1991-ci ilin bu vaxtlarıydı. Qarabağda müharibə hələ o dərəcədə şiddətlənməmişdi.
Bu sətirlərin müəllifi yaşadığı Füzulidən ermənilərin məskunlaşdığı Xocavənddən (Martuni) və Ağdamdan keçərək Mingəçevirə gedirdi. Martuni qəsəbəsinin içindən keçərkən ermənilərin avtobusumuza düşməncəsinə baxdığını, bizi daşa basmağa və bəlkə də gülləbaran etməyə hazır olduğunu gördük. Üzlərindən nifrət tökülürdü və hamısı gözünü zilləyib avtobusumuza baxırdı.
Yol yoldaşlarımızdan biri dedi ki, bunlar bir zibil qaynadacaqlar, xeyir-asanlığı ilə buradan keçək, qayıdanda Ağcabədi-Beyləqan yoluyla qayıdarıq.
Mingəçevirdən qayıdarkən Yevlax tərəflərdə sərnişini olduğumuz avtobusda yox yerdən bir mübahisə başladı. 27-28 yaşlı bir gənc öz yol yoldaşı söhbət edərkən, arxa cərgədə oturanların eşidəcəyi səslə şuşalılara qarşı bir söz dedi. Bəxtindən onun sağ tərəfindəki 35-37 yaşlı kişi şuşalı çıxdı və ona irad bildirdi. Onların mübahisəsi qızışdı. Arxa cərgədə Ağdam-Şuşa savaşı başlandı. Söhbətin əlbəyaxa davaya çevriləcəyini görən ortayaşlı bir müəllim və mən tərəfləri sakitləşdirməyə çalışdıq. Mən dedim ki, qardaşlar, bir rayonda yaşayanların hamısı mərd, əliaçıq, kişi adam, ondan 25 kilometr o tərəfdəki şəhərdə yaşayanlar xəsis, namərd, dələduz ola bilməz. Hamımız bir millətiksə, rayonun dəxli yoxdur, demək, eyni cür adamlarıq. Müəllim də dedi ki, hər rayonun yaxşısı-pisi, mərdi-namərdi, oğrusu-doğrusu var, ona görə də heç vaxt heç yerdə rayon söhbəti eləməyin.
Dalaşanlar sakitləşdilər. Hiss olunurdu ki, hərəsi öz fikrində qalır, amma ta avtobusu saxlatdırıb əlbəyaxa tutaşmaq fikrində deyillər. Müəllim mübahisəyə yekun olaraq dedi ki, bax, hələ bilmək olmaz, ümumi düşmənimiz olan erməni bizi Ağdamdan Füzuliyə və Şuşaya buraxacaq, ya yox.
Ağdama çatanda məlum oldu ki, müəllim haqlıdır, yol bağlanıb, Ağdam-Füzuli və Ağdam-Şuşa arası kəsilib. Həmin gündən etibarən heç kəs Ağdamdan keçərək, Şuşaya və Füzuliyə (və əksinə) gedə bilmədi.
Bu əhvalat yadıma dünən ona görə düşdü ki, şəxsiyyətinə və imzasına hörmət etdiyimiz şairlərdən olan Qəşəm Nəcəfzadə yazdığı bir statusda rayon söhbəti edib və bu, bir çox insanlara toxunub.
Qəşəm müəllimin əhvalatı belədir. O, hin tikdirmək üçün mişar daşı almaq istəyib, bazarda danışıb, alıb, maşını həyətinə sürdürəndə görüb ki, daşı-daş üstünə qoydurmayan hökumət adamları artıq qapısını kəsdirib. Şair maraqlanlb ki, onu kim satıb. Hökumət adamları satanın daş maşınının sürücüsü olduğunu deyiblər. O da şairə baxa-baxa irişirmiş.
Göründüyü kimi, adi həyat əhvalatıdır. Amma məsələni qəlizləşdirən məqam Qəşəm müəllimin o namərd adamın, üç-beş manata görə satqınlıq edən, dişi mırıq, əyni-başı cındır gündə olan yaramazın əslən Füzulidən olmasını vurğulamasıdır. Bunun üstündən keçmək olardımı? Olardı.
Bundan daha ötəsi, bu statusu oxuyan biri də bu fakta istinad edərək bütün füzuliləri aşağılayan şərh yazıb, elə çıxıb ki, bütün füzulilər o sürücü kimi dişi mırıq, namərd və əyni-başı tökülmüş biriləridir. Bu, təbii ki, insanların heysiyyətinə toxunub, onlar da etiraz olaraq bir şeylər yazıblar.
Daha pisi odur ki, Qəşəm müəllim daha sonra bir xeyli izahat yazaraq, bu statusu yazarkən Füzuli camaatına qarşı pis niyyətdə olmadığını qeyd edib, amma həmin o “rayon faşizmi”nə dəlalət edən şərhi silməyib. Bu isə ortalığı qarışdırıb və fərqli yozumlara səbəb olub.
Əlinə qələm götürən, barmaqlarını klaviatura düymələrinə toxunduran hər kəs bilməlidir ki, bir ölkə, bir millət, bir rayon, bir qəsəbə, bir məhəllə, hətta bir nəsil-ailə haqqında heç vaxt ümumi danışmaq, “onların hamısı dələduzdur”, “hamısı fahişədir”, “hamısı nanəcibdir”, “hamısı yerlibazdır”, “hamısı kütbeyindir”, “hamısı nəşəxordur” kimi hökmlər vermək, dolayısı ilə bu kimi qənaətlərin yaranacağına səbəb olacaq ifadələr işlətmək yolverilməzdir, yanlışdır. Çünki, bu, gerçəkdən də absurd iddialardır. Yox, bir rayonun camaatının hamısı kişidir (mərddir), qonşu rayondakılar isə nakişidir (namərddir)… Belə şey ola bilməz. Bunu iddia edən adamlar polemika aparılmağa layiq deyillər. Onlar dərhal iqnor edilməlidirlər.
Təəssüf ki, bu kimi hallara çox rast gəlirik. Cəmiyyətin ən aşağı və ən üst qatlarında belə hansısa rayon haqqında ümumi danışmaqdan vaz keçməyən insanlar var. “Biz erməniyə bir qarış torpaq vermədik, amma onlar rayonlarını qoydular, qaçdılar” deyən məşhur adamlar da olub, indi də var.
Əgər bir millətin şairi, yazıçısı, jurnalisti, məmuru, sənətkarı bu cür düşünürsə, məhəllə, rayon söhbətini çəkinmədən dilə gətirirsə, o zaman o, daha vətən, millət söhbəti edə bilməz.
Bu cür düşünən insanların məmləkətində Ağdamdan Şuşaya və ya Füzuliyə birbaşa gedə bilməzsən, mütləq dolanıb gedəcəksən, o da gedə bilsən, o da gedəcəyin yer özündədirsə…
Millətin fərdlərini inzibai-ərazi vahidi üzrə qiymətləndirmək absurddur.