Gürcüstanda 2004-cü ildə “Qızılgül” inqilabı olanda, Mixail Saakaşvili hakimiyyətə gələndə qarşıya qoyulan ilk məqsədlərdən biri səhiyyədə köklü islahatlar idi. 2013-cü ildə, cəmi 9 ilə yaxın müddətdə qonşu respublika bu islahata nail oldu, artıq orada tibbi sığorta sistemi yaranıbdır. Özü də Saakaşvili hökuməti, obrazlı desək, “Amerika kəşf elədi”. Yəni tibbi sığorta sistemində ABŞ təcrübəsindən xeyli yararlandılar.
Hazırda Gürcüstan səhiyyə sisteminin mahiyyətini qısaca belə açıqlamaq olar: müəyyən sahədə dövlət səhiyyəsi, əsasən isə tibbi sığorta. Bütün səhiyyə özəlləşmişdir. Ayda maaşından 10-20 dollara yaxın sığorta haqqı ödəyən gürcülərin ildə 15 min lari, bizim pulla 10 min manata yaxın dəyərdə tibbi əməliyyatlardan pulsuz yararlanmaq imkanı var. Stomatoloji xidmətlərdə ciddi güzəştlər, 5 yaşa qədər uşaqlara, tələbələrə, imkansız pensiyaçılara və əlillərə tam pulsuz, dövlət hesabına tibbi xidmət, özəl və dövlət tibbi sığorta şirkətləri, yüksək səviyyədə təcili yardım, psixiatrik və onkoloji xəstəliklərin, VİÇ, diabet, vərəmin dövlət hesabına müalicəsi və sairə – bunlar Gürcüstan səhiyyəsinin ötəri mənzərəsidir. Nəticədə qonşu Azərbaycan və Ermənistandan da adamlar müalicə üçün Gürcüstana qaçırlar. Bu gün gürcü həkimlərin orta maaşı 1000-1500 dollar arasında dəyişir. Səhiyyə sistemində korrupsiyanın izi-tozu qalmayıbdır. Nəticədə Gürcüstanda uşaq ölümü 75 faiz, ana ölümü 2 dəfə azalıb, orta ömür 3 il uzanıb. Cəmi 10 illik islahatın yekunudur.
Bunları niyə yazıram? Fikrim heç də 200-300 manatlıq maaşla xəstələrin və hökumətin əlinə baxmağa məcbur həkimlərimizə acıq vermək deyil. Sadəcə, iki gün qabaq xəbər lentində səhiyyəmizdə islahatlara aid bir fərman gördüm. Diqqətimi çəkdi.
Fərmanda deyilirdi ki, indiyə qədər Mingəçevir və Yevlaxda həyata keçirilən tibbi sığorta üzrə pilot layihə indi Ağdaş rayonunda da olacaqdır. Qısa yazsaq, pilot layihədəki iki rayona üçüncüsü də əlavə olunur. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən üst-üstə 19 milyon manata yaxın əlavə vəsait ayrılacaqdır.
İndi gəlin, hesablama aparaq. Əgər Mingəçevir və Yevlaxda başlayan tibbi islahat iki il ərzində (fərmandan belə çıxırdı – Yevlax və Mingəçevirdə tibbi sığorta islahatı 2016-cı ildən başlayıbmış) Ağdaşa qədər gəlib çatıbsa, neçə ilə Bakıya da çatacaqdır? Bunun üçün Azərbaycanın rayonlar xəritəsinə baxmalıyıq. Demək, növbədə Ucardır. 2020-ci ildə pilot layihə Ucara çatacaqdır. Əgər Ziya müəllim doğma rayonunda nəsə əlləm-qəlləm törətməsə, islahat ordan Kürdəmirə sıçrayacaqdır. 2022-ci ildə. İslahat “u” dönüşü edib Sabirabada girməsə, birbaşa Hacıqabula keçsə, ordan Ələt-Bakı yoluyla şütüsə güman edə bilərik ki, ən aşağısı 2026-cı ildə Bakının Qaradağ rayonunda tibbi sığorta üzrə pilot layihəyə keçid imkanı yaranacaqdır. Urrra! Təbrik edirəm. O vaxtacan da, necə deyərlər, ya eşşək ölər, ya da…
Burada mənasız bir xatırlatma da edim ki, bizdə tibbi sığorta haqda qanun hələ qədim zamanlarda – 1999-cu ildə qəbul olunubdur. 19 il qabaq. Di gəl, işə salmaq mümkün deyildir. Gürcülərdə alınır, bizdə yox. Sizcə niyə? Çünki azərbaycanlıların normal sağlamlıq xidmətinə əlinin çatması sərfəli deyil. O cümlədən, həkimlərin normal maaş alması. Axı o zaman azərbaycanlılar qudurarlar! Cızıqdan çıxarlar. Başqa hüquqlar da istəyərlər. Hələ bu həkimləri-zadı yaltaqlıq mərasimlərinə, seçkilərdə bülleten və protokol imaləsi proseslərinə basmaq da var. Bunlar əldən çıxar. Qoy elə bu cür, bir-birinin əlinə, ağzına baxa-baxa zülm çəksinlər.
Tam təsadüfən, dünən bu yazını cızmaqara edərkən 90-cı illərdə yazdığım bir yazı qarşıma çıxdı. Səhiyyə naziri Əli İnsanov olan vaxtlardır. Bir həkimi qanunsuz işdən çıxarıblar. Xəstəxananın baş həkimi Ceyranov bunu inkar edir, İnsanovun tərəfini tutur.
Təsəvvür edin. İnsanov burada türmədə, Ceyranov isə Gürcüstanda türmədə, araba da həmin palçıqda…