyğulandıran, qürurlandıran mövqedir, qardaş ölkənin daim bizim yanımızda olduğunun növbəti təsdiqidir. Ancaq erməni həyasızlığı sözdən işə keçməyi tələb edir. Ermənilər hətta həyasızcasına Azərbaycanın keçmiş rəhbərliyini beynəlxalq məhkəmə ilə hədələyirlər, özləri Haaqa Tribunalında mühakimə olunmadıqca qudururlar.

Xocalı soyqırımını dünyaya tanıtmaq həm də qardaş Türkiyə üçün olduqca vacibdir. Həm də o səbəbə ki, düşmən bizi heç zaman Türkiyə türklərindən ayırmayıb, bizi TÜRK olduğumuz üçün qırıb, 100 il öncə də, 26 il əvvəl də…

Türkləri məhv etməyi qarşısına məqsəd qoyan ermənilər gecəli-gündüzlü təbliğat aparıb iddia edirlər ki, 1915-ci ildə soyqırıma məruz qalıblar. Hətta bir çox ölkələr yalan üzərində qurulmuş bu iddiaya qoşuşub, sözdə “erməni soyqırımı”nı tanıyıb, sonuncu dövlət Hollandiya oldu.

Bu mənada Xocalı soyqırımı, o cümlədən azərbaycanlılara qarşı 100 il əvvəl törədilmiş azərbaycanlıların soyqırımı ilə əlaqədar Türkiyə və Azərbaycanın koordinasiyalı fəaliyyət göstərməsi, Türk və Azərbaycan diasporunun birgə hərəkət etməsi düşmənin yalançı təbliğatını alt-üst edə bilər.

Ermənistan Türkiyəyə qarşı “soyqırım” iddiasını irəli sürməklə kifayətlənmir. Fakt budur ki, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası əksini tapıb və təəssüf ki, qardaş ölkədə çoxları bunun fərqində deyil. Hətta biriləri “Ermənistanla sərhədləri açaq, onlar da Qarabağı qaytarsın” kimi bəsit nağıllar danışır.

“Böyük Ermənistan” xülyasını reallaşdırmaq, Ermənistanın gerbində də Ağrı dağının (“Ararat” deyirlər) əks olunması faktı da ortadadır. Serj Sərkisyanın bir neçə il əvvəl erməni gənclərlə görüşərkən “Qarabağı biz aldıq, Araratı (”Ağrı”nı) sizə buraxdıq” demişdi. Türkiyəyə qarşı ərazi iddiası irəli sürən erməni prezident elə bu günlərdə utanmazcasına Ankaraya sərhədləri açmaq çağırışı etdi. Hətta bildirdi ki, Azərbaycanla bağlı hər hansı bir şərt irəli sürmədən iki ölkə arasındakı sərhəd qapıları açılmalı, münasibətlər bərpa edilməlidir. Bu, bir erməni fitnəsi, Bakı ilə Ankaranı bir-birindən ayırmaq, iki qardaşın arasını vurmaq cəhdidir.

Şübhəsiz ki, Kəlbəcərin işğalından sonra Ermənistana qapısını qapayan qardaş ölkə bu çağırışı saya salmayacaq. Elə Ərdoğanın Xocalı bəyanatı da Sərkisyanın çağırışına cavab oldu. O da bəllidir ki, Ermənistan nə Qarabağı azad edən, nə də Türkiyəyə qarşı ərazi iddialarından əl çəkən deyil. Belə olan təqdirdə ən ideal variant iki qardaş ölkənin birgə fəaliyyət göstərib yalançı “soyqırım” təbliğatı aparan Ermənistanın Xocalıda törədilən vəhşiliklərə cavab verməsinə nail olmaqdır.

Xocalıda baş verənləri dünyaya çatdırmaq üçün arxivə baş vurmağa gərək yox, elə şahidlərin dedikləri yetərlidir, video-foto faktlar öz yerində. Hansı ki, Xocalı soyqırmını Serj Sərkisyan özü də araşdırmaçı Tomas de Vaala etiraf edib. Sitat: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bəlkə də bu etiraflar Sərkisyanın ömrü boyu Azərbaycana və elə Türkiyəyə ən böyük xidmətidir. Türkiyəyə qarşı olmayan hadisələrə görə iddialar irəli sürənlər və onlara dəstək verənlər kor gözləri ilə oxusun, kar qulaqları ilə eşitsinlər: Xocalı soyqırımını Ermənistanın prezidenti də etiraf edib! “Erməniləri bezdirən” Xocalının yer üzündən silindiyini təsdiqləyib. Elə isə dünyanın Xocalı soyqırımını tanımaqdan imtinası üçün heç bir əsas ola bilməz!

Əslində Sərkisyanın bu etirafı hər yerdə iri hərflərlə yazılmalı, bütün tribunalardan deyilməli, düşmənə öz sözü ilə cavab verilməlidir. Türkiyə və Azərbaycan Tomas de Vaalın həmin “Qara Bağ” kitabını dünyanın bütün aparıcı dillərinə tərcümə edib yaymalıdır ki, dünya Xocalı soyqırımının iştirakçısı olan cani prezidenti yaxşı tanısın və onun “erməni soyqırımı”, ya da Qarabağ iddialarının əsassız olduğunu bilsin.