Загрузка...

Son günlər sosial şəbəkədə maraqlı statuslar yayılır, yazırlar ki, bir rejissor var, onun serialını tənqid edən jurnalistləri, ictimaiyyət nümayəndələrini şəxsi söhbətə, ayırdetmə proseduruna çağırır.

Bilmirəm gənc rejissorun çağırışına gedənlər olurmu, olmurmu. Hərgah gedən olsaydı, düşünürəm, bu barədə xəbərlər ya “media yenilikləri” bölümündə (“Gənc jurnalist döyüldü – şok”; “Rejissor və jurnalist əlbəyaxa oldular – ilginc səbəb”; “Reportyor rejissordan üzr istədi – ”Düz etməmişəm”) çıxardı, ya da “kriminal xəbərlər” rubrikasında: “Rejissor şou-biznes yazarını bıçaqladı – ”Ortada kişilik söhbəti vardı”; “Məşhur serialın rejissorunun amansızcasına döyülməsinin pərdəarxası”; “Serial rejissoru qəzeti yazarını niyə öldürmək istədi? – sensasion təfərrüat” və s.

Hiss olunur ki, söhbət hələ bu müstəviyə çıxmayıb. Görünür, gənc rejissor ya telefon nömrəsi qoyub, rus demişkən, “razborka”ya çağırdığı adamların cavab zənginə məhəl qoymur, ya da hər kəs, türkün sözü, tırsır, rejissorun qabağına çıxmaq istəmir.

Əslində, heç lazım da deyil. 18-ci, 19-cu əsrin duellərindən kim xeyir tapdı ki? Ara yerdə “Rusiya poeziyasının günəşi”ni – Puşkini dueldə öldürdülər, Lermontov gənc yaşında güdaza getdi və s.

Kim bilir, bəlkə bizim hirsli gənc rejissorumuz da gələcəkdə şedevr seriallar, filmlər çəkəcək, bu gənc yaşında niyə “qədeşvari razborka”ların qurbanı olsun? Gəncdir, beyni qandır, gedər davaya, çağırışa gələn də arıq jurnalist olmaz, keçmiş taekvondoçu olar, dabanını havaya qovzayıb iki zərbəylə məsələni həll edər. Ola bilər ki, bu zərbələrdən sonra gənc rejissor heç xəstəxanaya-filana düşməsin, amma elə bir sarsıdıcı zərbə alsın ki, özünü toparlaya bilməsin, əksər seriallardakı kimi amneziyaya düçar olsun.

Ümumiyyətlə, seriala görə dalaşmaq, söyüşmək havayı işdir. Hər zəif seriala görə dava düşsəydi, qardaş Türkiyənin sənət camiəsində qan su yerinə axardı. Çünki il-ildən seriallar zəifləyir, bir-birini təkrarlayır, hətta 4-5 bölümdən sonra bir çoxunun istehsalı dayandırılır. Deyirlər, “reytinq qurbanı oldu”.

Camaat da artıq seriallara kütləvi şəkildə baxmır. O “Kurtlar vadisi”ydi, “Aşki-memnu”ydu, “Möhtəşəm yüzil” idi, əksər tamaşaçılar oturub baxır, zövq alır, tarixin və müasir həyatın gerçəkliklərini öyrənirdilər. O cür uğurlu seriallardan sonra dəb oldu, indi tapançasız, “yasaq aşksız” serial çəkilmir. Hamısında bütün personajları növbəylə girov götürürlər, hamı növbəylə xəstəxanaya düşür, növbəylə göz altına alınır və s.

Artıq Türkiyə tarixində adı çıxmış hər kəs haqqında serial çəkirlər. 36 sultanın 10-15-i barədə artıq seriallar və ya serial bölümləri çəkilib, yerdə qalanları haqqında da çəkilər, əl-əlbət. Yəqin ki, İstanbulu ingilislərə satan və İngiltərə donanmasına aid gəmiylə Türkiyədən qaçan sultan Vahdətdin də qıraqda qalmaz, onu da xalqa “böyük dövlət adamı” təqdim edərlər.

Xüləs, səltənət-respublika polemikasına çox girməyək, öz seriallarımızdan bəhs edək.

Baxanlar deyir ki, 5-6 il əvvəllə müqayisədə bu sahədə pis-yaxşı tərpəniş var. Əlbəttə, heç olmamasındansa, zəif də olsa, nəsə olması yaxşıdır. Hərçənd fərqli fikirdə olanlar da deyir ki, belə əttökən seriallardansa, heç olmaması daha yaxşıdır. Guya ki, götürülmüş mövzu zəif və trivialdır, aktyor oyunu bərbaddır, rejissor işi sıfırdır, dialoqlar əcaibdir və s.

Göründüyü kimi, mübahisəli mövzudur. Adamın vaxtı, həvəsi ola, hövsələsi çata, əti tökülməyə, oturub özü baxa, qiymət verə. Yoxsa hansısa serial barədə ağızdan-ağıza eşitməklə ortaya normal tənqidi yazı qoymaq olmaz.

Üstəlik, belə edəndə adamı “razborka”ya çağrırlar, deyirlər, bomba oğlansan, gəl filan daldabasar yerə, yazdığın tənqidə görə cavab ver. Adamlar da məcbur olurlar duelə çağırana cavab yazsınlar ki, gəlməyən peysərdir, elədir, belədir.

Görürsünüzmü, necə də yüksək səviyyəli intellektual polemika gedir. Belə ortamda, əlbəttə ki, serial sektoru əvvəl-axər inkişaf edəcək. Sadəcə, ona qədər neçə rejissorun, jurnalistin, facebook fəalının ağzı-burnu dağılacaq, neçəsi kəsici-deşici alətlərlə yaralanacaq, bilinmir.

“İncəsənət qurban tələb edir” kəlamını kim demişdi? Həmin söhbət yetişib, kiminsə ağzı cırılacaq.